Analitika

Multikulturalizm: Azərbaycan xalqının həyat tərzi

23-05-2016 | 11:47        

  

Bəli, dünyanın bir çox dövlətlərinin mənimsəməyə çalışdığı, cəmiyyətin, dövlətin idarəçiliyində tətbiq etməyə çalışdığı tollerantlıq və multikulturalizm dəyərləri Azərbaycan xalqının həyat tərzidir. Əsrlərdir ki, xalqımız tolerantlıq, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək bunu adi, ənənəvi həyat tərzi kimi qəbul edib. Dünyanın aparcı dövlətlərinin çoxusunun indi qoşulduğu bu prosesə Azərbaycan xalqı mövcudluğu boyunca mühüm töhfələr verib.

Dünyanın bu baxımdan Azərbaycana etimadı da hiss olunur. Ölkəmizdə multicultural mədəniyyəti təşviq edən, bu sahədə problemlərin həllini müzakirə edən müxtəlif formatlı beynəlxalq tədbirlər keçirilir. 

Ötən ayın sonlarında Bakı bu məzmunlu daha bir mühüm tədbirə evsahibliyi etdi: BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu.

2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdi. Ötən ilin iyul ayında Prezident İlham Əliyev Forumun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalamış, hazırlıq işləri həyata keçirilmişdi.

“İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında keçirilən Foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla, çoxlu qonaq qatılıb.

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakı şəhərində yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılmasında, xalqımızın tarixi-mədəni irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyətli rola malik idi, eyni zamanda ölkəmizin, dövlətimizin nüfuzunun, hansı etimad sahibi olmasının aydın ifadəsi idi.

Tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadıqları diyar kimi tanınıb. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması isə müasir dövrdə ölkəmizdə gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu barədə deyib: “Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik. Beləliklə, bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunur”.

Bəli, bu il ölkəmizdə “Multikulturalizm ili”dir. Ancaq əslində, hər ili “Multikulturalizm ili” kimi xarakterizə etmək olar. Çünki xalqın bütün dəyərləri, ənənələri dövlətin müdaxiləsi olmadan belə bu ruhdadır.

Prezident İlham Əliyev 2014-cü il oktyabrın 2-də IV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimindəki nitqində bu barədə deyib: “Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək”.

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda prezident tarixi faktlardan bir neçəsini xatırladır: “2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri də dəvət olunmuşdu. 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına isə Avropa Şurasından mədəniyyət nazirləri qatılmışdı. Bu, yeni bir tendensiyanın, prosesin başlanğıcı demək idi. “Bakı prosesi” adlanan bu təşəbbüs sonradan Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşünün, mədəniyyətlərarası dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının keçirilməsinə təkan verdi.

Fərəhlənirik ki, bu gün 140-dan artıq ölkənin nümayəndəsi Sivilizasiyalar Alyansı ilə bağlı mühüm məsələlərin müzakirəsi üçün Bakıda toplaşıb. Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur. Multikulturalizm sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb.

Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik. Biz müxtəlif mədəniyyətləri özündə əks etdirən tarixi abidələrimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri Azərbaycanın qədim şəhəri olan Şamaxıda 743-cü ildə inşa edilmişdir.

Bununla yanaşı, ən qədim kilsələrdən biri - qədim Qafqaz Albaniyası dövrünə aid kilsə də məhz Azərbaycanda, daha bir qədim şəhər olan Şəkinin yaxınlığında yerləşir. Hökumətimiz məscidlərin, pravoslav və katolik kilsələrinin, habelə sinaqoqların inşası və təmirinə maliyyə vəsaiti ayırır. Bu, bizim siyasətimiz və həyat tərzimizdir. Əsrlər boyu Azərbaycan ölkəmizdə mövcud olan siyasi və sosial vəziyyətə baxmayaraq bu sərvəti qoruyub saxlamışdır. Ölkəmiz yalnız 25 ildir ki, müstəqil dövlətdir. Lakin bu, qədim dövlətdir, dərin tarixi və mədəni köklərə malikdir”.

Vüsal Məmmədov

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR