Xarici xəbərlər

Tunisdə yeni yaradılan Milli Birlik hökumətinə qarşı etirazlar davam edir.

24-01-2011 | 13:27        

  

Tunisdə minlərlə fermer və polis paytaxtda keçirilən etiraz aksiyalarına qoşulub. Aksiyaçılar devrilən prezident Zin əl-Abidin ben Əli hakimiyyətində təmsil olunan nazirlərin yeni hökumətdən kənarlaşdırılmasını tələb ediblər. “Azadlıq karvanı” adlandırılan mitinqlərdə yeni milli birlik hökumətinə rəhbərlik edən baş nazir Məhəmməd Qannuşinin istefasını tələb edən şüarlar da səsləndirilib. Bildirilib ki, ölkədə siyasi gərginliyi aradan qaldırmaq üçün Qannuşi və onun tərəfdarlarından birdəfəlik imtina etmək lazımdır. Qannuşi isə ölkədə keçiriləcək parlament və prezident seçkilərindən sonra siyasətdən gedəcəyini bildirib. Nümayişçilər Qannuşilə birgə ben Əli hakimiyyəti zamanı hökumətdə təmsil olunan, indi isə yeni birlik hökumətinin tərkibinə qatılan bütün vəzifəli şəxslərin də hakimiyyətdən uzaqlaşdırılmasını tələb ediblər. Bu arada ölkədə sabiq prezident Zin əl-Abidin ben Əlinin yaxınlarının kütləvi həbsi davam edir. Ötən gün sabiq prezidentin qohumu, özəl “Hannibal” televiziya kanalının rəhbərini həbs edib. Ümumilikdə, indiyə kimi sabiq prezidentin yaxın qohumları olan ölkənin iri ticarət müəssisələrinin 30-dan çox rəhbəri də saxlanılıb.