Analitika

Kənd təsərrüfatının inkişafı: məhsul artır, ucuzlaşır və ölkəmiz idxlaçıdan ixracatçıya çevrilir

16-05-2016 | 13:07        

  

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı, neftdən asılılığın aradan qaldırılması konsepsiyasının əsas xətlərindən biri kənd təsərrüfatının inkişaf etdirilməsidir. Prezident İlham Əliyev aqrar sahənin inkişafını ardıcıl olaraq nəzarətdə saxlayır və ölkəmizin ərzaq təhlükəsizliyini təmin etməsini prioritet hesab edir. Prezident qeyd edir ki, kənd təsərrüfatı potensialı tam olaraq realizə olunmalı və Azərbaycan bu sahədə idxalçıdan irihəcmli ixracatçıya çevrilməlidir. Bu siyasətin ən başlıca hədəfi ərzaq təhlükəsizliyinin təmin olunmasıdır.

“Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” çərçivəsində görülmüş işlər nəticəsində ölkədə kənd təsərrüfatı və ərzaq məhsullarının artırılmasına nail olunub. Dövlət başçısının bu sahəyə xüsusi münasibətinin ifadəsidir ki, ötən il ölkədə “Kənd təsərrüfatı” ili elan edilib. Buna qədər isə sahibkarlara dövlət tərəfindən hər cür dəstək verilib, kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad ediliblər. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir və s.

Təbii ki, görülən tədbirlər nəticəsində istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmi və çeşidi artır, ucuzlaşır və ölkəmiz idxlaçıdan ixracatçıya çevrilir.

Dünyada gedən iqtisadi böhran, devalvasiya və infilyasiya prosesləri ölkəmizə də təsirsiz ötüşə bilməz, çünki Azərbaycan iqtisadiyyatı dünyadan təcrid olunmuşa halda deyil. Bu fonda son aylarda, hətta manatın devalvasiya fonunda belə ölkəmizdə kənd təsərrüfatı məhsullarının qiymətindəki ucuzlaşma bu sahə ilə bağlı görülən ardıcıl tədbirlərin nəticəsidir.

Məsələn, bəzi rəqəmlərə diqqət yetirək:

2016-cı ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 21,0 faiz ucuzlaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,8 faiz bahalaşıb.

Mütəxəssislər bildiri ki, bitkiçilik məhsullarının istehsalçı qiymətlərinin ucuzlaşmasına əsasən 2015-ci ildə əvvəlki ilə nisbətən ölkədə buğdanın məhsuldarlığının yüksəlməsi hesabına onun istehsalının 16,5 faiz artması, son dövrlərdə dünya bazarında buğdanın qiymətinin aşağı düşməsi, cari ilin yanvar ayından etibarən buğdanın idxalına və satışına əlavə dəyər vergisinin tətbiqinin dayandırılması təsir göstərib. Bundan əlavə, bir sıra tərəvəz məhsullarının qiymətləri də aşağı düşüb.

2016-cı ilin aprelində marta nisbətən bitkiçilik məhsullarının istehsalçı qiymətlərinin 0,2 faiz ucuzlaşmasına, heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin isə 0,2 faiz bahalaşmasına baxmayaraq, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə sabit qalıb.

Apreldə mart ilə müqayisədə bitkiçilik məhsullarından alma və kələmin istehsalçı qiymətlərində bahalaşma, fındıq, xiyar və pomidorun istehsalçı qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişiklik baş verməyib.

Aprel ayı ərzində isə qarabaşaq yarmasının, toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, şəkər və şəkər tozunun, limonun, naringinin, bananın, almanın, armudun, kələmin, balqabağın, yerkökünün, çuğundurun, sarımsağın qiymətlərində bahalaşma, makaron məmulatlarının, balıq məhsullarının, qoyun ətinin, pomidorun, xiyarın, kartofun, soğanın, göyərtinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Vüsal Məmmədov