Cəmiyyət

“Qarabağa yaz gələcək” devizi altında teatrlaşdırılmış kütləvi hərbi vətənpərvərlik mərasimi keçirilib

14-03-2016 | 15:23        

  

Beyləqan rayonu ərazisində salınan Xocavənd qəsəbəsində “Qarabağa yaz gələcək” devizi altında teatrlaşdırılmış kütləvi hərbi vətənpərvərlik mərasimi keçirilib. Müdafiə Nazirlyinin Xocavənd Rayon İcra Hakimiyyəti ilə birgə keçirdikləri bayram ordu ilə xalqın birliyinin nümayişi olub.
“Qarabağa yaz gələcək” devizi altında Xocavənd qəsəbəsində keçirilən teatrlaşdırılmış kütləvi hərbi vətənpərvərlik mərasimi bayraq meydanına yürüşlə başladı.

Yürüş iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər. Bayraq meydanında təçkil olunan  mərasim ordu ilə xalqın monolit birliyinin nümayişi olmaqla yanaşı, həm də tamaşaçılara tezliklə Qarabağın azad ediləcəyi inamını aşıladı.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bu tədbirin xocavəndlilərə, cəbhə bölgəsində xidmət edən Azərbaycan əsgərinə gözəl Novruz töhfəsi olduğunu bildirdi. Tədbirdə Azərbaycan ordusunun güc və qüdrətindən, xalqla ordu arasında daim sıx əlaqələrin mövcudluğundan danışıldı. Xocavənd rayonunun nəinki Azərbaycanın, habelə dünyanın ən qədim yaşayış məskənlərindən olduğu vurğulandı. Bildirildi ki, 1992-ci ilin oktyabrında Xocavənd rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunsa da, xocavəndlilər son gülləyə, son ana qədər vuruşub, 146 nəfər şəhid veriblər. Hazırda da xocavəndlilər öz yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Silahlı Qüvvələrimizin bütün qoşun növlərində, xüsusilə cəbhə bölgələrində neçə-neçə xocavəndli Vətən qarşısında əsgəri borcunu şərəf və ləyaqətlə yerinə yetirir, hərbi təhsil müəssisələrində hərbi ixtisaslara yiyələnirlər. Xocavəndlilər bu gün də ordumuzla birlikdə Qarabağ uğrunda döyüşlərə atılmaq üçün Ali Baş Komandanın hər bir əmrinə hazırdırlar. Ordu ilə xalqın birlik bayramında bir-birindən maraqlı ədəbi-musiqili kompozisiyalar, etnoqrafik lövhələr, ordu həyatından səhnələr canlandırılıb.

Bir qrup Qarabağ müharibəsi veteranı və hərbi qulluqçu Müdafiə Nazirliyinin hədiyyələri, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin təsis etdiyi “Fədai” medalı ilə təltif olundu.

“Xəbərlər”, Azərbaycan Televiziyası