Analitika

Bakı növbəti dəfə sivilizasiyalar arası dialoqa ev sahibliyi edir

27-04-2016 | 10:33        

  

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Bakının ev sahibliyi etməsi təsadüfi deyil. Çünki tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir.

2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Ötən ilin iyul ayında Prezident İlham Əliyev Forumun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

“İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında keçirilən Foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla, çoxlu qonaq qatılıb. Odur ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakı şəhərində yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılmasında, xalqımızın tarixi-mədəni irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyətli rola malikdir.

Forumun açılışında nitq söyləyən Prezident İlham Əliyev qonaqları salamlayaraq belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsinin böyük şərəf olduğunu, ölkəmizin multikulturalizm dəyərlərini uğurla yaydığını dedi. Dövlətimizin başçısı BMT-nin Sivilizasiyalar Alyansının yaradılması təşəbbüsü ilə çıxış etdiklərinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və İspaniyanın keçmiş Baş naziri Xose Luis Rodrigez Sapateroya təşəkkür etdi. “Azərbaycan əsrlər boyu mədəniyyətlər və dinlərin qovuşuğunda yerləşib, ölkəmiz Şərq ilə Qərb arasında mədəni körpü rolunu oynayıb”, - deyən Prezident İlham Əliyev tolerantlığın və multikulturalizmin Azərbaycanda hər zaman hökm sürdüyünü, bunun bizim böyük zənginliklərimizdən biri olduğunu və bu tarixin bizi fərəhləndirdiyini vurğuladı. Dövlətimizin başçısı dedi ki, 743-cü ildə ən qədim məscidlərdən biri Şamaxıda tikilib, torpağımızda qədim Alban kilsələri olub. Bu gün ölkəmizdəki məscidlər, katolik və pravoslav kilsələri təmir olunur və qorunur. Bu da onu göstərir ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir.

Prezident İlham Əliyev bildirdi ki, 2008-ci ildə Azərbaycanın irəli sürdüyü təşəbbüslə Bakıda həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının bir çox tədbirləri baş tutub. Ötən il ilk Avropa Oyunları keçirilib, gələn il isə paytaxtımız İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək.

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun multikulturalizm dəyələrinin təzahürü olduğunu deyən Prezident İlham Əliyev vurğuladı ki, dünyanın siyasi xadimləri bu müsbət dinamikaya dəstək verməlidirlər. Azərbaycanın bir çox beynəlxalq təşkilatlarda fəal iştirak etdiyini, 2011-ci ildə ölkəmizin 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini deyən dövlətimizin başçısı ötən dövrdə Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünü, regional inkişafa töhfə verdiyini, müstəqillik illərində mühüm dövlət təsisatlarının formalaşdığını, bütün azadlıqların təmin edildiyini, siyasi və iqtisadi islahatların aparıldığını diqqətə çatdırdı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın ölkəmizin BMT tərəfindən tanınan ərazi bütövlüyünü pozduğunu, Dağlıq Qarabağı və ətraf rayonları işğal etdiyini dedi, xalqımızın etnik təmizləməyə məruz qaldığını, Xocalı soyqırımının törədildiyini, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini, işğal olunan ərazilərdə hər şeyin dağıdıldığını bildirdi. “Ermənistan BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması ilə bağlı qətnamələrinə məhəl qoymur”, - deyən dövlətimizin başçısı vurğuladı ki, məsələnin həlli ilə əlaqədar Ermənistana beynəlxalq təzyiq göstərilməli, münaqişə beynəlxalq hüququn normaları çərçivəsində nizama salınmalıdır.

Prezident İlham Əliyev onu da dedi ki, ölkəmiz inkişaf edir. Son illərdə işsizliyin və yoxsulluğun azaldılması ilə bağlı ciddi tədbirlər görülüb, təhsil və səhiyyə problemləri uğurla həll olunub, gender bərabərliyinin təmin olunması, ekoloji problemlərin həlli istiqamətində tədbirlər həyata keçirilib. Ölkəmizin nəhəng enerji və nəqliyyat layihələrinin müəllifi və iştirakçısı olduğunu deyən Prezident İlham Əliyev çıxışının sonunda Forumun işinə uğurlar arzuladı.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir bu Forumu qəbul etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı liderliyini xüsusi qeyd edən Əl-Nasir bildirdi ki, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi dünya xalqları arasında münasibətlərin möhkəmləndirilməsi yolunda mühüm addımdır. Ona görə də Bakı bu tədbirin keçirilməsi üçün ən münasib yerdir. Sivilizasiyalar Alyansının builki mövzusunun “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd”ə həsr olunduğunu deyən Əl-Nasir bunun BMT-nin 2030-cu ilədək olan davamlı inkişaf məqsədlərinə uyğun gəldiyini bildirdi. Qeyd etdi ki, hazırda zorakı ekstremizmin aradan qaldırılması, dünyada zorakılıq hallarının azaldılması qarşıda duran vacib məsələlərdən biridir və bu missiyanın həyata keçirilməsində gənclərin dəstəyindən, onların fəaliyyətindən istifadə olunmalıdır.

BMT-nin baş katibi Pan Gi Mun videomüraciətində Bakıda bu tədbirin keçirilməsinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. Hazırda dünyanın və insanların ciddi böhranlar dövrü yaşadığını deyən baş katib ayrı-seçkiliyin və təcridolunmanın yalnız ekstremist arzuların yayılmasına xidmət etdiyini dedi və bu problemlərin həllində bütün cəmiyyətləri birgə səy göstərməyə çağırdı. Budəfəki Forumun mövzusunun BMT-nin 2030-cu ilədək elan etdiyi məqsədlərə uyğun olduğunu deyən Pan Gi Mun diqqəti bütün münaqişələrin sülh yolu ilə həllinin vacibliyinə cəlb etdi. O, müraciətində Sivilizasiyalar Alyansının işini təqdir etdi və bütün dünyada etimadın artırılması yolunda çalışmağın zəruriliyini vurğuladı.

İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia Marqallo göstərilən qonaqpərvərliyə və yüksək təşkilatçılığa görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Bakının böyük İpək Yolu üzərində yerləşməklə əsrlər boyu ideyalar mübadiləsi və ticarət mərkəzi rolunu oynadığını deyən nazir bu baxımdan Azərbaycan paytaxtını bütün dövrlərin informasiya mərkəzi kimi xarakterizə etdi və bu səbəbdən budəfəki Forumun burada təşkilinin təbii olduğunu dedi. “Sivilizasiyaların müxtəlifliyi və çoxmədəniyyətlilik insan üçün danılmaz gücdür”, - deyən İspaniya xarici siyasət idarəsinin rəhbəri terrorizm, ksenofobiya, zorakı ekstremizm kimi təhdidlərin qarşısının alınması ilə bağlı daha geniş tədbirlərin görülməsinin vacibliyini vurğuladı. O da VII Qlobal Forumun qarşıda duran məqsədlərə nail olmağa böyük dəstək verəcəyinə əminliyini ifadə etdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Bakıya gəlməkdən məmnun olduğunu deyərək bu Forumun 2016-cı ilin “Multikulturalizm ili” elan edilən Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxundu. Hazırda Sivilizasiyalar Alyansının BMT-nin ən önəmli qurumlarından birinə çevrildiyini deyən Türkiyə Prezidenti Alyansın məqsədlərinə nail olunması istiqamətində görülən işlərin hələ də yetərli olmadığını bildirdi. Qeyd etdi ki, dünyanın müxtəlif yerlərində baş verən qanlı toqquşmalar və terror aktları hələ də bizə çox işləməyin vacibliyini xatırladır. O, dünyada İslam dininə qarşı yönələn yanlış fikirlərin və təhdidlərin yolverilməz olduğunu, terror təşkilatlarını İslamla əlaqələndirməyin qətiyyən doğru olmadığını diqqətə çatdırdı. Rəcəb Tayyib Ərdoğan dedi ki, bütün təhdidlərin qarşısı ancaq ortaq mübarizə sayəsində alına bilər və terrora qarşı qlobal mübarizə günümüzün ən vacib məsələlərindən biridir.

Türkiyə dövlətinin başçısı çıxışının sonunda Forumun işinə uğurlar arzuladı.

Forum işini plenar və bölmə iclasları, BMT-nin Sivilizasiyalar Alyansının yüksək səviyyəli toplantısı ilə davam etdirir.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR