Analitika

Dağlıq Qarabağ münaqişəsi dünya mediasında

02-05-2016 | 15:48        

  

Ermənistanın cəbhədə etdiyi təxribatlar və Azərbaycan orudusunun uğurlu əks-həmlələrindən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bir daha dünya ictimaiyyətinin diqqət mərkəzinə gəldi. Hadisələr göstərdi ki, Azərbaycan bu münaqişəni bir neçə gün içərisində həll edə bilər, sadəcə, rəsmi Bakı sülh danışıqlarına sadiqdir və konfliktin beynəlxalq sənədlər çərçivəsində danışıqlar masasında həllinə tərəfdardır.

Ötən ay boyunca dünyanın bütün nüfuzlu media orqanları Dağlıq Qarabağ münaqişəsinə yer ayırdı, Ermənistanın işğalçılıq faktını qeyd etdi. Son günlər ərzində də bir çox KİV-lər cəbhədə baş verənlər fonunda münaqiənin köklərini, region üçün doğurduğu təhlükəni və Ermənistanın işğalçılıq siyasətini müzakirəyə çıxarır, vəziyyəti təhlil etməyə, qiymətləndirməyə çalışır.

Ermənilərin müharibə qanunlarını da tanımadığını, mülki əhalini hədəfə aldığını  göstərmək məqsədilə ölkəmizə ezam olunmuş xarici jurnalistlərin də cəbhəboyu zonaya səfərləri təşkil olundu.

Əl-Cəzirə, Reuters, Associated Press, Frans-Press, Anadolu Agentliyi, TRT World, BBC kimi dünyanın nüfuzlu media orqanlarının nümayəndələri, həmçinin yerli jurnalistlər əvvəlcə Bərdə rayonunda olublar.

Yerli və xarici jurnalistlər ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşların müalicə olunduğu Bərdə Diaqnostika Mərkəzində xəsarət alanların səhhəti ilə maraqlanıblar. Yaralıların vəziyyətinin sabit olduğu, müalicələrinin davam etdirildiyi, həyati təhlükələrinin olmadığı bildirilib.

urnalistlər sonra Sarıcalı kəndində tam orta məktəbin düşmənin artilleriya atəşləri nəticəsində ziyan dəymiş binasına baxıblar. Məktəbin direktoru Aybəniz Məhərrəmova aprelin 2-də Ermənistan silahlı qüvvələri bölmələrinin şiddətli artilleriya atəşi nəticəsində binaya ciddi ziyan dəydiyini bildirib. Qeyd edib ki, mərmilər şənbə günü günortadan sonra binaya düşdüyündən müəllim və şagirdlərdən xəsarət alan olmayıb. Məktəbin binasının dam örtüyü tamamilə sıradan çıxıb, dörd sinif otağı yararsız hala düşüb. Hazırda məktəbdə təmir-bərpa işləri aparılır.

Sonra media nümayəndələri Mahrızlı kəndində vətəndaşa məxsus dağılmış evə baxış keçiriblər. Kənd sakini Şahmalı Qəhrəmanov bildirib ki, aprelin 27-dən 28-nə keçən gecə düşmənin artilleriya atəşləri nəticəsində kəndin ərazisinə təxminən 100-ə yaxın mərmi düşüb. Kənddə 29 evə ziyan dəyib, 3 ev tamamilə dağılıb. Ayın 1-5-də isə 57 evə ziyan dəymişdi. Ş.Qəhrəmanov vəziyyətlə əlaqədar kənd sakinlərinin təsərrüfat işləri görə bilmədiyini də qeyd edib.

Rayonun Qaradağlı kəndinə gələn KİV nümayəndələri ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində Elməddin Həsənovun dağılan evinə baş çəkiblər. Mərminin evə düşdüyü vaxt qonşuda olduğunu deyən E.Həsənov jurnalistlərə bildirib: “Qəfildən eşidilən güclü partlayış səsindən qorxduq. Bayıra çıxanda gördük ki, evimiz artıq dağılıb. Şükür ki, mərmi düşən zaman evdə olmamışıq”.

Jurnalistlər Qaradağlı kəndində Sabir Haqverdiyevin dağılmış evinə və Habil Muradovun həyətyanı sahəsinə də baxıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı media təmsilçilərinə müsahibəsində deyib: Son üç gecə ərzində Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən təmas xəttinə yaxın yaşayış məntəqələrini mütəmadi olaraq atəşə tutub. Atəş əsasən minaatanlardan, haubitsalardan, “BM-21” tipli yaylım atəşi sistemlərindən həyata keçirilib. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən verilən tapşırığa əsasən, ön xətdə yerləşən hərbi qüvvələrimiz düşmənin bütün atəş nöqtələrinin susdurulması üçün qətiyyətli cavab tədbirləri görür. Bu tədbirlər mütəmadi olaraq həyata keçiriləcək və düşmənin ön xətdə olan bütün atəş nöqtələri məhv ediləcək”.

Fermer təsərrüfatının rəhbəri Fuad Əyyubzadə aprelin 27-dən 28-nə keçən gecə ağır artilleriya atəşləri nəticəsində müəssisəyə ciddi ziyan dəydiyini deyib. Bildirib ki, təsərrüfatın ərazisinə çoxlu sayda mərminin düşməsi cins inəklərdən 12-sinin tələf olması, 25 baş iribuynuzlunun yaralanması ilə nəticələnib. Fermadakı sağım avadanlığına və tikililərə də ziddi ziyan dəyib.

Məlumat verilib ki, ümumiyyətlə Əfətli kəndinə 60-dək mərmi düşüb. Kənddə üç ev dağılıb, 20 ev ciddi zərər çəkib, bir mülki şəxs yaralanıb. Həmin sakin hazırda Ağdam Mərkəzi Rayon Xəstəxanasında müalicə olunur.

Yerli və xarici KİV-lərin təmsilçiləri daha sonra Ermənistan silahlı birləşmələrinin artilleriya atəşləri nəticəsində Ağcabədi rayonunun Qaraxanlı kəndində yanan evə baxış keçiriblər. Ev sahibi Ələkbər Ələkbərov deyib ki, düşmənin atdığı mərmi evə aprelin 27-də saat 23-24 radələrində düşüb. O bildirib: “Ermənilər atəşə başlayanda biz dərhal evi tərk etdik. On beş dəqiqə sonra mərminin partlaması nəticəsində evimiz tamamilə dağıldı. Əgər bir az gec çıxsaydıq, hamımız həlak olacaqdıq”.

Kənd sakinləri media nümayəndələrindən haqq səslərinin dünya ictimaiyyətinə çatdırılmasını xahiş ediblər. Artıq 23 ildən çoxdur bu şəraitdə yaşadıqlarını deyən sakinlər müharibənin tezliklə başa çatmasını, işğal altındakı torpaqlarımızın azad olunmasını tələb ediblər.

Dünya mediası nə yazır?

Qeyd etdiyimiz kimi, ötən ay rəzində ABŞ, Böyük Britaniya, Rusiya, Çin, Almaniya, İtaliya, Fransa, Türkiyə kimi böyük ölkələrin nüfuzlu media orqanları cəbhədə baş verən atışma, eləcə də münaqişənin tarixi kökləri və danışıqların hazırkı vəziyyəti barədə materiallar dərc etdilər.

Son günlər də xarici KİV-də bu məzmunda xeyli yazılara rast gəlmək mümkündür. Onlardan bəzilərini nəzərdən keçirək:

“The Daily Caller”: “Ermənistanın və onun qonşularının diqqətli təhlili”

Amerikada çıxan “The Daily Caller” qəzetində siyasi icmalçı Ceyson Katsın “Ermənistanın və onun qonşularının diqqətli təhlili” sərlövhəli məqaləsi dərc edilib. Materialda Ermənistanın uğursuz “müstəqilliyi”ndən və onun Azərbaycana qarşı təcavüzündən bəhs edilir. Ekspert yazır ki, Ermənistan siyasi, iqtisadi və diplomatik baxımdan başqa dövlətlərdən tamamilə asılı vəziyyətdədir. Kats yazır ki, bu asılılıq “fayda” ilə deyil, onunla bağlıdır ki, Ermənistan rəhbərliyi müstəqil dövləti necə qurmaq lazım olduğunu əsla anlamır. Ermənistanın dövlət sərhədlərini qoruyan qoşunlar onun öz qoşunları deyil. Ermənistan keçmiş SSRİ məkanında yeganə respublikadır ki, onun ərazisində başqa dövlətin hərbi bazaları yerləşir. Təsəvvür etmək çətin olsa da, Ermənistanı “müstəqilliyə” və öz qonşuları ilə münasibətlərini bərpa etməyə doğru aparan məhz keçmiş militaristlərdir. Ermənistanın indiki prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tom de Vaala müsahibəsində açıq etiraf edib ki, Xocalıda dinc sakinlərin kütləvi şəkildə qırılmasını təşkil edən o olub, ölkənin əvvəlki rəhbərliyinin ölkə parlamentinin binasında atəşə tutulması faktı isə Ermənistanın indiki rəhbərlərinin hansı siyasi dəyərlərə üstünlük verməsini açıq-aydın göstərir.

Müəllif qeyd edir ki, ermənilər tərəfindən din amilindən riyakarcasına istifadə edilməsi, bu amilin ermənilərlə azərbaycanlılar arasında münaqişənin səbəbi kimi qələmə verilməsi irqçilik əlamətidir. Məqalədə daha sonra erməni terrorizmi, o cümlədən azərbaycanlılara qarşı kütləvi qırğın törətmiş erməni silahlıları və “Arabo” bandası barədə söhbət açılır.

Kats məqalənin sonunda yazır ki, Ermənistan Türkiyə üçün, NATO üçün və bütün region üçün təhlükə mənbəyidir, çünki həqiqətən müstəqil dövlət o ölkədir ki, öz qonşuları ilə sülhü bərqərar etməyə çalışsın.

“The Hill”: “Ermənistan və Azərbaycan: regional müharibə başlanırmı?”

ABŞ –da çıxan “The Hill” qəzetində İsrailin aparıcı Analitika Mərkəzinin beynəlxalq kommunikasiyalar şöbəsinin direktoru, “The Jerusalem Post” və “The Baltimore Jewish Times” qəzetlərinin keçmiş redaktoru Maayan Caffe-Hoffmanın “Ermənistan və Azərbaycan: regional müharibə başlanırmı?” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə Ermənistan ilə Azərbaycan arasında münaqişənin 2016-cı ilin aprelində eskalasiyasından və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda yerləşən Ermənistan qüvvələrinin təcavüzündən danışılır. Oxucuya Dağlıq Qarabağ münaqişəsi barədə faktlar təqdim edən müəllif yazır ki, Azərbaycan ərazilərinin 20 faizi 1994-cü ildən Ermənistan tərəfindən işğal edilib və bu təcavüz nəticəsində bütövlükdə bir milyondan çox azərbaycanlı doğma yurd-yuvasından qovulub. M.Caffe–Hoffman qeyd edir ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyünü özünün 822, 853, 874, və 884 saylı qətnamələrində təsdiq edib. O vurğulayıb ki, təmas xəttində ermənilərin Azərbaycan mövqelərinə hücumu Prezident İlham Əliyevin IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a səfəri zamanı başlayıb. Səfər çərçivəsində Azərbaycan Prezidenti dövlət katibi Con Kerri, vitse-prezident Co Bayden və ABŞ Prezidenti Barak Obama ilə görüşüb. Vitse-prezident C.Bayden və dövlət katibi C.Kerri ikitərəfli münasibətlərin möhkəmlənməsini və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar. Liderlər, həmçinin energetika sahəsində əməkdaşlıq, o cümlədən “Cənub Qaz Dəhlizi” layihəsi, enerji təhlükəsizliyi və şaxələndirmə məsələlərini müzakirə ediblər. Daha sonra müəllif Ermənistanın siyasi müstəqilliyini itirməsindən və bu ölkənin satellitə çevrilməsindən yazıb.

M.Caffe-Hoffman sonda yazır ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycandan çıxarılmasının, qaçqınların və məcburi köçkünlərin doğma yurd-yuvalarına qaytarılmasının, Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni və Azərbaycan icmalarının həyatının normallaşdırılmasının və Ermənistanın regiona yenidən inteqrasiyasının vaxtı çatıb.

“EurActiv”: Ermənistan status-kvonu saxlamaq istəyir

Aprelin əvvəllərində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrlə bağlı “Stratfor” qlobal starteji təhlillər və proqnozlaşdırma mərkəzinin hazırladığı “Dağlıq Qarabağda döyüşlər səngidikcə siyasət canlanır” başlıqlı yazı Avropa İttifaqı məsələlərini işıqlandıran nüfuzlu “EurActiv” xəbər portalında dərc olunub.

Yazıda aprelin əvvəllərin cəbhə xəttində gedən döyüşlər, tərəflərin verdiyi itkilər, ABŞ, Rusiya və Türkiyə rəsmilərinin münaqişənin həlli istiqamətində tərəflərlə danışıqlar aparmaq cəhdləri, həmçinin aprel ayı ərzində məsələ ilə əlaqədar cərəyan edən hadisələr barədə məlumatlar əksini tapır. Həmçinin bildirilir ki, Ermənistan və Azərbaycan arasında aparılan danışıqlar bu günədək 2007-ci ilin Madrid Prinsipləri əsasında həyata keçirilirdi. Tərəflərin danışıqları apara bilmək üçün əsaslana biləcəkləri hüquqi bazalarının və razılığın əldə olunmasına böyük maraqlarının olmasına baxmayaraq, son razılığın əldə edilməsi yolunda ən əsas maneə Ermənistanın status-kvonu saxlamaq istəyi olduğu göstərilir.

İordaniya nəşri: Ermənistan silahlı qüvvələrinin atəşləri nəticəsində Azərbaycanın mülki əhalisi arasında qurbanlar var

İordaniyanın “Orobanyus” qəzeti qoşunların təmas xətti yaxınlığında Azərbaycan Ordusunun mövqelərinin və yaşayış məntəqələrinin Ermənistan silahlı birləşmələri tərəfindən davam edən ardıcıl atəşə tutulması haqqında Azərbaycan Dövlət İnformsiya Agentliyinin məqaləsinin tam mətnini dərc edib.

Qəzet qeyd edir ki, aprelin 5-də Azərbaycanla Ermənistan arasında atəşkəs rejiminin bərpa edilməsi ilə bağlı razılıq əldə olunmasına baxmayaraq, aprelin 26-27-də erməni silahlı birləşmələri iriçaplı silahlardan, “Qrad” qurğusu, top və tanklardan istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini, habelə qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrini intensiv atəşə tutublar.

Yazıda qeyd edilir ki, aprelin 27-də saat 23.00-dan aprelin 28-i saat 04.00-dək Ermənistan silahlı qüvvələri cəbhə boyu bütün istiqamətlərdə iriçaplı silahlardan yaşayış məntəqələrini şiddətli atəşə tutublar. Nəticədə Tərtər rayonunun 10 yaşayış məntəqəsində 58 evə, iki kənd məktəbinə və digər qeyri-yaşayış obyektlərinə ciddi ziyan dəyib.

Ağdam rayonunun Çəmənli kənd sakini, 1966-cı il təvəllüdlü Mustafayev Famil Əli oğlu həlak olub, 4 mülki şəxs ağır, 4-ü isə yüngül yaralanıb. Rayonun 4 yaşayış məntəqəsində 10 ev tamamilə dağıdılıb, 40 evə ziyan dəyib. Atəşlər nəticəsində bəzi qeyri-yaşayış obyektləri, əhalinin mülkiyyəti yararsız hala düşüb, fərdi təsərrüfatlara ciddi ziyan vurulub.

Ağcabədi rayonunda 1 ev yanıb, 2 evə, 1 yardımçı tikiliyə, əhalinin mülkiyyətinə və təsərrüfatına ciddi ziyan dəyib.

Qəzetdə daha sonra yazılır ki, aprelin 2-dən başlayaraq, Ermənistan silahlı bölmələrinin iriçaplı silahlardan intensiv atəşləri nəticəsində çoxlu sayda yaşayış məntəqəsinə, əhalinin mülkiyyətinə və təsərrüfatına ciddi ziyan vurulub, dinc sakinlər həlak olub və ya yaralanıb. Ümumilikdə, 34 yaşayış məntəqəsinə 97 mərmi düşüb. Tərtər rayonunda 3, Ağdamda 2 mülki şəxs həlak olub, 34 nəfər xəsarət alıb. Onların 18-i Ağdam, 8-i Tərtər, 6-sı Goranboy, 1-i Füzuli, 1-i isə Ağcabədi rayonlarının sakinləridir. Həmçinin 16 nəfər aprelin 5-də atəşkəs barədə razılaşma əldə olunduqdan sonra Ermənistan silahlı birləşmələrinin açdığı atəşlər nəticəsində yaralanıb. Ağdamda 109, Tərtərdə 259, Goranboyda 85 olmaqla, ümumilikdə 457 tikiliyə ziyan dəyib ki, onlardan da 412-si yaşayış evidir. Ziyan dəymiş evlərin 82-si Ağdam, 248-i Tərtər, 79-u Goranboy, 3-ü isə Ağcabədi rayonlarının ərazisində yerləşir.

Habelə 26 ev tamamilə dağıdılıb, digərlərinə isə ciddi ziyan dəyib. Həmçinin atəşkəs barədə razılaşmadan sonra 98 evə ziyan vurulub, 12 ev tamamilə dağıdılıb.

Müəyyən edilib ki, ermənilərin atəşləri nəticəsində məktəblər, səhiyyə müəssisələri, uşaq bağçaları, mədəniyyət evləri və s. daxil olmaqla, 18 qeyri-yaşayış obyektinə, həmçinin 27 yardımçı tikiliyə ciddi ziyan dəyib. Əhaliyə məxsus 309 baş mal-qara tələf olub.

Bundan başqa, Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarının qoşunların təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqələri istiqamətində əkin sahələrinə, həmçinin kommunal obyektlərə - elektrik, su, yol, rabitə təsərrüfatına, qaz xətlərinə ciddi zərər vurulub.

“Orobanyus” qəzeti öz səhifələrində Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının hadisələr barədə Beynəlxalq Qızıl Xaç Komitəsini məlumatlandırması barədə Azərbaycan Dövlət İnformsiya Agentliyinin xəbərini də yerləşdirib. Xəbərdə bildirilir ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsini Ermənistanın hərbi cinayət törətməsini və atəşkəs rejimini pozmasını dayandırmaq üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb.

Özbəkistan portalı da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı cinayətlərindən yazır

Özbəkistanın Ziyouz.uz portalı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı özbək dilində məqalə yayıb.

Məqalədə Ermənistan silahlı qüvvələrinin təmas xəttində yaşayan mülki əhalini, yaşayış məntəqələrini ağır silahlardan atəşə tutması, mülki əhaliyə qarşı beynəlxalq aləmdə qadağan olunmuş silahlardan istifadə etməsi barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatından fikirlər yer alır.

Qeyd olunur ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ermənilərin regiondakı təxribatı, təmas xəttindəki gərginliklə bağlı Birləşmiş Millətlər Təşkilatının baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına və digər beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb.

Yazıda münaqişənin tarixinə nəzər salınır, Azərbaycan torpaqlarının işğal edildiyi, beynəlxalq hüququn prinsiplərinin pozulduğu vurğulanır. Son günlər ermənilərin cəbhə xəttində törətdikləri təxribatlar və Ermənistan ordusu tərəfindən təmas xəttindəki Azərbaycan kəndlərinə müxtəlif silahlardan atəş açılması, mülki əhalinin həlak olması və yaralanması haqqında məlumat verilir.

Hazırladı: Vüsal Məmmədov