Analitika

Bakı Forumu: Azərbaycanın beynəlxalq nüfuzu və şaxələnən xarici əlaqələr

27-04-2016 | 10:24        

  

Bakı növbəti beynəlxalq əhəmiyyətli tədbirə evsahibliyi edir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu ölkəmizin paytaxtında keçirilir.

2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Ötən ilin iyul ayında Prezident İlham Əliyev Forumun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

“İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında keçirilən Foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla, çoxlu qonaq qatılıb. Odur ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakı şəhərində yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılmasında, xalqımızın tarixi-mədəni irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyətli rola malikdir.

Bu forum ölkəmizin xarici əlaqələrini də şaxələndirir, yeni-yeni dostlar, tərəfdaşlar qazandırır.

Heç vaxt ölkəmizdə olmayan xarici diplomatlar, siyasətçilər Bakıya təşrif buyurmaqla buradan xeyli informasiya və Azərbaycan həqiqətlərini aparır. Dünya ölkələrinin yüksək səviyyəli təmsilçiləri ölkəmizdəki inkişafı, mühiti, əldə edilmiş nailiyyətləri, xalqımızın mentalitetini, qonaqpərvərliyini öz gözləri ilə görür.

Əksər qonaqlar Azərbaycanın inkişaf səviyyəsini, əldə olunmuş naliyyətləri xüsusi vurğu ilə qeyd edirlər. Məsələn, İspaniya Krallığının xarici işlər naziri Xose Manuel Qarsia Marqallo deyir: “Azərbaycanda sürətli inkişafın şahidi oldum”.

Nazir əlavə edir ki, bu inkişafı yaradan ən vacib amil Azərbaycandakı siyasi və makroiqtisadi sabitlikdir.

Dediyimiz kimi, Forum həm də əlaqələrin şaxələndirilməsi perspektivini açır.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tolerantlıq üzrə dövlət naziri xanım Şeyxə Lubna Al Qassiminin görüşü zamanı Azərbaycanla BƏƏ arasında əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıb.

Tərəflər hər iki ölkə vətəndaşları üçün viza rəsmiləşdirilməsinin asanlaşdırılması və aviareyslərin sayının çoxaldılmasının qarşılıqlı turist səfərlərinin artmasına xidmət etdiyini bildiriblər.

Görüşdə, həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın önəmi qeyd olunub, müxtəlif layihələr üzrə birgə sərmayələrin yatırılması və birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Harlem Dezir Bakı Fransız Liseyi ilə tanışlıqdan sonra onunla Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov arasında görüş keçirilib. Görüşdə Fransız-Azərbaycan Universitetinin yaradılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

***

Bu Forum dünyanın bir çox ölkələrindən nüfuzlu şəxsləri bir araya toplayaraq, bir sıra vacib məsələlərin müzakirəsi üçün gözəl imkanlar yaradır.

Bunu BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda Haiti təmsilçisi Lyne Vanessa Alexandre  deyib.

Azərbaycanda olmasından məmnunluğunu ifadə edən L.V.Alexandre VII Qlobal Forumun yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. Qeyd edib ki, belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin nümayəndələrinin iştirakı Azərbaycanın regionda və dünyada getdikcə artan nüfuzuna bariz nümunədir. Mədəniyyətlərarası dialoqun gələcəkdə daha səmərəli, faydalı əməkdaşlığa şərait yaradacağına əminliyini ifadə edən qonaq deyib”: Azərbaycan Avropaya doğru inamlı addımlarla irəliləyən gənc ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionun ən vacib dövlətlərindən birinə çevrilib”.

***

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edən İtaliya mədəniyyət naziri katibinin müavini Dorina Bianchi ilə görüşüb.

Görüş zamanı Forumun əhəmiyyəti, Azərbaycan və İtaliya arasında mədəni əlaqələr müzakirə edilib. Əbülfəs Qarayev Azərbaycanın İtaliya ilə hər zaman isti münasibətlərinin olduğunu diqqətə çatdıraraq, ölkəmizin mədəni irsi haqqında qonaqları məlumatlandırıb. Mədəniyyət sahəsində qarşılıqlı əlaqələrdən söz açan nazir İtaliya və Azərbaycan muzeyləri arasında əlaqələrin vacibliyini vurğulayıb.

Azərbaycanın turizm potensialının özəlliklərini qonaqların diqqətinə çatdıran Ə.Qarayev Azərbaycan Turizm və Menecment Universiteti, Turizm Assosiasiyası, Azərbaycan Konqreslər Bürosu, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək, Kənd Yaşıl Turizminin İnkişafına Dəstək İctimai Birlikləri haqqında qonaqlara məlumat verib. Ölkəmizdə sağlamlıq, dağ, əyləncə və digər turizm növlərinin inkişaf etdiyini söyləyib.

Dorina Bianchi yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib, İtaliya ilə Azərbaycan arasında mədəni əlaqələrin bundan sonra da davam etdiriləcəyinə və genişlənəcəyinə əminliyini vurğulayıb.

***

Azərbaycan və Bruney beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər.

Bu fikir xarici işlər naziri Elmar Məmmədyarovun Bruneyin xarici işlər və ticarət naziri Cok Senq Lim ilə görüşündə səsləndirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun əhəmiyyəti qeyd olunub.

***

Azərbaycan ilə İran arasında turizm sahəsinin inkişafı məqsədilə birgə işçi qrupunun yaradılması nəzərdə tutulur. Məqsəd qarşılıqlı əməkdaşlığı və birgə fəaliyyəti daha da genişləndirməkdir.

Bu təklif Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan İran İslam Respublikasının vitse-prezidenti, Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Məsud Soltanifər ilə aprelin 26-da keçirdiyi görüşdə səsləndirilib.

Nazir Ə.Qarayev Azərbaycan ilə İran arasında siyasi, iqtisadi, kənd təsərrüfatı, mədəniyyət, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdiyini bildirib. Qeyd edib ki, hər iki ölkənin prezidentləri xalqlarımızın dostluğuna və bərabər yaşamasına çox böyük səy göstərirlər. Bunun üçün də biz bu siyasətdən istifadə edərək həm mədəniyyət, həm də turizm sahəsində birgə çalışmalıyıq ki, bizim bu əməkdaşlığımız bütün dünyaya nümunə olsun.

Ə.Qarayev deyib ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsinin məqsədi bu regionun və ölkələrin siyasətini, mədəniyyətini dünyada tanıtmaqdır: “Biz istəyirik ki, regionumuz və buradakı ölkələr bütün dünyada tanınsın və bilinsin ki, bura sülh, əmin-amanlıq, dostluq və əməkdaşlıq diyarıdır”. O, İranlı həmkarına BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakına görə təşəkkürünü bildirib.

İranın vitse-prezidenti, Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Məsud Soltanifər deyib ki, İran Prezidenti Həsən Ruhani hakimiyyətə gəldiyi dövrdən ötən müddətdə ölkələrimiz arasındakı əlaqələr inkişaf edib. Bu müddətdə iki ölkənin prezidentləri ən azı 6 dəfə görüşüblər. İranda Azərbaycan ilə əməkdaşlığı davam etdirmək üçün böyük iradə var.

M.Soltanifər qeyd edib ki, ildən-ilə İran ilə Azərbaycan arasında turistlərin gediş-gəlişinin sayı artır. İranda mədəni və tarixi yerləri sayı çoxdur. Biz çox istərdik ki, ən yaxşı xidmətimizi məhz azərbaycanlı turistlərə göstərək. İran xalqı da Azərbaycana gəlməkdə maraqlıdır. Ötən Novruz bayramında İrandan Azərbaycana 50 min turist səfər edib.

“İran və Azərbaycanın gəliri neftlə bağlıdır və hazırda neftin qiyməti ucuzlaşır. Məqsədimiz neftin ən böyük alternativi olan turizm sahəsini inkişaf etdirməkdir”, - deyə İranın vitse-prezidenti qeyd edib.

Görüşdə iki ölkə arasındakı mövcud əlaqələr, əməkdaşlığın perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Təhsil naziri Mikayıl Cabbarov BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana səfər edən, UNESCO-nun baş direktorunun təhsil üzrə müavini Qian Tanq ilə görüşüb.

Nazirlikdən bildiriblər ki, görüşdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun bu əməkdaşlığa verdiyi dəstək xüsusi vurğulanıb.

Müzakirələr zamanı Q.Tanq tərəfindən Azərbaycanda Peşə Təhsili Agentliyinin yaradılması yüksək dəyərləndirilib. Eyni zamanda, təhsilin ekstremizmlə mübarizədə rolu barədə danışılıb.

Daha sonra tərəflər Azərbaycan və UNESCO arasında təhsil sahəsində əlaqələrin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

Göründüyü kimi, Forum bir çox istiqamətlər üzrə geniş müzakirələr aparmağa, əməkdaşlıq əlaqələrini genişləndirməyə, mövcud əlaqələrin daha səmərəli relizəsinə imkanlar yaradıb.

Vüsal Məmmədov

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.07.2018) :
Aydın Gecə : +26+28 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0255 | Satış: 0.0271

Avro:
Alış: 1.9825 | Satış: 2.0424
AzTV TƏQDİM EDİR