Siyasət

Tarixi əməliyyat, düşmənə layiqli cavab

04-04-2016 | 11:16        

  

Məlum olduğu kimi, aprelin 2-də saat 04:00-dan başlayaraq Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində növbəti təxribat törədiblər. Cəbhəyanı zonaya yaxın mülki əhalinin yığcam yaşadığı bir sıra məntəqələr, məcburi köçkün qəsəbələri də düşmən atəşinə məruz qalıb. Artilleriya atəşləri nəticəsində 2 sakin həlak olub, biri 13 yaşlı uşaq olmaqla 10 nəfər yaralanıb, müxtəlif yaşayış məntəqələrində 10-dan çox ev dağıdılıb, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəyib.

İşğal altında olan Dağlıq Qarabağda və digər ərazilərdə yerləşən Ermənistan hərbi birləşmələrinin fəallığını genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq və mülki əhalini müdafiə etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində yerləşən hərbi birliklər qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı layiqli cavab tədbirləri həyata keçiriblər.

Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə həyata keçirdiyi əks-tədbirlər nəticəsində erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri tam azad olunub.

Azərbaycan ordu birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər.

Hərbçilər bu yüksəkliyin strateji əhəmiyyətini olduqca yüksək qiymətləndirir. Məsələ burasındadır ki, bu yüksəklikdən Azərbaycan yaxın əraziləri, Arazboyu cənub bölgəsini nəzarət altına götürmüş oldu.

Döyüşlərdə ermənilərə məxsus 6 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, həmçinin onlarla hərbi qulluqçu ölüb və yaralanıb.

Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbi qulluqçusu həlak olub, habelə 1 “Mi-24” helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb.

ATƏT-in Minsk qrupu həmsədrlərinin, dünya ictimaiyyətinin hərbi əməliyyatların dayandırılması və atəşkəs rejiminin bərpa olunması ilə bağlı davamlı çağırışlarına baxmayaraq, erməni silahlı birləşmələri aprelin 2-3-də hərbi əməliyyatların intensivliyini daha da artırmağa çalışıb, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumları və qoşunların təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edib.

Ermənilərin əks-həmlələri də uğursuz alınıb, düşmənin 10 tankı məhv edilib.

Ümumilikdə isə Azərbaycan Ordusu atəşkəs dövründə ən uğurlu əməliyyatı ilə tarix yazıb, düşmənə layiqli cavab verərək əks-həmlələrlə Ermənistan ordusunu bir neçə istiqamətdə mövqelərini tərk edərək qaçmağa məcbur edib.

Hazırda Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir, düşmənin bütün cəhdlərinə layiqli cavab verilir.

Bu, cəbhədə baş verənlərin qısa xülasəsi idi. Aprelin 3-də Azərbaycan cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq barədə qərar qəbul edib. Ancaq düşmənin atəşkəsi pozması halında ona yenidən layiqli cavab veriləcək.

Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir:

-           Beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırır, azad olunmuş ərazilərin və torpaqların müdafiəsini gücləndirmə tədbirlərinin təşkilinə başlanması barədə qərar qəbul edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin təxribatçı fəaliyyətlərindən əl çəkməyəcəyi və yaşayış məntəqələrimizi, mövqelərimizi təkrarən atəşə tutulmasını davam etdirəcəyi təqdirdə qoşunlarımız silahlanmada olan bütün vasitələrdən istifadəyə məhdudiyyət qoymadan düşməni darmadağın edərək işğal altında olan torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması məqsədilə hücum əməliyyatlarını davam etdirəcək.

***

Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 121 dəfə pozub.

Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı kəndində, Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Çaylı, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 125 dəfə atəş zərbəsi endirib.

Vüsal Məmmədov