Xarici xəbərlər

KOT DİVUARDA VƏZİYYƏT GƏRGİN OLARAQ QALIR

07-01-2011 | 16:25        

  

Kot Divuarda siyasi vəziyyət gərgin olaraq qalır. Ölkədə keçirilən son seçkilərdə qalib gələn Alassan Uattara prezident səlahiyyətlərinin icrasına başlamaq üçün hərbi müdaxilənin vacibliyini bildirib. Kot Divuarın fəaliyyətdə olan prezidenti Loran Qbaqbo Böyük Britaniya və Kanada hökumətindən səfirlərini geri çağırmağı tələb edib. Hər 2 ölkənin rəhbərliyi Qbaqbonun tələbini rədd edərək bildiriblər ki, yalnız xalq tərəfindən seçilmiş prezident Alassan Uattaranın göstərişlərinə riayət edəcəklər. Bu arada Birləşmiş Ştatlar hökuməti öz vətəndaşlarına Kot Divuarla hər hansı bir maliyyə əməliyyatlarını qadağan edib. Rəsmi Vaşinqton bu addımı ilə Qbaqbonun prezident postunu tezliklə təhvil verməsinə nail olacağını düşünür. Yeni seçilən prezident Alassan Uattara isə məsələnin həllini hərbi yolda görür. Uattara hesab edir ki, bu cür hərbi müdaxilə ölkədə vətəndaş müharibəsi ilə nəticələnməyəcək. Uattara administrasiyasının nümayəndələrinin sözlərinə görə, hakimiyyəti təhvil vermək üçün Qbaqboya verilən müddət başa çatıb. Qərbi Afrika ölkələrinin iqtisadi əməkdaşlıq təşkilatı - EKOVAS isə problemi hələ də sülh yolu ilə həll etməyə çalışır.