Analitika

Azərbaycan: etibarlı tərəfdaş, təşəbbüskar və regionun lokomotivi

10-05-2016 | 11:39        

  

Regionda, dünyada Azərbaycanla bağlı baş verənlər, böyük siyasi güclərin münasibəti, ölkəmizə beynəlxalq ictimaiyyətin göstərdiyi etimad deməyə əsas verir ki, Azərbaycan qısa müstəqillik tarixində kifayət qədər nüfuz və etibar qazana bilib.

1993-cü ildən etibarən dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və onun siyasi məktəbinin yetirməsi və davamçısı olan İlham Əliyev tərəfindən uğurla həyata keçirilən, eyni zamanda şaxələndirilən siyasi xətt Azərbaycanı yerləşdiyi regionun lokomotivinə çevirib.

Azərbaycanın dünyada etibarlı tərəfdaş imicini ölkəmizə beynəlxalq layihələrdə göstərilən etimad, Bakıda keçirilən nəhəng beynəlxalq tədbirlər, yarışlar, Azərbaycan dövlətinin beynəlxalq və regional layihələrdə əsas iştirakçı qismində çıxış etməsi təsdiq edir. Son günlər Ermənistanın cəbhədə başladığı təxribatçı hərəkətlərə Azərbaycanın verdiyi layiqli cavabdan sonra dünya ictimaiyyətinin məsələyə reaksiyası da Azərbaycan diplomatiyasının nailiyyəti idi. Göründüyü ki, erməni lobbisinin, Ermənistan dövlətinin uzun illərdir apardığı təbliğat, qondarma faktların tirajlanması siyasəti Azərbaycanın haqq işi qarşısında aciz qalır. Hətta dünyanın aparıcı KİV-ləri belə Ermənistanı “işğalçı” adlandırdı.   

“Əfsuslar olsun ki, Ermənistan, onun xaricdəki havadarları və erməni lobbisinin nümayəndələri uzun illərdir bizə qarşı çirkin kampaniya aparırlar. Onlar böhtan, şər, qarayaxma kampaniyası aparırlar ki, bizi ləkələsinlər. Onların geniş maliyyə imkanları var. Bir çox hallarda onlar başqa müəlliflərin arxasında gizlənərək müxtəlif mətbu orqanlarda Azərbaycana qarşı qərəzli və təhqiredici yazılar da dərc edirlər, daim anti-Azərbaycan kampaniyası aparırlar. Onların bir nömrəli hədəfi Azərbaycandır. Belə olan halda, əlbəttə ki, biz öz həqiqətlərimizi, real vəziyyəti dünyaya çatdırmalıyıq. Əlbəttə, bu istiqamətdə bir çox işlər görülür. Ancaq Bakıda, Azərbaycanın digər yerlərində keçirilən mötəbər beynəlxalq tədbirlər, əlbəttə ki, xüsusi əhəmiyyət daşıyır. Çünki buraya gələn qonaqlar Azərbaycan reallıqlarını öz gözləri ilə görürlər. Görürlər ki, bu, müasir, inkişafda olan ölkədir. Görürlər ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Görürlər ki, Azərbaycanda insanlar rahat, demokratiya şəraitində yaşayırlar. Azərbaycanda insan haqları qorunur, bütün azadlıqlar mövcuddur”.

Bu sözləri mayın 9-da Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbulda Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunu şərh edərkən dedi.

Prezident qeyd etdi ki, Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır. Bizim beynəlxalq mövqelərimiz böyük dərəcədə möhkəmlənmişdir. Azərbaycanı indi bütün dünya ictimaiyyəti tanıyır və bizim fəaliyyətimizə böyük rəğbətlə yanaşır. Azərbaycanda keçirilən qlobal beynəlxalq tədbirlər həm imkanlarımızı, gücümüzü göstərir, eyni zamanda, bizə olan hörməti daha da artırır. Bu il Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çox böyük uğurla keçirilmişdir. Keçən il Avropa Oyunları böyük uğurla keçirilmişdir, gələn il İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Bu və digər mötəbər tədbirlər dünyanın diqqətini cəlb edir. Bu, bizim dövlətimizi gücləndirir.

Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan sürətli inkişaf yolundadır. Sitat: “Bu inkişafı biz öz hesabımıza qazanmışıq. Nəyi qazanmışıqsa, nəyi əldə etmişiksə, ancaq Azərbaycan xalqının zəhməti hesabına, düşünülmüş siyasət nəticəsində əldə etmişik. Bizə heç kim kömək etməmişdir, etmir və etməyəcəkdir. Buna ehtiyac da yoxdur. Ancaq biz öz işimizi elə qurmuşuq ki, bütün sahələr üzrə konkret proqramlarımız var və onlar icra edilir”.

Ancaq Azərbaycanın daha böyük hədəfləri var. Ölkəmizin təşəbbüskarlığı tək özünü gücləndirmir, həm də regiona fayda verir. Prezident deyir: “Azərbaycan gələcək illərdə beynəlxalq aləmdə daha da böyük hörmətə layiq olacaqdır. Ölkə daxilində proseslər müsbət istiqamətdə gedir. Bizim regional əməkdaşlıqla bağlı təşəbbüslərimiz nəinki ölkəmizi, qonşu ölkələri də gücləndirir. Bizdə gələcək inkişafla bağlı çox dəqiq proqramlar var və gələcəyə baxışımız çox dəqiqdir. Növbəti illərdə görüləcək işlər bizi daha da gücləndirəcəkdir. Ölkəmizin gələcək inkişafı ilə bağlı bizdə heç bir şübhə yoxdur. Azərbaycan bundan sonra da inkişaf yolu ilə gedəcək. Ölkə qarşısında duran bütün problemlər öz həllini tapır, tapacaq, o cümlədən sosial sahədə. Baxmayaraq ki, neftin qiyməti 3-4 dəfə düşüb, Azərbaycanda maaşlar və pensiyalar bu il 10 faiz artırılıb, sosial proqramlar icra edilir, məktəb, xəstəxana tikintisi, köçkünlərin problemləri və digər sosial məsələlər öz həllini tapır”.

Dünyanın iqtisadi böhranla əlləşdiyi indiki dönəmdə Azərbaycan inkişaf kosepsiyasının bütün elementlərini olduğu kimi icra edir və konkret nəticələr əldə edir. Qazanılan hər bir uğur Azərbaycan barədə mesaj verir, tərəfdaşlara isə zəmanət verir: bu ölkə sabitdir və etibarlıdır!

Vüsal Məmmədov

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2018) :
Aydın Gecə : +8 +10 | Gündüz: +15 +17
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0253 | Satış: 0.0269

Avro:
Alış: 2.044 | Satış: 2.1174
AzTV TƏQDİM EDİR