Rəsmi xronika

Prezident İlham Əliyev Bakıda bir sıra yol-nəqliyyat kompleksi obyektlərinin açılışında iştirak edib

24-01-2011 | 17:55        

  

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı” , eləcə də, “ Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” çərçivəsində respublikamızın paytaxtında çoxlu sayda yol ötürücü, körpü, tunel,  yeraltı və yerüstü piyada keçidləri inşa edilmiş, müasir tələblər səviyyəsində avtomobil yolları salınmışdır. Bu qovşaqların ən yüksək səviyyədə inşa edilməsi həm də paytaxtın gözəlliyinə əlavə çalarlar qatır. Müasirlikdə bir-birini üstələyən bu cür qurğuların və yolların inşası hazırda da davam edir. Gələcəkdə də yol-nəqliyyat kompleksində silsilə yeni qurğuların tikintisi nəzərdə tutulub. Bütün bunlar “Azərbaycan Respublikası avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı” nın zəruriliyini və mükəmməlliyini ortaya qoyur. Həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsi olaraq yol-nəqliyyat kompleksi ilə bağlı qurğular qısa zamanda və yüksək keyfiyyətlə istismara buraxılır. Dövlət başçısının tapşırığına uyğun olaraq respublikamızda, o cümlədən Bakı şəhərində yol-nəqliyyat sisteminin yenidənqurulması zamanı beynəlxalq standartlar və milli memarlıq ənənələrinin üzvi şəkildə uzlaşdırılması əsas götürülür.

Dünyada bir çox ölkələrin hələ də maliyyə böhranı və onun fəsadları ilə mübarizə apardığı vaxt, Azərbaycanda nəzərdə tutulan bütün sosial və infrastruktur layihələrinin uğurla reallaşması Prezident İlham Əliyevin düşünülmüş, praqmatik iqtisadi siyasətinin əyani sübutudur. “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”  isə  ölkəmizin paytaxtının yol-nəqliyyat kompleksinin əsaslı şəkildə yenilənməsi, həmçinin,  tıxac probleminin aradan qaldırılması üçün hərtərəfli tədbirlərin reallaşdırılması istiqamətində görülən işləri daha da sürətləndirib. Bu plana əsasən, Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Hava limanı – Bilgəh qəsəbəsi avtomobil yolu yenidən qurulub, yol qovşaqları və piyada keçidləri inşa edilib. Yol boyu inşa edilən yeraltı və yerüstü piyada keçidləri avtomobillərin hərəkətinin sıx olduğu bu yolda piyadaların yolun bir hissəsindən digərinə keçməsində mühüm rol oynamaq və  onların təhlükəsizliyini təmin etməklə yanaşı, həm də əraziyə gözəllik verir.  Ümumi uzunluğu 18,9 km olan  yolun 8-10 hərəkət zolağı var və hər zolağın eni 3,75 metrdir.

Layihə üzrə tikintisi yekunlaşmış Hava Limanı və Binə qovşaqlarından başqa Mərdəkan dairəsində körpü və tunel tikilməklə 3 səviyyəli yol qovşağının, Buzovna dairəsində tunel, Buzovna dəmir yolu kəsişməsində müxtəlif səviyyəli yol qovşağı, həmçinin Bilgəh Kardiologiya Mərkəzinin qarşısında 2 səviyyəli tunel tipli yol qovşağının tikintisi davam edir.

Prezident İlham Əliyev Paytaxtın Xəzər  rayonunda avtomobillərin və piyadaların daha sıx olduğu ərazilərdən  olan Aeroport dairəsi ,Zaqulba yolunun 4,4-cü km-liyində  yeni inşa olunan  yerüstü piyda keçidinin  açılış mərasimində də iştirak edib.

 Nəqliyyat Naziri Ziya Məmmədov Dövlət Başçısına məlumat verib ki, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər planına uyğun olaraq tikinti işlərinə ötən ilin may ayında başlanılıb. Yerüstü piyada keçidi ən müasir standartlara cavab verir. Tikintidə yüksək keyfiyyətli inşaat materiallarından və avadanlıqdan istifadə edilib. Keçidin ümumi uzunluğu 61 metr, eni isə 3,5-dir. Yolun hərəkət hissəsindən hündürlüyü isə 5,1 metrdir. Bu da  bu yoldan istifadə edən iri avtomobillərin rahat hərəkət etməsinə şərait yaradır. Prezident İlham Əliyev yer üstü piyada keçidini gəzib. Bildirilib ki, keçidin metal konstruksiya hissələri yerli mütəxəssislər tərəfindən quraşdırılıb. Tikinti zamanı 800 km²-lik rəngli laminat şüşədən istifadə olunub. Bu şüşənin vurulması keçidə xüsusi gözəllik verməklə yanaşı, həm də insanların keçdiyi ərazinin maksimum işıqlı olmasına şərait yaradır. Bundan başqa burada təbii ventilyasiya sistemi quraşdırılıb ki, bu da ilin bütün fəsillərində keçidin içərisində də havanı daim tənzimlənməsinə  imkan verəcək. Yerüstü piyada keçidinin işıqlandırması da müasir səviyyədə qurulub. Belə ki, burda işıqlandırma iki mənbədə avtomat qoşuculardan qidalanır. Biri fəaliyyətini dayandırdıqda dərhal ehtiyat mənbə işə düşür. Keçid inşa olunarkən əlil arabalarının hərəkəti üçün də ayrıca yol nəzərdə tutulub. Bir sözlə burada piyadaların sərbəst keçidi üçün bütün lazımi şərait yaradılıb.

Keçidin ərazisində 8000 m² ərazi və Binə qəsəbəsinə gedən yolun ətrafı yaşıllaşdırılıb. Bir sözlə Keçidin bu ərazidə inşa olunması  sakinlərinin  qəsəbələrinə  rahat getməsinə imkan verir. Bu həm də  hərəkətin intensiv olduğu ərazidə yol hərəkəti qaydalarının pozulması hallarını da aradan qaldıracaq.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi və müvafiq tapşırıqlarını verib.

Yanvarın 24-də Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Hava limanı – Zuğulba qəsəbəsi avtomobil yolunda inşa edilən Binə yol qovşağının açılışında da  iştirak edib.

Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verib ki, qovşağın tikintisinə Nəqliyyat Nazirliyinin sifarişi ilə 2009-cu ilin sonunda başlanılıb. Qovşağın texniki göstəriciləri barədə danışan nazir qeyd etdi ki, burada polad aşırımlı asma körpü inşa edilib. Körpünün ümumi ağırlığı 4147 tondur. Onun inşasında 662 ədəd trosdan istifadə edilib. Körpünün layihəyə əsasən istismar müddəti 100 ilə hesablanıb. Qurğunun inşası zamanı ən yüksək standartlara cavab verən inşaat materialları, o cümlədən poladdan istifadə edilib.

Dövlət başçısına məlumat verilib ki, qovşaq yollarının ümumi uzunluğu 3700 metrdir. Yollara yüksək keyfiyyətli asfalt döşənib. Polad aşırımlı asma körpünün uzunluğu 95, eni isə 27,5 metrdir. Körpüdə hər birinin eni 9,25 metr olan 4 zolaqlı 2 hissəli yol inşa edilib.

 Körpünün yerdən hündürlüyü 5,6 metrdir. Tikinti işləri zamanı dünyanın aparıcı ölkələrinin təcrübəsi və texnologiyalarından istifadə edilib.  Körpünün seysmik dayanıqlığı 9 bal gücündə zəlzələyə hesablanıb.

Prezident İlham Əliyevə məlumat verilibki, inşa edilən asma körpü həm də piyada keçidi rolunu oynayır. Heydər Əliyev Beynəlxalq Hava limanı – Zuğulba qəsəbəsi avtomobil yolunda nəqliyyatın hərəkətinin sıx olması əvvəllər piyadaların təhlükəsiz hərəkətinə maneələr yaradırdı. Bu körpüdə piyadalar üçün keçidin də nəzərə alınması artıq bu çətinliyi  aradan qaldırıb. Burada yolun hər 2 hissəsində piyadalar üçün pilləkənlər quraşdırılıb, körpünün üzərində hər 2 tərəfdə piyada yolu salınıb.  Bu yolun eni 4 metrdir.

Dövlət başçısına məlumat verilib ki, bu qovşaq Binə qəsəbəsindən Bakı şəhərinə və Mərdəkana həmçinin  əks istiqamətə nəqliyyat vasitələrinin hərəkətinin maneəsiz tənzimlənməsi üçün mühüm rol oynayır.

Dövlət başçısı qovşağın açılışını bildirən rəmzi lenti kəsib .

Sonra Prezident İlham Əliyev inşaatçılarla görüşüb.

Dövlət başçısına körpünün troslarının sınağı zamanı istifadə edilən qurğu barədə də məlumat verilib. Bildirilib ki, bu qurğu vasitəsi ilə inşaat işləri zamanı troslar bir neçə dəfə sınaqdan çıxarılıb. 

Prezident İlham Əliyev qovşağın ətrafında aparılan abadlıq işləri də tanış olub. Dövlət başçısına məlumat verilib ki, burada ümumilikdə 8 hektar sahədə abadlıq və yaşıllaşdırma işləri görülüb, müxtəlif  dekorativ və gül kolları əkilib. İnşaat işləri zamanı yaşıllıqların suvarılmasının təşkili məsələsinə də diqqət yetirilib. Bunun üçün uzunluğu 4 km olan drenaj sistemi quraşdırılıb. Körpü və qovşaq yollarında müasir işıqlandırma sistemi yaradılıb. Qovşaq həm də ərazinin gözəlliyinə əlavə çalarlar qatır.

Sonra Prezident İlham Əliyev Paytaxtın Xəzər rayonunda avtomobillərin hərəkətinin  daha  intensiv olduğu Aeroport dairəsi Zuğulba yolunun 1,6 kilometrlik hissəsində inşa olunan yeni yeraltı piyada keçidinin açılış mərasimində də iştirak edib.

Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verib ki, dövlət başçısının Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər planına uyğun olaraq inşa edilən bu keçidin tikintisinə 2010-cu ilin mart ayında başlanılıb. Keçidin inşasında əsas məqsəd Milli Aviasiya Akademiyasında təhsil alan tələbələrin, “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşlarının, yaxınlıqda yerləşən bir sıra müəssisələrdə çalışanların və sakinlərin təhlükəsizliyini təmin etməklə yanaşı, Aeroport istiqamətində və əks istiqamətdə hərəkət edən avtomobillərin fasiləsiz hərəkətinə nail olmaqdır. Piyada keçidində tikinti işləri müasir texniki üsullardan istifadə edilməklə yüksək səviyyədə aparılıb. İnşaat işlərində 70-ə yaxın işçi çalışıb, 80-nə yaxın ən müasir  texnikadan istifadə olunub. 4 giriş-çıxışı olan yeraltı keçiddə əlil arabalarının hərəkəti üçün də lazımi şərait yaradılıb. Keçidin tikintisi zamanı 2600 kvadratmetr əraziyə yüksək keyfiyyətli mərmər döşənib. Bildirildi ki, yeraltı piyada keçidinin uzunluğu 54 metr, eni 6,5 metr, hündürlüyü isə 3 metrdir. Keçid müasir işıqlandırma sistemi ilə təchiz olunub. Yağış və qrunt sularının toplanması üçün yaradılan drenaj sistemi xüsusi nasosxana vasitəsilə kanalizasiya xəttinə qoşulub. Keçidin yerləşdiyi ərazinin yaxınlığında geniş  yaşıllaşdırma işləri görülüb, Avtomobil yollarının kənarında piyadaların hərəkəti üçün rahat səkilər salınıb. Keçidin girişlərinin yaxınlığında yeni, müasir dayanacaqlar qurulub. Ümumilikdə Aeroport dairəsi Zuğulba yolunun 1,6 kilometrlik hissəsində inşa olunan yeni yeraltı piyada keçidindən istifadə hərəkətin intensiv olduğu bu ərazidə yol hərəkəti qaydalarının pozulması hallarını aradan qaldıracaq, həm avtomobillərin, həm də piyadaların təhlükəsizliyini tam təmin edəcək. Görülən işləri yüksək qiymətləndirən dövlət başçısı müvafiq tapşırıq və göstərişlərinin verib . 

 Yanvarın 24-də Prezident İlham Əliyev Hava limanı Qovşağı körpü keçidinin açılış mərasimində  də iştirak edib. Nəqliyyat Naziri Ziya Məmmədov yolun texniki göstəriciləri ilə  tanış olan Dövlət Başçısına  məlumat verib ki, bu qovşaq “Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq  Hava limanı-Zuğulba qəsəbəsi avtomobil yolunun yenidən qurulması, yol qovşaqlarının və piyada keçidlərinin tikintisi” layihəsi çərçivəsində inşa edilib. Hava limanı qovşağı 2 səviyyəlidir və “yonca yarpağı” tipli yol qovşağıdır. Böyük əhəmiyyət malik olan bu qovşaq   Zığ qəsəbəsi-Hava Limanı və Bakı şəhəri-Mərdəkan qəsəbəsi istiqamətlərində  avtomobillərin hərəkətinin tamamilə təhlükəsiz və maneəsiz  tənzimlənməsini həyata keçirir.

Bildirilib ki, Hava Limanı Qovşağı körpü keçidi yolunun tikintisinə ötən ilin may ayında başlanıb. İnşaat işlərinin yüksək səviyyədə aparıldığı yeni istifadəyə verilən Qovşaq yollarının ümumi uzunluğu 6757 metrdir. İki istiqamətli körpünün uzunluğu 127, eni isə 39,8 metrdir. 4 aşırımlı körpünün konstruksiyası  gərginləşdirilmiş dəmir betondandır. Burada 8,8 km uzunluğunda müasir drenaj sistemi də quraşdırılıb. Bu körpünün də  9 bal zəlzələyə davamlı olduğu və  istismar müddətinin 100 ilə hesablandığı bildirilib. Prezident İlham Əliyevə Hava Limanı Qovşağı körpü keçidinin ətrafında görülən işlər barədə də məlumat verilib. Qovşağın ətrafında 26 hektar sahədə abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb. Bu məqsədlə burada müasir suvarma sistemi yaradılıb. İşıqlandırma sistemi  də yüksək səviyyədə quraşdırılıb.

Dövlət Başçısı görülən işlərdən razılığını bildirib ,müvafiq tapşırıq və tövsiyələrini verib.