Siyasət

Azərbaycanın cəbhədəki uğurlu əks həmlələri dünya mediasında

06-04-2016 | 13:01        

  

Son günlər cəbhə bölgəsində baş verənlər, erməni hərbi birləşmələrinin atəşkəsi intensiv şəkildə pozması və Azərbaycana aid yaşayış məntəqələrini müxtəlif tipli silahlardan atəşə tutması, mülki əhalini hədəf alması, Azərbaycan Silahlı Qüvvələrinin bu təxribatlara verdiyi layiqli cavab və uğurlu əks həmlələri dünya mediasının da diqqət mərkəzindədir.

Böyük Britaniyanın məşhur yayım şirkəti “BBC” isə Müdafiə Nazirliyinin cəbhə bölgəsindəki son hadisələrlə bağlı açıqlamasını şərh edib. Məqalədə qeyd edilir ki, beynəlxalq qurumların müraciətlərini nəzərə alaraq Azərbaycan Silahlı Qüvvələri düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırıb. Bununla yanaşı, vurğulanır ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribatçı fəaliyyətlərindən əl çəkməyəcəyi təqdirdə əməliyyatları davam etdirəcək.

CNN, Çinin Sinxua agentlikləri, Almaniyanın “Frankfurter Allgemeine”, İndoneziyanın “Rupublika” qəzetləri, Macarıstan radiostansiyaları, Misirin “Akhbar El Yom”, “Al Bawaba”, “Ona”, “Youm7”, “Al-Balad”, “Al-Dostor” nəşrləri, Çexiyanın bir sıra KİV-ləri qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi, bir neçə strateji yüksəkliyin və yaşayış məntəqəsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi haqqında  məlumatlar yayıblar. Bildirlir ki, Ermənistan beynəlxalq təşkilatların işğal altında olan ərazilərdən qeyd-şərtsiz çıxmaq barədə qətnamələrinə Ermənistan əhəmiyyət vermir. Fransanın lefigaro.fr saytı da yazır ki, Azərbaycan xoş məram göstərərək hərbi əməliyyatları dayandırmaqla bağlı birtərəfli qərar qəbul edib. Ancaq Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulması dərhal dayandırılmayacağı təqdirdə işğal olunmuş ərazilərdəki erməni məntəqələrinə cavab zərbələri endiriləcək. Məlumatda deyilir ki, 1991-ci ildən Dağlıq Qarabağ Ermənistandan hərbi və maliyyə dəstəyi alan separatçı rejim tərəfindən idarə olunur.

***

Amerikanın “Daily Light” qəzeti ABŞ Azərbaycanlıları Şəbəkəsinin üzvü Dürdanə Balakişiyevanın Azərbaycanın Dağlıq Qarabağ regionunda vəziyyətə dair məqaləsini dərc edib. Məqalədə bildirilir ki, Azərbaycan mövqeləri bu ölkənin işğal edilmiş Dağlıq Qarabağ regionunda yerləşdirilən erməni silahlı bölmələri tərəfindən artilleriya atəşinə tutulub. Azərbaycan mövqelərinə hücum Azərbaycan və Ermənistan prezidentlərinin Vaşinqtona səfəri zamanı həyata keçirilib. Qeyd edilib ki, Prezident İlham Əliyev Vaşinqtonda Prezident Barak Obama, vitse-prezident Co Bayden və dövlət katibi Con Kerri ilə görüşüb.

Dövlət katibi C.Kerri Azərbaycanın strateji rolunu və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə, habelə terrorizmə qarşı birgə mübarizəyə töhfəsini yüksək qiymətləndirib. C.Kerri bir daha təsdiqləyib ki, ABŞ Azərbaycanın 1994-cü ildə Ermənistan tərəfindən pozulmuş ərazi bütövlüyünü dəstəkləyir. Məqalə müəllifi sonda Ermənistandan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinə və beynəlxalq hüququn digər normalarına əməl etməsini tələb etməyə çağırıb.

Məqalə ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətini erməni təcavüzü və Azərbaycanın Qarabağ regionunda münaqişənin genişlənməsi barədə məlumatlandırmaq üzrə yazılı kampaniyası çərçivəsində dərc edilib.

***

Nüfuzlu alman nəşri “Zeit” rəsmi Ankaranın qardaş Azərbaycanı tam mənada dəstəkləməsindən yazıb. Bu nəşr işğal edilmiş Azərbaycan torpaqları zonasında Azərbaycan Silahlı Qüvvələrinin ədalətli azadetmə əməliyyatını Türkiyənin haqlı sanmasını qeyd edib. (http://www.zeit.de/politik/ausland/2016-04/bergkarabach-aserbaidschan-tuerkei-unterstuetzung). “Zeit” Azərbaycanı sonadək dəstəkləyəcəyini bəyan edən Prezident Ərdoğanın bu sözlərini sitat gətirib: “Biz dua edirik ki, bu mübarizədə azərbaycanlı qardaşlarımız kiçik itkilərlə qalib gəlsinlər”.

***

Ukraynanın “Podrobnosti” internet nəşri öz saytında “RBK-Ukrayna”nın materialları əsasında “Azərbaycan Qarabağda Ermənistanın bazasını məhv etdiyini bəyan edib” sərlövhəli informasiya yayıb ( http://podrobnosti.ua/2099923-azerbajdzhan-zajavil-ob-unichtozhenii-bazy-armenii-v-karabahe.html).

Yazıda Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirilir ki, Azərbaycan Ermənistanın Dağlıq Qarabağda ən iri hərbi bazasını məhv etdiyini bəyan edib.

Hərbi baza Ağdərəyə gedən yolda yerləşir. Bundan əlavə, son iki gündə həlak olan Azərbaycan hərbçiləri, habelə düşmənin üç tankının sıradan çıxarılması haqqında məlumat verilir.

Ukrayna jurnalistləri öz oxucularına xatırladıblar ki, Azərbaycan Dağlıq Qarabağda atəşi dayandırmaq üçün şərtlərini açıqlayıb.

***

“İsrailin səsi” dövlət radiostansiyasının israillilər arasında tanınan “Günün aktual hadisələri” verilişində Ermənistan-Azərbaycan sərhədində, habelə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində baş verən hadisələr geniş şərh edilib.

İsrail radiosunun aparıcısı İqor Moldavskinin suallarını “İsrailin səsi” radiostansiyasının daimi şərhçisi, “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut cavablandırıb. O bildirib ki, nizama salınmamış və dondurulmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bir daha sübut edir ki, Cənubi Qafqaz regionu sülhdən uzaqdır. İsrailli ekspert deyib: “İndiki qarşıdurma və eskalasiya hər şeydən əvvəl erməni silahlı birləşmələrinin sərhədyanı ərazidə provokasiyası ilə əlaqədardır. Təəssüf ki, Ermənistan tərəfi Azərbaycanla sülh prosesini pozmaq istəyini yenidən nümayiş etdirib, Azərbaycanın işğal edilmiş ərazilərində, o cümlədən qoşunların təmas xəttinə çoxsaylı hərbi qüvvə və müxtəlif texnika növlərini cəlb etməklə provokasiya törədir. Ermənistan silahlı qüvvələri aprelin 2-nə keçən gecədən başlayaraq Azərbaycan kəndlərini və yaşayış məntəqələrini güclü artilleriya atəşinə tutub, Azərbaycanın hərbi mövqelərinə ardıcıl zərbələr endiriblər. Rəsmi Bakı dəfələrlə Ermənistana bildirib və onu xəbərdar edib ki, mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq. Ermənistanın provokasiyasının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmini məqsədilə Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində sərt və qəti cavab tədbirləri görmək barədə qərar qəbul edib. Azərbaycan ordusu vətəndaşların təhlükəsizliyinin və öz mövqelərinin qorunması üçün Ermənistan silahlı qüvvələrinə lazımi və sarsıdıcı cavab verib və onları geri çəkilməyə məcbur edib. Azərbaycan Silahlı Qüvvələrinin əks-əməliyyatı nəticəsində Ermənistanın 6 tankı, 15-dək artilleriya qurğusu, möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, həmçinin yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb”.

Radio aparıcısının regional dövlətlərin Ermənistanla Azərbaycan arasında münaqişənin eskalasiyasına təsir göstərə bilərmi sualına cavab verən israilli ekspert qeyd edib ki, çoxvektorlu xarici siyasət aparan güclü və müstəqil Azərbaycandan fərqli olaraq, Ermənistan Respublikası bəzi regional dövlətlərin ambisiyalarından tamamilə asılıdır. “İsrailin səsi” radiostansiyasının daimi şərhçisi Arye Qut vurğulayıb: “Bu gün Prezident İlham Əliyevin uğurlu geosiyasi və geoiqtisadi təşəbbüsləri nəticəsində Azərbaycan regionun qüdrətli dövlətinə və liderinə çevrilib, bu dövlətin iştirakı və razılığı olmadan dünyanın bu strateji regionunda heç bir siyasi, iqtisadi, nəqliyyat məsələsi həll edilə bilməz. Ermənistan əhalisi 1,5 milyon olan kiçik ölkədir və son illər geosiyasi təcrid vəziyyətindədir. Bu faktdır ki, Serj Sarkisyanın sözlərinə görə, müstəqil Ermənistanın əhalisini aclıqdan varlı erməni diasporu və ABŞ konqresinin sponsor yardımı xilas edir. Təəssüf ki, Ermənistan rəhbərlərinin çoxu “Böyük Ermənistan” xülyası ilə yaşamaqda davam edir. Azərbaycan torpaqlarını işğal etdiyi üçün Cənubi Qafqaz regionunda təcrid edilmiş Ermənistan Xəzər dənizinin neft və qaz ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalıb. Bu, danılmaz faktdır ki, Ermənistan Cənubi Qafqazda ən asılı ölkədir”.

Arye Qutun sözlərinə görə, rəsmi Bakı tamamilə haqlı olaraq Qarabağ münaqişəsini rəsmi Yerevanın ərazi iddiası kontekstində nəzərdən keçirir və bu səbəbdən də münaqişəyə Azərbaycanın 1992-ci ildə BMT-yə qəbul edilən zaman beynəlxalq birlik tərəfindən təsbit edilmiş sərhədlərdə “dövlət ərazi bütövlüyü prinsipləri” çərçivəsində baxılmasını təkid edir.

“İsrailin səsi” radiostansiyasının daimi şərhçisi Arye Qut sonda deyib: “Dünən Avropa Şurası Parlament Assambleyasının Prezidenti Qarabağ münaqişəsi tərəflərini atəşkəs rejiminə əməl etməyə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tələblərinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarmağa çağırıb. Son hadisələr, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan torpaqlarında provokasiyası və aldığı sarsıdıcı zərbə bir daha sübut etdi ki, rəsmi Yerevan anlamalıdır: Azərbaycanın səbri daha tükənib. Qoşunların təmas xətti boyu Azərbaycan mövqelərinin ağır silahdan, o cümlədən artilleriyadan atəşə tutulması davam edir. Ermənistan işğal edilmiş ərazilərdə əlavə raket və artilleriya qüvvələrini yerləşdirərək öz ağır artilleriyasının imkanlarını artırmağa çalışır, bu ölkənin hərbi helikopterləri isə işğal edilmiş ərazilər və Ermənistan arasında intensiv uçuşlar həyata keçirir. Bakı beynəlxalq hüquq normalarına əsasən təkcə özünümüdafiə deyil, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarını da azad etmək hüququna malikdir. Təəssüf ki, beynəlxalq münasibətlərdəki bugünkü reallıq sübut edir ki, güc faktoru dünyada effektiv təsirə malikdir. Bugünkü Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasi proseslərin danılmaz lideridir. Onun güclü və qüdrətli ordusu var və öz gücünü nümayiş etdirmək üçün əsl məqamın yetişməsini gözləyirdi”.

***

“Sputniknews” regionlararası nəşrin Alman Redaksiyası Azərbaycan Prezidenti İlham Əliyevə istinadla işğal olunmuş Qarabağdakı döyüş əməliyyatları zonasında yüzdən çox erməni hərbi qulluqçusunun məhv edilməsi haqqında xəbər yayıb.

Alman Redaksiyası Azərbaycan dövlət başçısının çıxışından sitat gətirib: “Mən bunu dəfələrlə bəyan etmişəm, bu gün də deyirəm ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə istəmirik”.

“Sputniknews”un Alman Redaksiyası Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun müsahibəsindən də sitat gətirib. Səfir Rusiya KİV-lərinə bildirib ki, 22 illik nəticəsiz danışıqlardan sonra Azərbaycan münaqişənin istənilən həll variantına hazırdır.

***

Təmas xəttində başlayan toqquşmalar haqqında xəbərlər - İsveçin ən nüfuzlu gündəlik qəzetlərindən olan Svenska Dagbladet, Aftonbladet kimi nəşrlərin səhifələrində yer alıb.

Xəbərlərdə bildirilir ki, keçən günlər ərzində, Azərbaycan ərazisinin tərkib hissəsi sayılan Dağlıq Qarabağda - Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında şiddətli döyüşlər baş verib. Bu hadisənin uzun çəkən münaqişə tarixində ən böyük toqquşma olduğu deyilən xəbərdə insan itkilərinin olduğu qeyd edilir.

Yayılan digər xəbərlərdə Azərbaycan hökumətinin birtərəfli qərarına əsasən Dağlıq Qarabağda toqquşmaların dayandırıldığı deyilir. Buna baxmayaraq döyüşlərin davam etdiyi də oxucuların diqqətinə çatdırılır.

***

«France 24» televiziya kanalında Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun müsahibəsi yayımlanıb.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün şərhi ilə başlayan reportajda Azərbaycan Müdafiə Nazirliyi tərəfindən birtərəfli qaydada cavab tədbirlərinin dayandırılmasına dair qərar qəbul edildiyi, Dağlıq Qarabağ regionunun Azərbaycanın ərazisi olduğu və 1994-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal edildiyi qeyd olunur.

Reportajda Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın bütün beynəlxalq normaları pozması barədə sözləri səsləndirilib. Azərbaycan Prezidenti bildirir ki, biz münaqişənin nizama salınması ilə bağlı prinsipial mövqeyimizdən əl çəkməyəcəyik. Bununla belə, biz danışıqlara tərəfdarıq və bundan sonra da çalışacağıq ki, münaqişə sülh yolu ilə həllini tapsın. Eyni zamanda, biz ordumuzun qüdrətini artıracağıq. Erməni hərbiçiləri ölmək istəmirlərsə, bizim torpaqlardan çıxıb getsinlər.

Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağda iki etnos Azərbaycan və erməni etnoslarının olduğunu və sonuncunun sayca üstünlük təşkil etdiyi qeyd olunur.

Reportajda ərazilərimizin işğalından söz açan səfir Elçin Əmirbəyov işğal olunmuş ərazilərdə ölkəmizə qarşı etnik təmizləmə, xalqımıza qarşı soyqırımı siyasəti aparan ermənilərin işğal altında olan Azərbaycan ərazilərindəki milli -mədəni irsimizin nümunələrini darmadağın etdiklərini, süni demoqrafik dəyişikliklər yaratdıqlarını və toponimlərimizin adını dəyişdiklərini vurğulayıb.

***

Almaniyanın “Diplomatisches Magazin” jurnalının cari buraxılışında Xocalı faciəsinin ildönümü ilə əlaqədar Berlində keçirilmiş “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” başlıqlı 4-cü simpozium haqda məlumat dərc edilib.

Məlumatda bildirilir ki, Azərbaycanın münaqişə bölgəsi olan Dağlıq Qarabağda yerləşən Xocalı şəhərində baş vermiş qətliamın 24-cü ildönümü ilə əlaqədar 200-ə yaxın iştirakçının qatıldığı tədbirdə AFR hökumətinin təmsilçiləri, Almaniya Bundestaqı və Azərbaycan Milli Məclisinin deputatları, Azərbaycanın Almaniyadakı səfiri Cənubi Qafqazdakı hazırkı vəziyyəti müzakirə etmişlər.

Qeyd edək ki, 57 ildir dərc olunan ikidilli (alman və ingilis) “Diplomatisches Magazin” jurnalı Almaniyada fəaliyyət göstərən xarici diplomatik missiyalar və xarici iqtisadi palataların fəaliyyəti, dövlət rəsmilərinin Almaniyaya səfərləri, Almaniyada həyata keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər haqqında məlumat, eləcə də diplomatik nümayəndəliklərin rəhbərləri və dövlət rəsmiləri ilə müsahibələr yayan aparıcı mətbuat orqanıdır.

***

İspaniyanın bir sıra aparıcı mətbu orqanları, xəbər agentlikləri və portallarında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son günlər yaranmış gərginlik barədə məlumatlar yayılıb.

EFE informasiya agentliyində yayılan xəbərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında məlumat verilir, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu vurğulanır.

Europapress.es portalında yayılan məlumatda isə Azərbaycanın birtərəfli şəkildə atəşi dayandırmaq haqqında qərar verdiyi oxucuların diqqətinə çatdırılır. Bildirilir ki, Azərbaycan beynəlxalq təşkilatların çağırışlarını nəzərə alaraq, sülh tərəfdarı olduğunu bir daha göstərərək hərbi əməliyyatları birtərəfli şəkildə dayandırır və əldə olunmuş mövqelərdə möhkəmlənmə fəaliyyəti həyata keçirir.

***

Parlamentdəki təmsilçilərinin sayına görə ikinci yerdə olan “Daha yaxşı Macarıstan uğrunda” Partiyasına yaxınlığı ilə tanınan “Alfahir” nəşri Azərbaycanın işğal olunmuş ərazilərində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaranan gərgin vəziyyət haqqında material dərc edib.

“Suriya, Ukrayna... Azərbaycan” başlıqlı məqalə (http://alfahir.hu/sziria_ukrajna_azerbajdzsan) “dondurulan münaqişənin donunun açılmasından” bəhs edir. Məqalədə qeyd olunur ki, türkdilli hun mənşəli azərbaycanlılar tarixi torpaqlarına sədaqətləri ilə fəxr edir, adı türk dilində olan Qarabağ bölgəsi də bu ərazilərdən biridir.

Məqalədə xatırladılır ki, Ermənistanın təcavüzü nəticəsində təxminən bir milyon nəfər Ermənistandan qaçqın və Qarabağdan məcburi köçkün vəziyyətinə düşüb. “Alfahir” nəşri sonuncuları “daxili köçkünlər” adlandırır, bununla da Qarabağın Azərbaycan ərazisi olmasına işarə edir. Məqalədə qeyd olunur: “Beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağ Azərbaycan ərazisidir”.

Materialda cəbhəyanı zonada yerləşən Azərbaycan kəndlərinin sakinlərinin həyatından söz açılır.

Məqalə müəllifi Azərbaycan hərbçilərinin yüksək döyüş ruhundan və Milli Qəhrəman Mübariz İbrahimovdan söz açır. M. İbrahimovun fotosunu da dərc edən “Alfahir”də qeyd olunur ki, Azərbaycanda neçə-neçə küçə, meydan və məktəb onun adını daşıyır. Milli Qəhrəmanın 2010-cu ilin iyununda igidlik göstərərək şəhid olduğu Çaylı kəndinin fotosu da nəşrdə yer alıb.

Məqalənin sonunda Azərbaycanın Türkiyə ilə sıx əməkdaşlığı və ümummilli lider Heydər Əliyevin “bir millət – iki dövlət” kəlamı qeyd olunub. Sitat həm orijinal transkripsiyada, həm də macar dilinə tərcümədə verilib.

***

Almaniyanın “de.sputniknews.com” nəşri oxucularına Azərbaycan ərazilərinin işğal edilmiş zonasında Yerevanın son təxribatları ilə bağlı Azərbaycan XİN-in bəyanatı haqqında məlumat verib (bax: http://de.sputniknews.com/panorama/20160402/308911446/aserbaidschan-reaktion-karabach.html).

Məlumatda deyilir ki, Bakı Azərbaycanın yaşayış məntəqələrini artilleriya atəşinə tutmuş Ermənistanın hərəkətlərinin pislənməsini beynəlxalq birlikdən tələb edir.

Nəşr yazır: “Münaqişəni sülh yolu ilə həll etmək üçün Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinə uyğun olaraq öz silahlı birləşmələrini işğal zonasından çıxarmalıdır”. Məlumatda o da xatırlanır ki, ATƏT-in Minsk qrupunun vasitəçilərinin dəfələrlə vurğuladıqları kimi, indiki status-kvo vəziyyəti yolverilməzdir.

Hazırladı: Vüsal Məmmədov