Analitika

Prezident İlham Əliyev: “Biz vahid amal uğrunda çalışırıq”

06-06-2016 | 10:50        

  

Ötən əsrin 80-ci illərinin sonlarında SSRİ məkanında cərəyan edən hadisələr imperiyanın sərhədləri çərçivəsində demokratik düşüncə tərzinin genişlənməsinə və milli azadlıq hərəkatlarının güclənməsinə zəmin yaratdı.

1990-cı il 20 Yanvar faciəsi Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk olundu. Bu hadisədən sonra bütün dünya azərbaycanlıları haqq səsini ucaltdı, vahid ideologiya ətrafında birləşən dünya azərbaycanlıları Azərbaycanın müstəqillik ideyasının gerçəkləşməsi üçün səfərbər oldu.  Dahi lider Heydər Əliyev belə bir mürəkkəb vəziyyətdə vətəndaş mövqeyi və Vətən təəssübkeşliyi nümayiş etdirərək 20 Yanvar qırğını ilə bağlı Moskvada etiraz səsini ucaltdı, dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini bəyan etdi. Dünya azərbaycanlılarının bir millət kimi mütəşəkkilliyinə təkan verən bu bəyanat həmvətənlərimizi ölkənin, xalqın taleyi üçün tarixi məsuliyyət daşımaq qüdrətində olan yeganə siyasi xadim və milli lider ətrafında birləşdirdi.

Müstəqilliyini yenicə əldə etmiş və torpaqlarının bir hissəsi erməni qəsbkarlarının işğalına məruz qalmış, etnik təmizləmə ilə üzləşmiş Azərbaycan üçün həmin dövrün ən aktual problemlərindən biri həqiqətlərin, regionda baş verənlər, xüsusilə Ermənistanın işğalçılıq faktının dünya ictimaiyyətinə çatdırılması idi. Bu mənada Azərbaycan diasporu mühüm rol oynaya bilərdi. Ancaq təəssüf ki, o, hələ formalaşmamışdı...

Yalnız Dahi Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtmasından sonra Azərbaycan disapor təşkilatları formalaşmağa, ölkəmizin, xalqımızın haqq işində dövlətə dəstək verməyə başladı.

Ulu öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı çıxışında tövsiyə edirdi: “Azərbaycanlılar gərək yaşadıqları ölkədə o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqe tutsunlar. Ancaq öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır”.

Sonrakı illərdə Azərbaycanın iqtisadi cəhətdən güclənməsi, dünya siyasi arenasında mövqeyini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi diaspor təşkilatlarını da aktivləşdirdi. Bu təşkilatların sıraları genişlənməkdə, fəaliyyətləri keyfiyyətcə yeni məzmun kəsb etməyə başladı.

Ölkəmizdə keçirilən yüksək səviyyəli tədbirlərdə iştirak edən diaspor təşkilatlarımızın nümayəndələrinin sayındakı davamlı artım Azərbaycan diasporunun sıralarının durmadan genişlənməsindən xəbər verir.  Əgər  2001-ci  il  mayın 23-də  Dünya  Azərbaycanlılarının  I  Qurultayında 36 ölkədən 406 nümayəndə  iştirak edirdisə, 2006-cı il martın 16-da keçirilən qurultaya 49 ölkədən 593 nümayəndə və 388 nəfər qonaq qatılmışdı. 2011-ci il iyulun 5-də baş tutan  III qurultaya isə 1272 nümayəndə gəlmişdi. Bu mötəbər mərasimdə 42 ölkədən 579 nümayəndə iştirak etmişdi. Rusiya, Türkiyə, Ukrayna, Almaniya, Gürcüstan, ABŞ, İsveç Krallığı, Niderland, İsrail, Özbəkistan, Fransa, Böyük Britaniya, Kanada daha çox nümayəndə ilə təmsil olunurdu. Bundan əlavə, qurultaya xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin 182 rəhbəri də qatılmışdı.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay isə 2011-ci ildə keçirilib.

***

Ötən həftə, iyunun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimi oldu.

İki gün davam edən Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edirdi. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibətilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var idi. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işinə Azərbaycanın müxtəlif dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də qatılmışdı. Qurultayda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparacaq rəy və təkliflərini səsləndirdilər. Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları və s. prioritet məsələlər müzakirə olundu.

Qurultayın açılış mərasimində Prezident İlham Əliyev proqram xarakterli çıxış etdi. Həmin çıxışın bəzi məqamlarını nəzərdən keçirək:

  • Diaspor təşkilatlarının fəaliyyəti daim diqqət mərkəzindədir. Bu gün mən diaspor təşkilatlarının gələcək fəaliyyəti ilə bağlı bəzi fikirlərimi bildirmək istəyirəm. İlk növbədə,əlbəttə, biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər. Daim əlaqədə olsunlar, Azərbaycan ilə bağlı olsunlar. Beləliklə, onlar özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda Azərbaycan dövləti onlara daha da böyük dəstək verə biləcək.
  • Hazırda xaricdə yaşayan azərbaycanlıların sayı milyonlarla ölçülür. Əlbəttə ki, onlar yaşadıqları ölkələrin vətəndaşlarıdırlar. Mən çox istəyirəm ki, onlar yaşadıqları ölkələrdə daha da böyük mövqelərə nail ola bilsinlər. Yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi həyatında daha da fəal rol oynasınlar.
  • Yetişən gənc nəsil də Azərbaycan ilə bağlı olmalıdır. İlk növbədə, Azərbaycan dilini bilməlidirlər. Mən şadam ki, hazırda müxtəlif ölkələrdə 160-dan çox həftəsonu məktəbi fəaliyyət göstərir. Yəqin ki, biz bu məktəblərin sayını artırmalıyıq və Azərbaycan dövləti bu istiqamətdə öz səylərini davam etdirəcək.
  • Qeyd etdiyim kimi, xaricdə bizim 462 diaspor təşkilatımız var. Bu, özlüyündə onu göstərir ki, azərbaycanlıların yaşadıqları hər bir ölkədə bir neçə diaspor təşkilatı var. Əlbəttə, bu təşkilatlar arasında koordinasiya işi aparılmalıdır, birlik, həmrəylik olmalıdır. Bəzi hallarda bizim diaspor təşkilatlarımız bir-biri ilə rəqabət aparırlar. Əgər bu, sağlam rəqabətdirsə, mən bunu ancaq alqışlaya bilərəm. Bu rəqabət ümumi işimizə xidmət etməlidir. Biz ölkə daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti birlik nümayiş etdirir. Biz vahid amal uğrunda çalışırıq. Ölkəmizin gələcəyi ilə, strateji istiqamətlə bağlı cəmiyyətimizdə fikir ayrılığı yoxdur. Dövlət müstəqilliyi, iqtisadi müstəqillik, sosial məsələlərin həlli, ərazi bütövlüyümüzün bərpası, digər məsələlər ətrafında cəmiyyətdə vahid fikir var, konsensus var.
  • Əlbəttə, mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da bir nöqtəyə vursunlar, birləşsinlər. Belə olan halda onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq. Əgər xarici ölkələrin ictimaiyyəti görsə ki, Azərbaycan diaspor təşkilatları bir-biri ilə yola getmirlər, bir-birinin əleyhinə fəaliyyət göstərirlər, əlbəttə, bu, yaxşı hal olmayacaq. Belə hallar var, onlar çox deyil. Ancaq mən istərdim ki, bu gün bu kürsüdən bu mövzuya toxunum və qeyd edim ki, birlik əsas məsələdir. Xüsusilə nəzərə alsaq ki, bütün azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin.
  • Əlbəttə, dövlət orqanları ilə Azərbaycan diaspor təşkilatlarının əlaqələri daimi olmalıdır, güclənməlidir. Diasporla İş üzrə Dövlət Komitəsi burada koordinasiya funksiyalarını icra edir. Eyni zamanda, bizim xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz də bu işdə çox fəal olmalıdırlar. Mən onlara da dəfələrlə tövsiyə etmişəm, göstəriş vermişəm ki, diaspor təşkilatları ilə daim əlaqədə olsunlar. Mən xaricdə fəaliyyət göstərən səfirlərlə iki ildən bir görüş keçirirəm və hər bir çıxışda xüsusilə bu mövzuya toxunuram ki, onlar diaspor təşkilatlarına kömək göstərməlidirlər. Diaspor təşkilatları ilə səfirliklər arasında möhkəm əlaqələr olmalıdır və bu əlaqələr güclənməlidir. Çünki bir daha demək istəyirəm, biz bir məqsədə qulluq edirik, biz hamımız istəyirik ki, Azərbaycan daha da güclənsin. Hamımız istəyirik ki, xaricdəki azərbaycanlılar rahat yaşasınlar, yaşadıqları ölkələrdə yüksək mövqelərə malik olsunlar və Azərbaycanı ləyaqətlə təmsil etsinlər.
  • Azərbaycanlılar müxtəlif ölkələrdə böyük biznes imkanlarına malikdirlər. Mən bunu alqışlayıram, bu, çox müsbət haldır. Bu, xalqımızın iqtisadi imkanlarını genişləndirir. Eyni zamanda, xaricdə yaşayan iş adamları Azərbaycandakı qohumlarına da kömək göstərirlər. Bu da burada yaşayanlar üçün çox önəmlidir. Əlbəttə, mən çox istərdim ki, xaricdə yaşayan azərbaycanlı iş adamları Azərbaycana sərmayə qoysunlar.
  • Bu gün Azərbaycanda sərmayə iqlimi çox müsbətdir. Bunu bütün mötəbər beynəlxalq maliyyə qurumları qeyd edir. Son 20 il ərzində - 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bu sərmayənin təxminən yarısı xarici investisiyalardır.
  • Azərbaycanda sərmayə iqlimi yaxşıdır, biznes mühiti gündən-günə yaxşılaşır. Xüsusilə bu ilin əvvəlindən imzaladığım sərəncamlar, fərmanlar nəticəsində bu istiqamətdə çox ciddi dönüş yaranmışdır. Bütün bürokratik əngəllər aradan götürülür, şəffaflıq tam təmin edilir. Bütün bunların nəticələrini biz gündəlik həyatda görürük. Biz bunu mötəbər beynəlxalq maliyyə qurumlarının hesabatlarında və bəyanatlarında görürük. Ona görə sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir.
  • Azərbaycan reallıqları dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdırılır. Hesab edirəm ki, bizim zəif yerlərimizdən biri, qeyd etdiyim kimi, xarici ölkələrin dövlət, hökumət, qanunvericilik orqanlarında təmsilçiliyimizin aşağı səviyyədə olmasıdır. İkincisi, xarici media qurumları ilə bizim işimiz o qədər də yaxşı qurulmayıb. Burada da əsas rolu əlbəttə ki, diaspor təşkilatları oynamalıdır. Çünki Azərbaycan dövləti bu işlərə müdaxilə edə bilməz. Biz heç bir xarici ölkənin daxili işinə qarışmırıq. Bu, qəbuledilməzdir. Ancaq hesab edirəm ki, Azərbaycan diaspor təşkilatları bu istiqamətdə öz işini lazımi səviyyədə qura bilməyiblər. Bizim xarici mediaya çıxışımız çox məhduddur.
  • Aydın məsələdir ki, Ermənistanın, ermənilərin diaspor təşkilatları artıq onilliklər ərzində formalaşıb. Onlar dünyanın aparıcı media qurumlarına müxtəlif yollarla müdaxilə ediblər və orada təmsil olunurlar. Azərbaycanı ləkələyən, Azərbaycan reallıqlarını təhrif edən, bizə böhtan atan yazıların böyük əksəriyyətinin arxasında erməni qulaqları görünür.
  • Biz bu istiqamətdə işimizi daha da təkmilləşdirməliyik. İlk növbədə media ilə iş aparılmalıdır. Biz çalışmalıyıq ki, azərbaycanlı jurnalistlər təbəqəsi yetişsin və onlar müxtəlif media orqanlarında təmsil olunsunlar. Onlar öz Vətənini müdafiə edəcəklər. Onlar həqiqətləri çatdıracaqlar. Çünki XXI əsr informasiya əsridir. Bu gün informasiya müharibələri bir alət, bir silah kimi artıq mövcuddur. İndi dünyanın müxtəlif yerlərində qanlı toqquşmalar baş verir. Biz burada, Bakıda, yaxud da başqa bir şəhərdə oturub haradan necə bilərik ki, orada nələr baş verir, kim haqlıdır, kim haqsızdır, kim hücum edir, kim özünü müdafiə edir? Biz onu ancaq media vasitəsilə bilə bilərik. Əgər hər hansı bir ölkəyə qarşı əlaqələndirilmiş çirkin kampaniya aparılarsa, istər-istəməz ictimai fikir də o istiqamətdə gedəcək.
  • Ona görə bax, bu, zəif yerimizdir. Bu, prioritet istiqamətdir və hesab edirəm ki, qurultay zamanı bu məsələ çox ciddi müzakirə edilməlidir. Azərbaycan həqiqətlərini müxtəlif ölkələrə çatdırmaq üçün burada lazımi tədbirlərin görülməsi haqqında müzakirələr aparılmalıdır, proqram tərtib edilməlidir. Əgər Azərbaycan dövləti bu işdə hər hansı bir formada öz dəstəyini verə bilərsə, biz buna hazırıq. Əsas odur ki, biz bunu planlı şəkildə icra edək. Bu, Azərbaycanın diaspor təşkilatları olan bütün ölkələrdə,bəlkə,də birinci məsələ olmalıdır.

Vüsal Məmmədov

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2018) :
Aydın Gecə : +8 +10 | Gündüz: +15 +17
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0253 | Satış: 0.0269

Avro:
Alış: 2.044 | Satış: 2.1174
AzTV TƏQDİM EDİR