Analitika

Qalib Azərbaycan əsgəri, əzilmiş təxribatçı və sualı olan erməni ana (ŞƏRH)

04-05-2016 | 08:17        

  

Bu həftə prezident İlham Əliyev cəbhəyanı ərazilərdə səfərdə oldu, milli ordunun hazırlıq vəziyyəti, təchizatı, eləcə də cəbhəyanı ərazilərdə yaşayan əhalinin yaşayış səviyyəsi, ermənilərin mülki əhalini hədəfə alması nəticəsində dağılmış yaşayış evləri ilə tanış oldu.

Bu səfər, heç şübhəsiz, dövlət başçısının şəxsən və daimi olaraq nəzarətdə saxladığı ordu quruculuğu, cəbhə xəttindəki vəziyyətlə növbəti dəfə tanış olması, həm də cəbhədə gərginliyin yaşandığı bu günlərdə dövlət başçısının ön cəbhəyə qədər gedərək əsgərlərinin yanında olması anlamına gəlirdi. Eyni zamanda cəbhəyanı ərazidə yaşayan sakinlər bir daha hiss etdilər ki, dövlət və onun başçısı, ali baş komandan onlarladır.

İstər əsgərlərlə, istərsə də sakinlərlə görüşlərində prezident Azərbaycanın ərazi bütövlüyünün prioritet olduğunu, bu məsələnin müzakirə predmeti ola bilməyəcəyini bir daha qəti şəkildə bildirdi, Azərbaycanın güclü ordusu olduğunu və hansı yolla olursa olsun işğal altında olan torpaqlarımızın işğaldan azad ediləcəyini vurğuladı. Dövlət başçısı cəbhədə olduğu kimi diplomatik müstəvidə də Azərbaycanın Ermənistanı sıxışdırdığını qeyd etdi. Və bildirdi ki, belə vəziyyətdə Ermənistanın işğalçı hakimiyyəti təxribatlara əl atır.

Sitat: “Ordu quruculuğu siyasətimizin prioritetidir. Bu, təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. 1994-cü ildə atəşkəs rejimi yaradılıbdır. Ancaq buna baxmayaraq, Ermənistan atəşkəs rejimini daim kobudcasına pozur. Xüsusilə görəndə ki, onlara qarşı münaqişə ilə bağlı beynəlxalq təzyiq artır, onlar atəşkəsi daha çox pozurlar və müxtəlif silahlı təxribatlara əl atırlar.

Beynəlxalq ictimaiyyət münaqişə ilə bağlı artıq tam məlumatlıdır. Biz bu illər ərzində bütün dünyaya sübut edə bilmişik ki, zərərçəkən tərəf bizik. Ermənistan işğalçı dövlətdir, Azərbaycan xalqına qarşı soyqırımı törədib, torpaqlarımızı işğal edib və bu işğalı davam etdirir. Bu məsələ ilə məşğul olan Minsk qrupunun həmsədrləri də son vaxtlar dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və dəyişməlidir.

Bu, nə deməkdir? O deməkdir ki, işğala son qoyulmalıdır. Bu, birbaşa Ermənistana ünvanlanan siqnaldır. Buna görə və eyni zamanda, görəndə ki, Azərbaycan dünya miqyasında daha da çox dəstək qazanır, onlar danışıqları pozmaq və işğalçı siyasəti davam etdirmək üçün vaxtaşırı silahlı təxribatlara əl atırlar. Biz bunu yaxın keçmişdə görmüşük. Xüsusilə 2014-cü ildə yay aylarında bizim mövqelərimizə hücum çəkmişlər. O vaxt da bizim Ordumuz layiqli cavab verdi. Həmin ilin noyabrında danışıqlarda müəyyən ümidlər yaranandan sonra Ağdam rayonunda onların özlərinin verdiyi məlumata görə, 47 min nəfərlik şəxsi heyətlə genişmiqyaslı təlimlər keçirmişlər. Bu, sırf təxribat xarakterli bir addım idi. Azərbaycan tərəfi bir neçə gün özünü çox təmkinlə apardı. Ancaq ondan sonra Ermənistanın iki hərbi helikopteri bizim mövqelərimizə hücum çəkdi. Azərbaycan Ordusu da onların birini məhv etdi. Bundan istifadə edən Ermənistan bizi günahlandırdı və danışıqlar prosesində yenə də durğunluq yarandı. Bu hadisəni bəhanə gətirərək bizi ittiham etməyə başladılar ki, Azərbaycan atəşkəsi pozur. Məqsəd də aydın idi ki, yenə də danışıqlar aparılmasın, işğalçı siyasət yenə də davam etdirilsin”.

Azərbaycan dövləti, Azərbaycan Ordusu heç vaxt mülki əhali ilə müharibə aparmayıb və aparmır. Prezidentin qeyd etdiyi kimi, biz sadəcə olaraq, düşmənin atəş mövqelərini bizə açılan atəş zamanı böyük ustalıqla məhv edirik. “Ancaq eyni zamanda, Azərbaycan Ordusu öz vətəndaşlarını qorumalıdır, qoruyur və qoruyacaq. Münaqişənin həlli Ermənistan dövlətinə də imkan verəcək ki, onlar da müstəqil dövlət qura bilsin. Mən yenə də ümid edirəm ki, onların işğalçı siyasəti sona çatacaq. Çünki bunun başqa yolu yoxdur. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və son hadisələr bunu bir daha göstərdi. Bizə qarşı edilən silahlı təxribat cavabsız qalmadı. Bunu hamı bilir. Ermənistan rəhbərliyi nə qədər tez anlasa ki, onlar ancaq Azərbaycan ilə sülh şəraitində inkişaf edə bilərlər, münaqişəyə bir o qədər tez son qoyular.

Münaqişənin həlli isə beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır. Bütün beynəlxalq təşkilatlar - BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Heç bir beynəlxalq təşkilat Ermənistanın işğalçı siyasətini dəstəkləmir. Dünyada heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. İşğal edilmiş Dağlıq Qarabağ və digər torpaqlar bizim tarixi torpaqlarımızdır. Azərbaycan vətəndaşları o torpaqlarda yaşamalıdır və yaşayacaqlar” – deyə dövlət başçısı şərh edir.

Maddi-texniki bazası, təchizatı baxımından dünyanın ən güclü orduları sırasına çıxan Azərbaycan ordusunun daha iki üstünlüyü var: hərbi-vətənpərvərlik, qəhrəmanlıq ruhu və ədalət uğrunda - öz doğma torpağı uğrunda döyüşməsi!

Səfalət içində yaşayan, siyasi, iqtisadi cəhətdə böhrana düçar olmuş Ermənistanda isə ordu yaşlı ermənilərin ümidinə qalıb. Nə maddi-texniki bazadan danışmaq olar, nə də ki, ruh yüksəkliyindən. Erməni anaları isə bir sual maraqlandırır və erməni siyasi hakimiyyətindən bu sualın cavabını tələb edirlər: onların övladları nəyə görə yad torpaqlarda ölməlidir?!

Vüsal Məmmədov