Analitika

Ermənistanın atom təhlükəsi dünyanı təhdid edir

31-05-2016 | 11:07        

  

Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyası (AES) nəinki bu ölkənin özü üçün Cənubi Qafqaz, Orta Asiya, Xəzər və Qara dəniz ölkələri üçün də ciddi təhlükəyə  çevrilib. İstifadə müddəti bitsə də, hələ də fəaliyyət göstərən sözügedən AES-lə bağlı Azərbaycan, eləcə də bir çox ölkələr narazılıqlarını bildiriblər. Lakin  Ermənistan AES-in fəaliyyətini dayandırmağı düşünmür. Əksinə, Azərbaycanı nüvə silahı ilə hədələyir.

Tarixə nəzərə salaraq bildirək ki, Metsamor AES-in tikintisi barədə qərar SSRİ rəhbərliyi tərəfindən 1967-ci ildə qəbul olunub.

AES-in tikintisinə 1973-cü ildə Yerevandan 40 km aralıda yerləşən Metsamor şəhərində başlanılıb. AES-in birinci enerji bloku 1976-cı ildə, ikincisi isə 1980-ci ildə istifadəyə verilib. 1983-cü ildə AES-in 3-cü və 4-cü enerji bloklarının tikintisinə başlansa da, 1986-cı  ildə Çernobıl AES-də baş vermiş qəzadan sonra bu proses dayandırılıb.

1988-ci ildə Metsamordan 75 km aralıda yerləşən Spitakda baş vermiş zəlzələdən sonra 1989-cu il yanvarın 15-də AES-in fəaliyyəti dondurulub.

Ermənistan üzləşdiyi ciddi böhranla əlaqədar 1993-cü ildə AES-in fəaliyyətini bərpa etmək barədə qərar qəbul edir və 1995-ci ildə 2-ci enerji bloku işə salınır. Bu stansiya regionda birinci nəsil tipli ВВЭР-440 tipli Rusiya istehsalı olan reaktorla təchiz edilib. Hazırda AES-in ikinci enerji bloku fəaliyyətdədir.

Ən narahatlıq yaradan faktlardan biri odur ki, Metsamor 11 ballıq zəlzələ riski olan zonada yerləşir. 

Baxmayaraq ki, dünyanın müvafiq qurumları stansiyanın fəaliyyətini davam etdirməsini məqbul etməyiblər, Ermənistan siyasi hakimiyyəti onun təhlükə saçan ömrünü 2026-cı ilə qədər uzadıblar.  Hansı ki, Reaktorun istifadə müddəti 2001-ci ildə başa çatıb.

Bütün bunlar azmış kimi, Ermənistan atom silahına sahib olduğunu iddia edir və Azərbaycanı bu sialhla təhdid edir. Ermənistanın keçmiş baş naziri, deputat Qrant Baqratyan bildirib ki, Ermənistan və Dağlıq Qarabağı Türkityə və Azərbaycanın hücumlarından qorumağın yeganə yolu atom bombasıdır.

Azərbaycan Prezidentindən dünyaya çağırış

Azərbaycan Ermənistandakı real təhlükə mənbəyi barədə dəfələrdə dünya ictimaiyyətinə çağırışlar edib, bu stansiyanın region və dünya üçün təhlükə yaratdığı diqqətə çatdıraraq, onun fəaliyyətinin dayandırılması zərurətini həyəcanla bildirib. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə yönəldib.

Növbəti dəfə mayın 23-də İstanbulda Dünya Humanitar Sammitində dövlətimizin başçısı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə və işğalçılıq siyasəti, 25 il ərzində torpaqlarımızı işğal altında saxladığı, Azərbaycanın sülh danışıqlarına sadiq qaldığını, Ermənistanın isə təxribatlar törətdiyini və qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini bildirdi, eyni zamanda Ermənistandakı istismar müddəti başa çatmış Metsamor Atom Elektrik Stansiyası barədə məlumat verdi. Sitat: “Bütün region üçün başqa bir təhlükə mənbəyi Ermənistandakı istismar müddəti başa çatmış Metsamor Atom Elektrik Stansiyasıdır. Ermənistanın radioaktiv tullantılardan qanunsuz istifadə etməsinə dair məlumatlar var. Sabiq baş nazir, parlament üzvü və digər Ermənistan rəsmiləri bu ilin aprelində Ermənistanın “çirkli bomba” adlandırılan nüvə silahına malik olduğunu bəyan ediblər. Bu bəyanat müvafiq beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Ermənistanın nüvə təhdidi və şantajına son qoyulmalıdır. Azərbaycan səbəbkarı Ermənistan olan humanitar fəlakətin fəsadlarının öhdəsindən gəlmək üçün əlindən gələni edir”.

Metsamor təhdidi dünya mediasında

Mərakeşin “əl-İslah və ət-Tənmiyə” qəzeti yazır ki, son illər nüvə və radioaktiv materialların qaçaqmalçılığında ittiham olunan erməni vətəndaşları və ya erməni xüsusi xidmət orqanlarının əməkdaşları regionun müxtəlif ölkələrində həbs olunub və belə cinayət faktlarına dəfələrlə rast gəlinib. Qəzet həyacan siqnalı verərək, qeyd edir ki, yüksək zənginləşdirilmiş uran və sezium materiallarını Yaxın Şərqdəki qeyri-qanuni qruplaşmalara çatdırmaq və qara bazarda dəyəri milyon dollarlarla ölçülən bu materialların gizli satışını təmin edən erməni qaçaqmalçıları dünya sülhünə ciddi təhlükə yaradır.

Mərakeşin “Agora” xəbər portalı da Azərbaycanın işğal olunan ərazilərində Metsamor AES-in kimyəvi materiallarının torpağa və suya radioaktivlik yayan zəhərli mənbələr atdığını yazır.

Argentinanın “Equilibriumglobal” portalında  “Metsamor: yeni-köhnə nüvə təhlükəsi?” adlı geniş məqalə dərc edilib.

Yazıda bildirilir ki, Metsamor AES sovet dövründə tikilib, mümkün qəza ehtimalı qarşısında kövrəkdir və mexanizmləri risk təhlükəsinə malikdir: "Metsamor Ermənistanın paytaxtı Yerevandan yalnız 36 km məsafədə, eyni adlı şəhərdə yerləşən, SSRİ dövründə tikilmiş atom elektrik stansiyasıdır. Təxminən 30 il istifadə müddəti olan iki bazalt reaktoru ölkəni 1976 və 1980-ci illərdə enerji ilə təchiz edib. Regionun yüksək seysmikliyi ilə əlaqədar ilk reaktorun qurulmasından etibarən risk mövcud idi. 80-ci illərdə daha iki reaktorun quraşdırılması nəzərdə tutulmuşdu, lakin Çernobıl faciəsindən sonra bu, baş tutmadı. Qeyd etmək vacibdir ki, 1988-ci ildə Ermənistanda ən azı 25 min adamın ölümü ilə nəticələnmiş güclü zəlzələ baş verib. Hadisə ölkənin şimal-şərqində baş verib, onun nəticəsində AES zədələnməyib və fəaliyyətini davam etdirib. Buna baxmayaraq, növbəti ildə zəlzələ nəticəsində seysmikliklə bağlı yaranmış təhlükəsizlik problemləri səbəbindən AES bağlanıb”.

Yazıda Metsamor AES-in törətdiyi risklər barədə geniş məlumat verilib: “Risklərdən birincisi coğrafi xarakter daşıyır. Yuxarıda qeyd olunduğu kimi, Metsamor Ermənistandakı 6,9 ballıq zəlzələdən sonra bağlanıb. Fukuşima hadisəsi göstərdi ki, seysmik aktivliklə bağlı risklər diqqətdən kənarda saxlanıla bilməz. Metsamor şəhəri Türkiyə və Gürcüstanın şərq sərhədlərinin yaxınlığında yerləşir. Təhlilçilərin və mütəxəssislərin fikrincə, Metsamorda bircə təbii fəlakət bu regionların qısa müddət ərzində yüksək radioaktivliyə məruz qalmasına gətirib çıxara bilər. Bu nüvə stansiyasının seysmik cəhətdən və ölkənin maliyyə problemləri səbəbindən təhlükəsizliyi narahatlıq doğuran yeganə məsələ deyil. Metsamor ətrafında digər problemlər reaktiv və nüvə materiallarının qaçaqmalçılığı, nüvə tullantılarının qeyri-qanuni daşınması, Ermənistan ərazisindən yüksək zənginləşdirilmiş uranın və sezium-137 maddəsinin qaçaqmalçılığıdır. Belə ki, Gürcüstanda  Yaxın Şərq regionuna 200 milyon ABŞ dolları məbləğində uran-238 maddəsinin satışını planlaşdıran və bu stansiyanın işçiləri olan şəxslərin həbsinə dair məlumatlar var. Nəzarətin yoxluğu və qeyri-qanuni fəaliyyəti həyata keçirən qruplar təhlükə mənbəyidir. Belə ki, bu maddələr “çirkli bombalar” və partlayış zamanı radioaktivliyi artıran digər dağıdıcı materialların hazırlanmasında istifadə oluna bilər. Bu baxımdan radioaktiv maddələr həmçinin zərərli məqsədlər üçün istifadə oluna bilər. Nəzarətsiz radioaktiv  mənbələr eyni zamanda ətraf mühitə və insan sağlamlığına zərər vurmaq potensialına malikdir. Onların qeyri-qanuni dövriyyəsi və diqqətdən kənarda saxlanılması ağır ekoloji və iqtisadi nəticələrə gətirib çıxara bilər. Bu, artıq yalnız Qafqazın problemi deyil".

Məqalədə deyilir ki, 2010-2011-ci illər ərzində Avropa İttifaqı Metsamor AES-in 2016-cı ilə qədər bağlanması ilə bağlı çağırışlar edib: "Yeddi il əvvəl Aİ-nin nümayəndəsi həmin stansiyanı bütün region üçün təhlükə adlandırıb və Metsamorun bağlanmasının maliyyələşdirilməsi üçün 200 milyon avro ayrılması təklifini irəli sürüb. Lakin Ermənistan AES-in ölkə enerjisinin 40%-ni verdiyini nəzərə alaraq təklifi rədd edib. Aİ onu Şərqi Avropada və keçmiş SSRİ məkanında qurulmuş bütün sovet reaktorları arasında “ən qədim və ən az etibarlı” stansiya kimi xarakterizə edib. Bu narahatlıq Avropa Şurasının müxtəlif sənədlərində öz əksini tapıb. Aİ-nin Ermənistandakı keçmiş nümayəndəsi Traian Hristea Avropa Qonşuluq Siyasəti ilə bağlı məlumat təqdim edərkən bildirib ki, ziddiyyət aradan qaldırılana qədər Metsamorun gələcəyi tərəflər arasında münasibətlər gündəmində vacib mövzulardandır. Metsamorun quruluşu Aİ-yə daxil olmamışdan qabaq Bolqarıstan və Slovakiyada bağlanması tələb olunmuş atom elektrik stansiyaları ilə eynidir”.

Avropanın nüfuzlu analitik portallarından biri olan “Moderndiplomacy.eu”da Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının (AES) təhlükələrindən bəhs edən məqalə yayılıb.

Təhlükəsizlik məsələləri üzrə ekspert Petra Poseganın müəllifi olduğu məqalədə bəşəriyyətin təhlükəsizliyi üçün bir çox risklərin mövcud olduğu müasir dövrdə nüvə silahı istehsal etmək üçün müvafiq materiallara sahib ölkələrin qarşısını almağın vacibliyi vurğulanır. Qeyd olunur ki, bu cür addımların atılması Cənubi Qafqaz kimi münaqişəli ərazilərdə daha çox mühümdür. On illərdir ki, davam edən və həll edilə bilməyən münaqişəyə nüvə silahı amilinin əlavə edilməsi regiondakı sülh və sabitliyi tamamilə poza bilər. Buna görə də Ermənistanın nüvə gücünə malik olmasına qarşı daha ciddi addımlar atılmalıdır.

Yazıda, həmçinin Vyanada yerləşən Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) hesabatına istinad edilərək bildirilir ki, Ermənistan nüvə və digər radioaktiv materialların qanunsuz ticarətinə görə ilk yerlərdədir. 1999-cu ildən bəri bu ölkədə bir neçə ciddi hadisə baş verib. Son vaxtlar baş verən hadisələr isə birbaşa Ermənistandan keçən nüvə qaçaqmalçılığı marşrutunun olduğunu deməyə əsas verir. Ermənistan vətəndaşları Gürcüstanda nüvə qaçaqmalçılığına görə saxlanılıb. Dəlillər göstərir ki, qaçaqmalçılıq zamanı daşınan nüvə maddələri nüvə silahının hazırlanmasında istifadə olunur. Nüvə silahlarının həddindən artıq təhlükəli olması bu faktlara ciddi yanaşma tələb edir.

Müəllif yazır ki, aprel ayında Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan ölkəsinin nüvə silahına malik olduğunu və bunu daha da inkişaf etdirməyə qadir olduğunu deməklə dünya ictimaiyyətini xeyli təəccübləndirdi. Ekspertin fikrincə, Ermənistanın bu silaha malik olmasının yeganə səbəbi Türkiyə və Azərbaycan kimi ölkələri təhdid etməkdir.

Müəllif son dövrlərdə Cənubi Qafqazda yüksək dərəcədə radioaktiv maddə olan Uran 238-in qaçaqmalçılıq yolu ilə satılması kimi halların aşkarlandığını qeyd edir. O, bu halların daha çox Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və Gürcüstanın Cənubi Osetiya ərazisində baş verməsinin daha böyük təhlükə yaratdığını vurğulayır.

Yazıda, həmçinin Ermənistanda fəaliyyət göstərən Metsamor AES-in istifadə müddətinin bitdiyi, stansiyanın işinə nəzarət edə və sistemdə baş verə biləcək nöqsanları aradan qaldıracaq təhlükəsizlik mexanizminin mövcud olmadığı diqqətə çatdırılır. Bu yaxınlarda 30 illiyi qeyd edilən Çernobıl faciəsinin nümunə göstərildiyi məqalədə Metsamor AES-in də region üçün eyni təhlükəni yaratdığı qeyd olunur. Müəllif yazır ki, istifadə müddəti bitmiş Metsamor kimi sistemlər ya təmir edilənə və müvafiq təhlükəsizlik standartları tətbiq olunana qədər bağlanmalı, ya da lazımi hüquqi tələblərə cavab vermirsə tamamilə ləğv edilməlidir.

Qeyd edilir ki, Metsamor AES-in yerləşdiyi ərazi olduqca seysmik zonadır. Yəni, təkcə vaxtı keçmiş sistem və texnologiya deyil, həm də baş verə biləcək təbii fəlakət ciddi təhlükə yarada bilər. Erməni rəsmiləri əhalini qorumalı və nüvə faciəsinin baş verməsinə şərait yaratmamalıdırlar. Amma əksinə, onlar özləri üçün təhlükə yarada biləcək stansiyanın işini davam etdirirlər. Metsamor AES Asiya, Yaxın Şərq və Avropadakı milyonlarla insanın təhlükəsizliyi üçün ciddi təhdid hesab edilməli və ləğv edilməlidir.

Vüsal Məmmədov