Rəsmi xronika

Prezident İlham Əliyev Xızı rayonunda səfərdə olub

19-07-2011 | 15:31        

  

İyulun 19-da Prezident İlham Əliyev Xızı rayonunda səfərdə olub. Dövlət başçısı Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan partiyasının Xızı rayon təşkilatının yeni binasının və Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak dib.

Son illərdə respublikamızın bütün bölgələrində olduğu kimi Xızı rayonunda da yenidənqurma və abadlıq işləri vüsət götürüb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayon iqtisadiyyatı daha da inkişaf edir, əhalinin yaşayış səviyyəsi yüksəlir, kənd və qəsəbələrdə quruculuq işləri genişlənir. 1850 kv.km ərazisi, əhalisi 15 min nəfər olan Xızı rayonunda 1 şəhər, 3 qəsəbə və 25 kəndi var. Rayonda əhalinin sosial şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. “Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə əlaqədar rayonda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində mühüm işlərin həyata keçirilməsi bunun real nümunəsidir.  Təkcə bu ilin birinci yarısında Xızı rayonunda 15 nəfər fiziki şəxs kimi fəaliyyətə başlayıb. Rayonun sosial-iqtisadi göstəriciləri də müsbət dinamikaya dəlalət edir. Bu ilin ilk 6 ayında ümumi məhsul buraxılışı 2003-cü ilin müvafiq dövrünə nisbətən  2,5 dəfə artaraq 8 milyon 780 min manat, sənaye məhsulunun həcmi 32,5 dəfə artaraq 1 milyon 280 min manat, kənd təsərrüfatı məhsullarının həcmi isə 2,2 dəfə artaraq 7 milyon 174 min manat təşkil edib. Xızı şəhərinin küçə və prospektləri abadlaşdırılıb, Heydər Əliyev adını daşıyan yeni mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsi ucaldılıb və muzeyi yaradılıb. Burada bayraq meydanı inşa olunub. Bundan başqa ümumi uzunluğu 30 kilometrə çatan Giləzi-Xızı avtomobil yolu yenidən qurulub, əlil və şəhid ailələri üçün 16 mənzilli yaşayış evi, tarix-diyarşünaslıq muzeyi,  420 yerlik mədəniyyət sarayı, şahmat məktəbi, məişət evi,  xalçaçılıq müəssisəsi, 1 kərpic və 3 qum-çınqıl zavodu, İcra hakimiyyəti və mərkəzi orqanların rayon təşkilatları üçün yeni inzibati binalar tikilərək istifadəyə verilib, Turizm və ekoloji tədbirlər çərçivəsində Altıağac Milli parkı, “Cənnət bağı” və “Qızılqazma” istirahət mərkəzləri və yaradılıb. Heydər Əliyev Fondu dəstəyi ilə Altıağac qəsəbəsində 200 şagird yerlik yeni məktəb binası tikilərək istifadəyə verilib, 8 məktəb binası isə əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilib. Xızıda quruculuq və abadlıq işləri davam edir, yeni parklar və istirahət ocaqları salınır.

İyulun 19-da Prezident İlham Əliyev Xızı rayonuna gəlib. Dövlət başçısı şəhərin mərkəzində yerləşən Heydər Əliyev Parkında  ümummilli liderin abidəsini ziyarət edib. Prezident İlham Əliyev Heydər Əliyev parkında aparılan yenidənqurma işləri ilə tanış oldu. Dövlət başçısına məlumat verilib ki, Heydər Əliyev prospektində yerləşən park 2007-ci ildə istifadəyə verilib.  3,5 hektar ərazisi olan Heydər Əliyev parkında abadlıq-quruculuq işlərinə 2010-cu ilin aprel ayında başlanıb. Prezident İlham Əliyev parkın ərazisini gəzib. Dövlət başçısına bildirilib ki, burada yaşıllıqlar salınıb, 6 mindən çox dekorativ  kol və ağac əkilib. Parkda Azərbaycan bayrağı ucaldılıb. Parkda rayon sakinlərinin istirahəti üçün  hərtərəfli şərait yaradılıb. Parkda inşa olunan Heydər Əliyev Mərkəzi isə bura xüsusi gözəllik verir. Ölkəmizin hər yerində olduğu kimi, ulu öndər Heydər Əliyevin xatirəsini Xızı sakinləri də əziz tuturlar. Şəhərdə yeni tikilən Heydər Əliyev Mərkəzi ümummilli liderin xatirəsinə dərin ehtiramın təcəssümüdür. Mərkəzdə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb. Mərkəzdə dünyanın nüfuzlu siyasətçilərindən olan Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, bu böyük şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, Azərbaycan iqtisadiyyatının ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolara geniş yer verilib. Ulu öndər Heydər Əliyevin zəngin irsinin Azərbaycan gəncliyi üçün tükənməz örnək olduğu məntiqi də burada hərtərəfli əksini tapıb.

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak edib. Dövlət başçısına məlumat verilib ki, Heydər Əliyev Mərkəzinin tikintisinə 2011-cu ilin may ayında başlanıb. 580 metr² sahəsi olan mərkəzdə ümummilli liderin həyat və fəaliyyətini, xarici ölkələrdə və ölkəmizin regionlarında keçirdiyi görüşləri əks etdirən 14 foto-guşə yaradılıb. 165 kvadratmetr sahəsi olan ekspozisiya salonunda ulu öndərin büstü qoyulub. Burada 90 nəfərlik akt salonu, kompüterlərlə təchiz olunan xarici dil dərnəyi, 12 nəfərlik konfrans salonu və ən müasir avadanlıqlarla təchiz edilən xidməti otaqlar fəaliyyət göstərir. Mərkəzdə şagirdlər üçün Azərbaycanın ədəbiyyat və zəngin tarixini dərindən öyrənmək üçün xüsusi dərnəklər mövcuddur. Mərkəzin kitabxanasında ümummilli lider Heydər Əliyev, görkəmli oftalmoloq-alim Zərifə Əliyeva, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın fəaliyyətlərindən bəhs edən nəşrlərə də geniş yer verilib. Burada rəsm dərnəyi də fəaliyyət göstərəcək. 90 yerlik akt salonu respublika və rayon əhəmiyyətli mötəbər tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub. Mərkəzdə quraşdırılan ən müasir avadanlıq vasitəsilə beynəlxalq konfransların keçirilməsi də mümkündür. Dövlət başçısı Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.

Son bir neçə ildə Xızıda  çoxlu sosial təyinatlı infrastruktur obyektləri   tikilib istifadəyə verilib. Bu sırada inzibati binaların inşası xüsusi əhəmiyyət kəsb edir. Həmin  binalar ilk növbədə şəhərin simasına yaraşıq verməklə yanaşı, əhalinin  rahatlığına  da xidmət edir. Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatının binası da bu sırada xüsusi yer tutur. Rayonun ictimai-siyasi həyatında mühüm rol oynayan partiyanın yeni inzibati binasında yaradılan şərait təsdiqləyir ki, Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın daha parlaq gələcəyi naminə fəaliyyətində yeni uğurlara imza atacaq.

Xızıya səfəri çərçivəsində Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inşa olunan inzibati binasının açılışında iştirak edib. Dövlət başçısına məlumat verilib ki, YAP rayon təşkilatının yeni binasının ümumi sahəsi 120 kvadratmetrə yaxındır. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin ictimai-siyasi həyatında, o cümlədən YAP-ın fəaliyyəti ilə bağlı gördükləri işləri əks etdirən fotoguşələr yaradılıb. 50 nəfərlik iclas zalında müxtəlif tədbirlərin keçirilməsi üçün əlverişli şərait var. Bütün otaqlar zəruri avadanlıqla təchiz olunub, kompüterlər quraşdırılıb. Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı 1993-cü ilin fevralın 23-də 21 üzvün iştirakı ilə təsis olunub. 41 ilk təşkilatı  özündə birləşdirən qurumun 1600-dən çox üzvü var. Onlardan 42 faizini qadınlar, 41 faizini isə gənclər təşkil edir. Yeni binada təşkilatın daha səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Azərbaycanın hər yerində səhiyyənin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər səhiyyənin daha yaxşı təşkilinə geniş imkanlar açıb. Ölkəmizdə səhiyyə sisteminin yenidən qurulmasını, əhalinin sağlamlığının daha yaxşı təşkilini, bu sahədə yeni texnologiyaların tətbiqini və yeni kadr potensialının hazırlanmasını özündə əks etdirən dövlət proqramları tibbi xidmətin səviyyəsini də yüksəldib. Xızıda yeni inşa edilən Müalicə-Diaqnostika Mərkəzi də səhiyyə sahəsində dövlət proqramlarının icrasının ardıcıllığının ifadəsidir. Dövlət Neft Şirkəti tərəfindən inşa olunan bu müasir səhiyyə ocağı 4 mərtəbəli əsas korpusdan, yardımçı binalardan, o cümlədən köməkçi qurğular olan transformator məntəqəsi, qazanxana, su anbarı və nasosxana, avtomobillər üçün qarajdan ibarətdir. Mərkəzin ərazisində ümumilikdə 5672 kvadratmetr ərazidə tikinti aparılıb. Yeni səhiyyə ocağında ayrıca inzibati otaqlar, Stasionar şöbələr, Əməliyyat bloku, Şüa-diaqnostika, Laboratoriya və Poliklinika şöbələri yaradılıb. Mərkəzin 4-cü mərtəbəsində regional və yerli konfransların, müxtəlif tədbirlərin keçirilməsi üçün 155 nəfərlik akt zalı inşa olunub. Yüksək standartlara cavab verən bu tibb müəssisəsi  gün ərzində 200 nəfəri eyni vaxtda qəbul etmək imkanına malikdir.

Prezident İlham Əliyev yeni Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak edib. Mərkəzin foyesində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin ölkə səhiyyəsinə göstərdikləri diqqət və qayğını əks etdirən foto-guşələr yaradılıb. Dövlət başçısına məlumat verilib ki, Müalicə-Diaqnostika Mərkəzinə müraciət edən vətəndaşların müayinə və müalicəsini daha da sadələşdirmək məqsədilə qəbul və hemodializ şöbələri birinci, konsultativ diaqnostika poliklinikası ikinci, stasionar və reanimasiya şöbələri isə 3-cü mərtəbədə təşkil olunub. Mərkəzin hemodializ şöbəsində 5 ədəd hemodializ aparatı quraşdırılıb. Bu aparatlardan biri ayrı otaqda infeksion xəstələr üçün nəzərdə tutulub. Mərkəzin şüa-diaqnostika şöbəsi kompüter tomoqraf və rentgen aparatları ilə təchiz olunub. Konsultativ poliklinika şöbəsində bütün növ xəstəliklərin müayinəsi və müalicəsi üçün kabinetlər yaradılıb. Otaqların hər biri müasir tibbi avadanlıqla təchiz edilib. Endoskopik kabinet tibbin ən son nailiyyətlərinin məhsulu olan fibroqastroskop və kolonoskopla təchiz olunub. Müalicə-Diaqnostika Mərkəzinin laboratoriya şöbəsində  biokimyəvi, mikrobioloji, hematoloji və immunuloji-seroloji analizlərin aparılması mümkündür. Stasionar şöbədə hər biri 2 çarpayıdan ibarət olmaqla 10 palata yaradılıb. Burada həmçinin manipulyasiya və sarğı otaqları da yerləşir. Əməliyyat  bloku 2  əməliyyat  otağından  ibarətdir və otaqların hər birində xaricdə istehsal olunan yüksək keyfiyyətli tibbi avadanlıq yerləşdirilib. Dövlət başçısı mərkəzin akt zalında oldu. Prezidentin diqqətinə çatdırılıb ki, mərkəzdə 205 nəfər daimi işlə təmin ediləcək. Prezident İlham Əliyev bu yeni müalicə ocağında yaradılan şəraitdən istifadə edərək, əhaliyə yüksək səviyyədə xidmət göstərilməsi ilə bağlı tapşırıqlarını verib. Müalicə-Diaqnostika Mərkəzi ilə tanış olan Prezident İlham Əliyev Xızı rayon ictimaiyyətinin nümayəndələri və tibb işçiləri ilə görüşüb.

Tibb işçisi Jalə Hüseynova Xızı rayonuna göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edib.

Beləliklə, regionlarda yeni infrastruktur layihələrinin icrası Xızının da simasına mühüm elementlərin əlavə edilməsi ilə yanaşı, ilk növbədə əhalinin rahatlığının təmin olunmasına xidmət edir. Bu, göstərir ki, yeniləşən və müasirləşən Azərbaycanın sürətli iqtisadi inkişafını şərtləndirən mühüm layihələr davamlı xarakter alıb. Bu, həm də dünyada sürətli iqtisadi inkişafı ilə öyünən və öz təcrübəsini hamı ilə bölüşməyə hazır olan Azərbaycanın regiondakı yerini və çəkisini, həm də özəlliyini nümayiş etdirir.