Analitika

Beynəlxalq tədbirlərə evsahibliyi Azərbaycana nələr qazandırır?

23-06-2016 | 12:24        

  

Azərbaycan olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara-bir sözlə, nüfuzlu tədbirlərə evsahibliyi edir. Bu miqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi təsadüfi deyil, bu, əlbəttə, Azərbaycanın qazandığı mövqeyin, ölkəmizin beynəlxalq çəkisinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında qazandığı reputasiyanın ifadəsidir. Eyni zamanda,belə tədbirlər ölkəmiz, dövlətimiz üçün müəyyən dividendlər gətirir. Bu mənada,həm siyasi, həm də iqtisadi qazancdan danışmaq olar.

Mövzunu millət vəkilləri Elman Nəsirov, Muxtar Babayev və Tahir Mirkişili ilə müzakirə etmişik. Millət vəkilləri ölkəmizdə keçirilən beynəlxalq yarışların, beynəlxalq tədbirlərin ölkəmiz üçün əhəmiyyətini aztv.az üçün şərh ediblər.   

Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov:

- Məlum olduğu kimi, Azərbaycan inkişafın bütün istiqamətləri üzrə öz modelini ortaya qoymaqdadır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, bu gün Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil, lakin sözümüzün çəkisi böyükdür. Sözün həqiqi mənasında,ölkəmizin çəkisini, rolunu dünya siyasətində hər bir dövlət görür, qiymətləndirir, ölkəmizi dünya siyasətində etibarlı tərəfdaş kimi dəyərləndirirlər. Təsadüfi deyil ki, Azrbaycan 2012-2013-cü illərdə BMT Təhülkəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, iki dəfə bu nəhəng təşkilata sədrlik etdi. Azərbaycan dünyada baş verən proseslərə təsir etmək gücündədir və çoxdan regional səviyyəni aşıb.

Cənab Prezidentin əsas məqsədi odur ki, Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olsun. Bunun üçün isə potensialımız var, ən böyük gücümüz isə ondadır ki, ölkəmizdə ictimai-siyasi sabitlik var və dinamik inkişaf tempi qorunub-saxlanmaqdadır. Bütün bunlar dünya üçün Azərbaycanı cəlbedici edir. Odur ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər heç də təsadüfi deyil.

2012-ci ildə Evrovision musiqi yarışmasına, 2015-ci ildə Birinci Avropa Oyunlarına, indi isə “Formula-1” yarışlarına evsahibliyi etdi. Hər üç yarış Avropa ilə bağlıdır. Azərbaycan müsəlman ölkəsidir, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, eyni zamandaçAvropa ölkəsidir, Avropa Şurasının üzvüdür. Biz iki sivilizasiya arasında körpüyük, eyni zamanda,deməliyəm ki, bir müsəlman ölkəsinin Avropa ölkəsi kimi ön plana çıxması müasir dünyamız üçün unikal hadisələrdən biridir.

“Formula-1” yarışları bir daha göstərdi ki, Azərbaycan sürətlə inkişaf etməkdədir. Tədbirin təşkilatçıları olan tərəfdaşlarımız da qeyd etdilər ki, onlar belə tədbirlərin keçirilməsi üçün ölkəni seçərkən,ilk növbədə,sabitliyin, təhlükəsizliyin təmin olunduğu, inkişaf gedən ölkələrə etimad göstərirlər. Bu yarışlarla dünya Azərbaycanı kəşf etməyə davam etdi. Təxminən 500 milyondn artıq insan bu yarışı izlədi. Və beləliklə də,paytaxtımızı, onun inkişaf səviyyəsini gördü, tariximizlə tanış oldu, ən başlıcası isə, bizim ən böyük sərvətimiz olan insanlarımızı gördü, mehriban, xoşsimalı, qonaqpərvər insanlarımızı gördü.

Azərbaycan Prezidenti Dünya Azərbaycanlılarının IV Qurultayında qarşıya məqsəd qoydu ki, biz çalışıb beynəlxalq media qurumlarına çıxmalıyıq, Azərbaycan həqiqətlərini dünya mətbuatında yaymalıyıq. Qoy dünya Azərbaycan gerçəkliklərini görsün. Hesab edirəm ki, “Formula-1”növbəti dəfə bu baxımdan çox unikal imkan yaratdı. Dünyanın nəhəng telekommunikasiya koorporasiyaları, mətbuat nümayəndələri, çap və elektron media təmsilçiləri Bakı və Azərbaycanımız haqqında çoxsaylı məlumatları dünyaya yaydılar.

Təbii ki, hər bir turist getdiyi ölkə haqqında informasiyalar toplamaqda maraqlı olur. Bu yarışlarla, tədbirlərlə biz bax bu cür informasiyaların yayılmasına nail oluruq. Bu yarış zamanı təxminən 15 minə yaxın turist ordusu Azərbaycana gəldi. 5 il ərzində bu yarış bizim ölkədə keçiriləcəkdir. Hesablamalar görə, növbəti illərdə bundan 4-7 dəfə çox turistin ölkəmizə gəlməsi gözlənilir.

Deməliyik ki, bu, həm də Qarabağ həqiqətlərinin dünyaya çatdırılması baxımından əla imkandır. Ölkəmizin əleyhdarları haqqımızda təhrif olunmuş, xoşagəlməz məlumatları yayırdılar. Ancaq qonaqlar, turistlər bir daha gördü ki, Azərbaycan sürətlə inkişaf edən, demokratik azadlıqların qorunduğu, islahatlar gedən bir dövlətdir. Deyir,yüz eşitməkdənsə, bir görmək yaxşıdır, turistlər də gəldilər və ölkəmizi,onun inkişafını, bütün gözəlliklərini öz gözləri ilə gördülər.

Millət vəkili Muxtar Babayev:

- Son illər böyük inkişaf yolu keçən Azərbaycan bir çox sahələrdə mühüm uğurlara imza atmışdır. Bu fakt da, təbii ki, dünya ictimaiyyətinin diqqətindən kənarda qalmamışdır. Unutmaq olmaz ki, beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən bu məqama mütləq fikir verirlər. Azərbaycan bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında aparıcı yerlərdən birini tutur. Məhz elə bu səbəbdəndir ki, son illərdə Azərbaycanda beynəlxalq təşkilatların yüzlərlə siyasi, iqtisadi və idman tədbirləri keçirilmişdir. Bu tədbirlərin  Azərbaycanda keçirilməsi, bütün sahələrdə ölkəmizə böyük nüfuz qazandırıb.

Dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycanın beynəlxalq yarışlara evsahibliyi etməsində  iqtisadi nailiyyətlərimiz də əsas rol oynamışdır. Bu gün Azərbaycan artıq dünyada yüksək templərlə inkişaf edən bir ölkəyə çevrilib. Azərbaycanda idman və Olimpiya hərəkatının inkişafında da böyük canlanma var. Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Bütün bunlar Azərbaycanda həyata keçirilən idman siyasəti, həmçinin idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir.

Artıq Azərbaycanda keçirilən Avropa, Dünya çempionatları silsilə xarakteri daşıyır. 2010-cu ildən bu yana müxtəlif  beynəlxalq turnirlərin - bədii gimnastika, qılıncoynatma, taekvondo, güləş, boks, karate, avarçəkmə, FİFA U-17 Qadınlararası Dünya çempionatı,  “Baku World Challenge” avtomobil yarışı və Olimpiya növlərinə daxil olan digər beynəlxalq idman tədbiri, o cümlədən Dünya və Avropa çempionatlarının təşkili ölkəmizə böyük imic qazandırmışdır. 2015-ci ildə dünyanın diqqəti növbəti dəfə Azərbaycana yönəlmişdi. Ölkəmiz tarixdə ilk dəfə təşkil olunan “Bakı-2015” Avropa Oyunlarını layiqincə təşkil etməklə tək özünün deyil, qitənin idman tarixinə möhürünü vurdu. Avropa Oyunlarına evsahibliyi etmək missiyasının Bakıya həvalə edilməsinə böyük etimad, təbii ki,  Azərbaycana olan inamdan doğmuşdur. Bu yarışlar həm də ölkəmizdə idmanın inkişafda olduğunu, Olimpiya hərəkatının geniş vüsət aldığını bütün dünyaya nümayiş etdirdi.

Bu günlərdə keçirilən "Formula-1" yarışları isə dünyanın 190 ölkəsində 500 milyondan artıq azarkeş tərəfindən izlənilmişdir. Bu da paytaxtımız haqqında kifayət qədər məlumatı dünya ictimaiyyətinə çatdırmaq deməkdir. "Formula-1" iştirakçıları və qonaqlar bir daha Azərbaycandakı fərqli milli-dini mənsubiyyəti olan icmaların, müxtəlif millətlərin nümayəndələrinin qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə yaşadığının şahidi olmuş, Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti, multikultural mühiti ilə yaxından tanış olmuşlar. "Formula-1" bu günə qədər keçirilən yarışların ən gözəl nümunəsi olmaqla, Azərbaycanın nəyə qadir olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi.

Bu, hələ son deyil. Paytaxtımız növbəti beş ildə də bir çox böyük idman bayramlarının təşkilatçısı olacaq. Azərbaycan 2016-cı ildə Dünya Şahmat Olimpiadasını və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını keçirəcək.  UEFA İcraiyyə Komitəsinin qərarı ilə Bakının 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi 13 şəhər arasına düşməsi son dərəcə sevindirici hadisədir. 

Biz burada əsas etibarilə Bakıda keçirilən beynəlxalqmiqyaslı, dünya əhəmiyyətli idman yarışlarından söhbət açdıq. Amma unutmaq olmaz ki, Bakı həm də digər mötəbər tədbirlərə - zirvə toplantılarına, elmi konfranslara, idman, musiqi yarışlarına, teatr, kino festivallarına evsahibliyi edir. NATO Parlament Assambleyasının seminarı, ATƏT Parlament Assambleyasının illik sessiyası, IV Bakı Beynəlxalq Humanitar, Gənclər siyasəti üzrə I Qlobal forumu, Caz Festivalı, “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” mövzusunda keçirilən Üçüncü Bakı Beynəlxalq Teatr Konfransı, "Eurovision-2012" musiqi yarışması, “Bakı Elm Festivalı-2014”, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, Dünya Azərbaycanlılarının Qurultayları kimi mühüm əhəmiyyət kəsb edən tədbirləri misal çəkmək olar.

Nəticə etibarilə demək istəyirəm ki, Azərbaycanda son illər keçirilən beynəlxalq tədbirlər ölkəmiz haqqında formalaşan təəssüratları dəyişir, respublikamızın imicinə müsbət təsir göstərir. Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik, əmin-amanlıq məkanıdır. Respublikamızda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor isə hakimiyyətin həyata keçirdiyi siyasi kursun ümummilli maraq və mənafeyə tam cavab verməsidir. Bütün bunlar isə Azərbaycanı yüksək sürətlə inkişaf edən ölkəyə çevirməklə yanaşı, mövcud ictimai-siyasi sabitliyin əsaslarının daha da möhkəmlənməsini şərtləndirən əhəmiyyətli faktor qismində çıxış edir.

Millət vəkili, iqtisad elmləri namizədi Tahir Mirkişili:

- Benəlxalq tədbirlərin keçirilməsi mürəkkəb bir mexanizmə malikdir. Təşkilatçılıq, təhlükəsizlik, iqtisadi və kommunkasiya imkanları hər zaman həlledici rola malikdir. Bir çox ölkələrə beynəlxalq tədbirlərə evsahibliyi etmək üçün rəqabət aparırlar,yarış və tədbirlərin ev sahibləri 5-10 il sonra üçün belə müəyyən olunur.

Bu baxımdan beynəlxalq yarış və tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Azərbaycanın dünyada etibarlı tərəfdaş, dünyəvi ölkə, güclü iqtisadiyyata, sabit və təhlükəsizliyə malik olması belə tədbirlərə evsahibliyi etməsi imkanlarını artırır və bir çox hallarda digər ölkələrlə rəqabətdə üstünlüyə sahib olur.

Eyni zamanda, belə tədbirlərin keçirilməsi Azərbaycana həm iqtisadi, həm də strateji baxımdan böyük fayda gətirir. Etibarlı tərəfdaş kimi tanınması ölkəyə investisiyaların axmasına,əməkdaşlığa açıq olması ölkəyə yeni texnologiyaların gəlməsinə səbəb olur. Bunlarla bərabər bu tədbirlər Azərbaycan həqiqətlərinin, Azərbaycanın ədalətli mövqeyinin dünyaya yayılmasına böyük təkan verir.

Gənclərin bu tədbirlərdə könüllülər formasında aktiv iştirakı onlar üçün də böyük təcrübə olur. Daha peşəkarlaşan gənclər isə Azərbaycanın gələcəyi üçün əvəzedilməz işgüzarlıq vərdişləri qazanırlar.

Məsələn, bu günlərdə Azərbaycanda ilk dəfə olaraq “Formula-1” yarışları keçirildi. Yüksək səviyyədə keçən  yarışlar hər zaman dünya ictimaiyyətinin diqqətində olur.  “Formula-1” yarışları dünyanın ən çox izlənilən və ən prestijli ,idman yarışları sırasındadır. Hər yarışı təqribən 420 milyon televiziya tamaşaçısı izləyir. Bakıda keçirilən yarış həm də yolun uzunluğuna, sürət imkanlarına və ən əsası da şəhər içində keçirilməsinə görə fərqləndi. Əslində,yarış iştirakçılarının dediyinə görə,Bakı yolu digər bir neçə yolun qarışığından yaranan özünəməxsus yoldur.

Artıq bütün idman yarışlarının həm də iqtisadi və siyasi tərəfləri mövcuddur. Bu müasir dünyanın reallığıdır. İqtisadi hesablamalar həmişə maraq kəsb edib. “Formula-1” yarışlarının iqtisadi faydası spesifik iqtisadi hesablamalar ilə aparılır. Beynəlxalq iqtisadi təhlil mərkəzləri də hər yarışdan sonra bununla bağlı xüsusi hesabatlar da hazırlayırlar.

Adətən,dünyanın bütün ölkələri “Formula-1” yarışlarını,əsasən,ölkənin, şəhərin tanıdılması, turistlərin cəlb olunması və dolayısı ilə iqtisadiyyatın qazanması məqsədilə təşkil edirlər. Və hər bir ölkə bunun üçün büdcə vəsaitlərindən istifadə edir.

Ölkəmizdə keçirilən sonuncu tədbir, “Formula-1” yarışı ilə bağlı bir sıra rəqəmlərə diqqət yetirək.

Yarışların sponsorlarının (yollarda, avtomobillərin üzərində, pilotların geyimlərində olan markalar) 3 gün ərzində reklam kontaktlarının dəyəri orta hesabla 70 milyon dollar miqyasında qiymətləndirilir. Bu,o demək ki, 420 milyon insan televiziya ekranlarında yarışlar zamanı neçə dəfə o markaları görürsə, o saya çatmaq üçün televiziya reklamlarının adi agent qiymətləri 70 milyon dollar dəyərindədir. Sponsorlar içində ən çox reklam kontaktı Red Bull markasına aiddir, bu kontaktların dəyəri 22-27 milyon dollar miqyasında qiymətləndirilir. Nəzərə alsaq ki, bütün yarış boyu 420 milyon insan “Baku” sözünü, şəhərin bütün mənzərəsini bir marka kimi görürdü və bu görüntü sponsor görüntülərindən bir neçə dəfə daha intensiv idi, bu,o deməkdir ki, Bakı şəhərinin və Azərbaycanın turizm məqsədilə reklamı üçün eyni intensivlik və göstərmə sayının dəyəri ən azı 60 milyon dollardan çoxdur.

Əlavə olaraq təqribi hesablamalara görə,Bakıya 10 mindən artıq turistin gəlməsi gözlənilirdi. Yarışlardan sonra Bakı otellərindən verilən bilgilərə görə bütün otellərin otaqları demək olar ki, tam sifariş olunmuşdu. Orta hesabla bir turistin 3 gün ərzində bütün xərci 1000 dollar ətrafında qiymətləndirilir. Bu isə əlavə olaraq 10 milyon dollar ölkəyə gəlirin gəlməsi deməkdir.

Bunlar birbaşa iqtisadi mənfəət sayılır. Amma birbaşa iqtisadi mənfəətdən başqa dolayısı iqtisadi mənfəət də mövcuddur. Məsələn, xarici investisiyaların cəlb olunması. Xarici investorların investisiya qərarları həmişə bir neçə göstəricinin məcmusu əsasında reallaşır. Bunlar - ölkə nə dərəcədə təhlükəsizdir, beynəlxalq arenada nə dərəcədə tanınır, müasir meyllər bu ölkədə necə təmsil olunur, kontingent necədir, hökumət etibarlı tərəfdaşdırmı və s. göstəricilərdir. Belə mötəbər yarışların keçirilməsi bu sadaladığım göstəricilərin təmin olunmasını bütün dünyaya nümayiş etdirir. Bu isə xarici investisiyaların daha intensiv cəlb olunması, onların özləri ilə bərabər müasir texnologiyaları gətirməsi və bütün bunların nəticəsi kimi iqtisadiyyatın inkişaf edərək əhalinin sosial rifahının yaxşılaşması ilə nəticələnir.