Xarici xəbərlər

Türkiyə Ermənistanla sərhəd bölgələrdə monitorinqlərə başlayıb.

25-01-2011 | 16:17        

  

Ermənistanın Metsamor atom elektrik stansiyasında radiasiya sızıntısı ilə bağlı xəbərlər yayılıb. Artıq Türkiyənin Atom enerjisi qurumu bu ölkə ilə sərhəd bölgələrdə  monitorinqlərə başlayıb.

Türkiyənin Ermənistanla sərhəddəki İğdır, Ağrı, Muş, Tunceli, Hakkari və Şınak vilayətlərində monitorinqlərə başlanılıb. Radiasiya səviyyəsinin ölçülməsi üçün regionun müxtəlif yerlərində cihazlar yerləşdirilib. Mütəxəssislər 60 gün davam edəcək monitorinq zamanı su və torpaq nümunələrinin analizini və meteoroloji müşahidələr aparacaqlar.
Monitorinq qrupunun üzvü, professor Mikdat Kadıroğlu bildirib ki, ermənilər radiasiya səviyyəsinin yüksəlməsinin Metsamor AES-in fəaliyyəti ilə bağlı olduğunu inkar etsələr də, analizlər real vəziyyəti ortaya çıxaracaq. Monitorinqdə hava axınının izlənilməsi və müvafiq analizlər çox mühümdür. Çernobılda da radiasiyanın mənşəyi bu yolla ölçülüb. Onu da deyək ki, son illər bu bölgədə xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı xeyli artıb. Türkiyənin iki müvafiq elm mərkəzi İğdırda aparacaqları monitorinqdə bu xəstəliyinin səbəblərinin də  müəyyən edilməsini planlaşdırır.