Analitika

“Formula-1”in Bakı mərhələsi dünya mediasının diqqətində

16-06-2016 | 08:21        

  

Paytaxtımız Bakı daha bir böyük tədbirə, yarışa evsahibliyinə hazırlaşır. İyunun 17-i Bakı sürət, adrenalin və həyəcan yarışı olan “Formula-1” üzrə dünya çempionatının 8-ci mərhələsini - Avropa Qran-prisini qəbul edəcək.

Dünyanın ən güclü pilotlarının mübarizə aparacağı yarış 187 ölkədə canlı yayımlanacaq. Artıq bir müddətdir ki, dünyanın aparıcı KİV-ləri Bakı Qran-prisi ilə bağlı materiallar dərc edir, eyni zamanda ölkəmiz və onun paytaxtı barədə oxucularını məlumatlandırır.

Yazılarda yarışa hazırlıq yüksək qiymətləndirilir, Bakıda sürət həvəskarları üçün maraqlı anların yaşanacağı vurğulanır.

“Bir neçə gündən sonra avtomobil idmanı “Formula-1”in fanatları Bakıda olacaqlar. Bu yarış ilk dəfədir Azərbaycanda keçirilir. Bakıda bolidlər avtodromda deyil, məhz şəhərin küçələrində yarışacaq”.

Bu fikirlər Rusiyanın “Kommersant” qəzetində yerləşdirilən məqalədə əksini tapıb. Müəllif bildirir ki, “Formula-1”in rəsmi saytında bu il yarışın mərhələlərinin keçiriləcəyi bütün ölkələr sadalanıb və Azərbaycan mərhələsi Avropa Qran-prisi adlandırılıb. Bu isə o deməkdir ki, Bakı Avropanın paytaxtı olacaq. Olimpiada və “Formula-1” səviyyəli mötəbər idman yarışları üçün yaxşı infrastruktur tələb olunur. Azərbaycanda isə lazımi infrastruktur var. Bakı səyahət üçün yeni istiqamətdir. Burada Avropa mədəniyyəti ilə Qafqaz ənənələri vəhdət təşkil edir. Bakının rəmzinə çevrilən Alov qüllələri, Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi turistlər üçün maraqlı məkanlardır.

Fransanın idman sahəsi üzrə ixtisaslaşan “Nextgen-Auto” saytında isə qeyd olunub ki, Kanada Qran-prisindən sonra komandalar paytaxt Bakıda ilk dəfə keçiriləcək Avropa Qran-prisində iştirak üçün birbaşa Azərbaycana yollanacaq. Yazıda Beynəlxalq Avtomobil Federasiyasının yarışlar üzrə direktoru Çarli Vaytinqin son tanışlıq məqsədilə Bakıya səfərindən də danışılır. Onun görülən işlərə heyran qaldığı, bütün qurğuların keyfiyyətli olduğu, Bakı şəhər halqasının digərlərindən seçildiyini vurğulaması diqqətə çatdırılır.

İspaniyanın “LAF1” xəbər saytı da Çarli Vaytinqin fikirlərinə istinadən yazır ki, Bakı şəhər halqası inanılmaz trekdir. Yaradılan infrastruktur Avropa Qran-prisinin yeni mərhələsini qəbul etməyə hazırdır.

Yazılarda nüfuzlu şəxslərin Azərbaycanda keçiriləcək yarışdan gözləntilərinin daha da artdığı xüsusi vurğulanıb.

***

Bu mötəbər yarışı işıqlandırmaq üçün 160-dək jurnalist qeydiyyatdan keçib.

Yarışın akkreditasiya qaydaları barədə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib. N.Arpadarai qeyd edib ki, əməliyyat şirkəti tərəfindən qeydiyyatdan keçən jurnalistlər üçün seminarlar təşkil olunacaq. Yarışdan əvvəl həmin jurnalistlərin biliklərini təkmilləşdirmək məqsədilə kurslar keçiriləcək. Yarış günlərində isə media nümayəndələrinə Qran-prini işıqlandırmaq üçün hər cür şərait yaradılacaq.

“Ümidvarıq ki, jurnalistlərin fəal iştirakı, materialların dolğun və operativ çatdırılması yarışın həyəcanını və özünəməxsusluğunu, Bakının cazibədar şəhər atmosferini, habelə paytaxtın zəngin tarixini dünyanın müxtəlif ölkələrindən olan tamaşaçılara ətraflı təqdim etməyə imkan verəcək. Media təmsilçilərinin işinin öhdəsindən layiqincə gəlməsi həm də Azərbaycana turist axınının əhəmiyyətli dərəcədə artmasına təsir göstərəcək”, - deyə N.Arpadarai qeyd edib.

Əlbəttə, bu cür mötəbər beynəlxalq yarışların ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada daha çox tanınmasına, ölkəmizin turizm potensialının dünya ictimaiyyətinə təqdim olunmasına, ölkəmizdəki biznes imkanları barədə informasiyaların potensial investorlara çatmasına xidmət edir. Hər bir yarış iştirakçısı, hər bir turist ölkəmizin inkişaf səviyyəsini, müasir, gözəl, ən yüksk infrastrukturla təchiz olunmuş paytaxtımızı öz gözləri ilə görür və ölkəmizdən xoş təəssüratlarla və pozitiv informasiyalarla gedir. Hər bir qonaq, hər bir turist onlarala potensial turist üçün informasiya mənbəyidir.

Bu, dolayısıyla Azərbaycan həqiqətlərinin daha geniş auditoriyaya çatdırılması deməkdir, xüsusilə nəzərə alsaq ki, hazırda Azərbaycan müharibə şəraitində yaşayır, torpaqlarının 20 faizə qədəri işğal altındadır və istənilən müharibə həm də informasiya savaşıdır, bu halda belə beynəlxalq tədbirlərin əhəmiyyəti bir qədər də aydınlaşır.

Vüsal Məmmədov