İqtisadiyyat

KƏND TƏSƏRRÜFATI MƏHSULLARI İSTEHSALÇILARINA BU İL DƏ SUBSİDİYA VERİLƏCƏK

07-01-2011 | 18:27        

  

Gələn aydan payızlıq əkini aparan, taxıl və çəltik səpinini başa çatdıran fermerlər, əkin sahəsinə görə dövlətin verdiyi birdəfəlik yardımı, subsidiyanı ala biləcəklər. Bununla bağlı məhsul istehsalçılarından sənədlərin yığılması başa çatmaq üzrədir.Artıq 56 rayondan səpin işi aparan fermerlərin sənədləri respublika komissiyasına təqdim edilib. Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi İslam İbrahimov bildirdi ki, daxil olan ərizələrdən 17 rayon üzrə sənədlər təsdiqlənib. Yaxın 2 həftə ərzində həmin rayonların fermerlərinə vəsaitlərin verilməsinə başlanılacaq. Digər rayonlar üzrə isə sənədlərin baxılması davam etdirilir. Həmin rayonların fermerləri də növbəti aydan subsidiyalarını ala biləcəklər. İlkin hesablamalara görə payızlıq əkininə görə fermerlərə 21,5 milyon manat subsidiya ödəniləcək.
İslam İbrahimov onu da qeyd etdi ki, yanacaq və sürtgü materiallarına görə kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsi bu il də davam etdiriləcək. Artıq bununla bağlı sənədlərin qəbuluna başlanılıb. İyun ayından başlayaraq yanacaq və sürtgü materiallarına görə, əkin aparan fermerlərə təqribən daha 60 milyon manat yardım ediləcək. Prezidentin sərəncamına və Nazirlər Kabinetinin qərarına əsasən, hər hektar sahəyə ümumilikdə 80 manat subsidiya verilir. Həmçinin hər il olduğu kimi, bu il də məhsulun becərilməsi zamanı fermerlərin istifadə etdiyi fosfor gübrəsinin 70, digər mineral gübrələrin isə dəyərinin 50 faizi dövlət tərəfindən maliyyələşdiriləcək.