Siyasət

“Caucasus international” jurnalının ilk sayı işıq üzü görüb

19-07-2011 | 11:57        

  

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin dəstəyi ilə Türkiyədə Cənubi Qafqaz regionu ətrafında intellektual müzakirələri təşviq etmək və bu müzakirələri beynəlxalq arenada istiqamətləndirmək məqsədilə “Caucasus international” jurnalının ilk sayı işıq üzü görüb.
Redaksiya heyətinə beynəlxalq münasibətlər sahəsində dünyanın nüfuzlu mütəxəssislərinin daxil olduğu jurnal Ankarada fəaliyyət göstərən Avrasiya Elm Adamları Dərnəyi tərəfindən təsis edilib və SAM ilə əməkdaşlıq çərçivəsində nəşr olunur. Müəllifləri xarici və region dövlətlərinin elm xadimləri, tədqiqatçıları olan və rübdə bir dəfə ingilis dilində nəşr edilən “Caucasus international” jurnalının ilk sayı “Cənubi Qafqaz regionu beynəlxalq arenada: regional və beynəlxalq perspektivlər” başlığı ilə dərc olunub. Jurnalın ilk sayının müəllifləri arasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Stratfor Özəl Elmi Korporasiyasının yaradıcısı, icraçı direktoru və baş analitiki George Fridman, İsrailin Hayfa Universitetinin professoru Brenda Şafer, “Rusiya qlobal siyasətdə” jurnalının baş redaktoru Fyodor Lukyanov, “Enerji təhlükəsizliyi” jurnalının redaktoru Kevin Rozner, Gürcüstanın Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun aparıcı elmi işçisi Vladimer Papava ilə yanaşı, azərbaycanlı gənc ekspertlər – Rəşad Kərimov, Fariz İsmayılzadə və Anar Vəliyev də yer alıblar. “Caucasus international” jurnalı Türkiyənin kitab evlərində və Avropanın bi sıra şəhərlərində  satışa çıxarılıb. Jurnalın ilk nömrəsi qısa müddət ərzində Bakının kitab mağazalarında satışda olacaq.