Siyasət

ERMƏNİSTANDA SİLSİLƏ ETİRAZ AKSİYALARINA START VERİLİB

08-01-2011 | 13:10        

  

Ermənistanda hərbi hissələrin birində silahlı insident baş verib. Ölkədə yaşanan gərginlikdən narahat olan vətəndaşlar isə növbəti dəfə irimiqyaslı aksiya keçiriblər. Paytaxt İrəvanda təşkil olunan nümayişdə silsilə etiraz aksiyalarına start verildiyi bəyan edilib. Ermənistan paytaxt İrəvanın Matenadaran meydanı yaxınlığında etiraz aksiyası keçirilib. Xalq partiyasının təşkil etdiyi aksiyada “ALM” teleşirkətinin bağlanmasına və ölkədə hökm sürən siyasi-iqtisadi gərginliyə kəskin etiraz edilib. Aksiya iştirakçıları “Azadlıq”, “Ədalətsizliyə - yox”, “Diktaturaya- yox”, “Xalqı sıxışdırmayın”, “Prezident xalqın səsini boğa bilməz” kimi şüarlar səsləndiriblər. Nümayişdə paytaxt sakinləri ilə yanaşı, bölgələrdən də çox sayda insan iştirak edib. Aksiyada müxalifətin hakim rejimlə apardığı mübarizənin mütləq qələbə ilə nəticələnəcəyinə əminlik bildirilib. Etiraz edənlər vurğulayıblar ki, hakim rejim öz xalqına qarşı çıxır. Nümayişdə Ermənistanda inhisarçılıq, qiymətlərin kəskin artımı, həll olunmayan sosial məsələlərə də etiraz bildirilib, xalqı qarət edənlərlə mübarizənin daha kəskin forma alacağı vurğulanıb. Aksiyada növbəti irimiqyaslı nümayişin yanvarın 19-a keçiriləcəyi bildirilib. Yanvarın 19-na qədər isə Ermənistanın bölgələrində silsilə etiraz aksiyalar təşkil olunacaq. Bu arada Ermənistanda hərbi hissələrin birində qarşıdurma olub. İnsidenti Ermənistanın müdafiə nazirliyi də təsdiqləyib. Qarşıdurma hərbi hissənin komandiri Sergey Karapetyan və bir neçə mülki şəxs arasında olub. Belə ki, Tavuş vilayətinin Qetaovit kəndinin bir neçə sakini hərbi hissədəki qohumlarına baş çəkməyə gəlib. Lakin burada komandirlə mübahisə olub. Hərbçi mülki şəxslərə atəş açıb. Bir neçə nəfər yaralanıb. Hadisə ilə bağlı cinayət işi qaldırılıb.