Rəsmi xronika

Prezident İlham Əliyev “Bakıelektrikşəbəkə” ASC-nin Mərkəzi Dispetçer Xidmətinin açılışında iştirak edib.

24-01-2011 | 18:01        

  

Yanvarın 24-də “Bakıelektrikşəbəkə” ASC-nin Mərkəzi Dispetçer xidmətinin və yeni inşa edilən 6 yarımstansiyanın açılışı olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib.

2006-cı ilin avqustunda Prezident İlham Əliyevin “Bakelektrikşəbəkə” ASC-nin yaradılması və onun maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı imzaladığı fərman paytaxtın elektrik enerjisi təsərrüfatı sistemində mühüm keyfiyyət dəyişikliklərinə gətirib çıxarıb. Bakının getdikcə sürətlə inkişaf  etməsi, xeyli sayda yeni obyektlərin və yaşayış massivlərin salınması, əhalinin enerjiyə olan tələbatının  artması müasir tələblərə cavab verən elektrik stansiyalarının tikintisi zərurətini yaradıb.  Belə ki,  1946-cı ildən fəaliyyətdə olan 111 saylı yarımstansiyada mövcud olan avadanlığın artıq köhnəlməsi və yararsız hala düşməsi ilk növbədə əhalinin və ərazidə olan obyektlərin fasiləsiz elektrik enerjisi ilə təchizatında ciddi maneələrin yaranmasına səbəb olurdu. Odur ki, mövcud imkanlarla yeni tikililəri enerji ilə təchiz etmək sadəcə mümkün deyildi. Problem qısa vaxtda aradan qaldırıldı və paytaxtda yeni avadanlıqla təchiz olunan, ən müasir standartlara cavab verən elektrik stansiyası tikilib. Paytaxtın digər yerlərində yeni yarımstansiyaların tikintisi indi də davam edir, dövlət başçısının diqqət və qayğısı sayəsində “Bakelektrikşəbəkə” ASC-nin investisiya proqramına uyğun olaraq yeni enerji güc mərkəzlərinin əldə edilməsi üçün tədbirlər həyata keçirilir. Əsas diqqət çəkən məqamlardan biri də paytaxtın elektrik təchizatının dayanıqlığını və etibarlılığını təmin etmək, perspektiv tələbləri ödəyəcək 110 kv-luq dairəvi elektrik şəbəkəsinin yaradılmasıdır. Bununla da paytaxtın elektrik enerjisi təchizatında keçmişdə olan bütün problemlər aradan qaldırılır, analoqu olmayan yeni sistem formalaşır.

Prezident İlham Əliyev “Bakıelektrikşəbəkə” ASC-nin Mərkəzi Dispetçer Xidmətinin açılışında iştirak edib.

“Bakıelektrikşəbəkə” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev 35/10-6 kv-luq 111 saylı, 110/35/10-6 kv-luq “Badamdar”, 110/35/10 kv-luq “Dağlıq”, 110/35/10 kv-luq “İçərişəhər”, 35/6 kv-luq 486 saylı və 35/10 kv-luq “Dağüstüpark” yarımstansiyalarının əvvəlki vəziyyəti və aparılan yenidənqurma işləri, yaradılan şərait barədə dövlət başçısına məlumat verib. Bildirib ki, sözügedən 6 yarımstansiyada aparılan əsaslı yenidənqurma tədbirləri sayəsində onların hər birində yeni və müasir avadanlıqlar quraşdırılıb. O da qeyd olunub ki, Mərkəzi Dispetçe Xidmətinin yerləşdiyi ərazidə olan 111 saylı yarımstansiyada aparılan yenidənqurma işləri nəticəsində yarımstansiyanın gücü əvvəlki 35 MVA-dan 95 MVA-ya qədər artırılıb. Bu da ilk növbədə əvvəllər baş verən qəza hallarının, şəbəkədən açılmaların və digər problemlərin aradan qalxmasına şərait yaradıb. Bununla da Yasamal və Nəsimi rayonlarının bir hissəsinin elektrik enerjisi ilə fasiləsiz təchizatında ciddi keyfiyyət dəyişikliyi əldə  edilib. Bu yarımstansiyanın istismara verilməsi ilə “Dağlıq” və 99 saylı yarımstansiyaların yükünün azalmasına, digər yarımstansiyaların qidalandırılma etibarlılığının artırılmasına və dairəvi elektrik təchizatı sisteminin yaradılmasına  nail olunub.

Prezident İlham Əliyev Mərkəzi Dispetçer Xidmətinin yerləşdiyi binada yaradılan muzeylə də tanış oldu. Muzeydə xalqımzıın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın energetika sektorunda, o cümlədən paytaxtda yeni elektrik stansiyalarının tikintisi ilə bağlı həyata keçirdiyi tədbirləri əks etdirən fotolar nümayiş etdirilir. Onu da qeyd edək ki, binada energetiklərin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Müasir memarlıq üslubu, rahat iş şəraiti ilə seçilən binanın iş otaqları müasir avadanlıqla təchiz edilib. Dövlət başçısı Mərkəzi Dispetçer Xidmətində yaradılan şəraitlə də tanış oldu. Bildirildi ki, aktivləşdirilmiş yarımstansiyalara, məhz buradan tam nəzarət edilir.  Sistemin əsas özəlliyi ondan ibarətdir ki, avtomatlaşdırılmış qaydada idarə olunur. Belə ki, sistem kənar müdaxilə olmadan baş vermiş qəza hallarının aradan qaldırılması ilə bağlı xəbərdarlıq edir. Beləliklə də burada tətbiq olunan SCADA sistemi vasitəsilə qəza hallarını müşahidə etmək, onun harada baş verdiyini müəyyənləşdirmək və tezliklə aradan qaldırılmasına nail olmaq mümkündür. Onu da deyək ki, artıq “Bakıelektrikşəbəkə” ASC-yə məxsus yeni yarımstansiyaların hamısı SCADA sisteminə qoşulub və hazırda dispetçer xidmətindən nəzarət və idarə olunur. Prezident İlham Əliyev Mərkəzi Dispetçer Xidmətini və məsafədən idarə etməklə 6 yeni yarımstansiyanı işə salıb. Dövlət başçısı daha sonra yeni yarımstansiyalarla bağlı hazırlanan videomateriala tamaşa edib. Filmdə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində paytaxtın elektrik enerjisi təsərrüfatında həyata keçirilən tədbirlərdən və yeni yarımstansiyalarda yaradılan şəraitdən bəhs olunur. Sonda Prezident İlham Əliyev Mərkəzdə yaradılan şəraitdən razı qaldı və kollektivə uğurlar arzulayıb.