Mədəniyyət

Azərbaycanın «Səs»i

23-12-2015 | 17:00        

  

Artıq üçüncü onillikdir ki, müstəqilliyinə qovuşan Azərbaycan bütün sferalarda olduğu kimi, mədəniyyət sahəsində də onlarla dünya miqyaslı layihələrə imza atıb və bu ənənə hələ də davam etməkdədir.

Bu ilin iyun ayının 12-dən 28-dək keçirilən Bakı 2015 ilk Avropa Oyunlarının təəssüratlarını hələ də bölüşüb-paylaşan, bu möhtəşəm layihənin vətənimizdə yüksək səviyyədə keçirildiyini hər səfərində sonsuz sevgi və səmimiyyətlə etiraf edən dünya ölkələri indi də Hollandiyanın “Talpa” İnternational B.V. şirkətinə məxsus “The Voice” (“Səs”) layihəsinin Azərbaycanda reallaşdırılmasına şahidlik edirlər. Ölkəmizdə bu layihənin lisenziyası Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə məxsusdur. “Səs Azərbaycan” hər həftənin cümə günü Azərbaycan Televiziyasında yayımlanır, artıq 6-cı həftəsini arxada qoyub.

Münsiflər heyətinə Azərbaycanın xalq artistləri Mübariz Tağıyev və Faiq Ağayev, əməkdar artistlər Manana Caparidze və Tünzalə Ağayeva daxildir. Şou Dövlət Bayrağı Meydanı ərazisindəki Bakı Kristal Zalında keçirilir.

Bütün dünyada yayımlanan və məşhurlaşan "Səs" (The Voice) yarışmasında iştirak etmək istəyənlər www.thevoice.az saytı vasitəsi ilə qeydiyyatdan keçiblər.  Səs Azərbaycan yarışmasının bir qrup nümayəndəsi avqustun 23-dən sentyabrın 1-ə  qədər 10 şəhərdə olub və xüsusi səsə, istedada malik olan gəncləri seçiblər.

Bu zaman ərzində 300 potensial konkursantın qeydiyyatdan keçdiyi göstərilir. Ümumilikdə isə yarışmada iştrak etmək üçün ərizə göndərənlərin sayı 1500-ü keçib.

«Səs Azərbaycan» nəinki beynəlxalq layihənin bir elementidir, hətta elə ilk yarışdan Azərbaycanın sərhədlərini aşıb. Ukrayna, Hollandiya və Böyük Britaniya vətəndaşlarının «gözübağlı dinləmələr»ə qatılması bunu sübut edir.

 

Açıqlamalar

 

Hələ yarışma başlamazdan öncə "Səs Azərbaycan"ın münsiflər heyətinin üzvləri maraqlı açıqlamalar veriblər. Tünzalə Ağayeva bu layihənin Azərbaycanda keçirilməsinin çox qürurverici hadisə olduğunu qeyd edib. "Mən çox şadam ki, bütün dünyada tanınan layihədə münsiflər heyəti kimi çıxış edirəm. İstedadlı gənclərin seçilməsində, onların üzə çıxarılmasında, tanınmasında həm həmkarlarımın, həm də mənim rolum olacağına görə çox şadam. İnanıram ki, doğurdan da səsi olan insanlar bu layihəyə qatılacaq, ümid edirəm ki, kim layiqdirsə o da qazanacaq. Layihənin adına uyğun olaraq güclü səsi olan, maraqlı, qeyri adi, istedadlı, yadda qalan olacaq insanları axtarıb onlar arasında seçim edəcəyik. Mənim seçəcəyim gənclər bu istedada malik olmalıdır. Səs texnikası, səs tonu, rəngləri maraqlı olmalıdır. Hər cür səsə malik olan insan gələ bilər, yeni başlayan, təcrübəsi olmayan və eyni zamanda da təcrübəli insanlar müsabiqədə iştirak edə bilər. Səsin potensialına baxacam. Əgər bu səsdən güclü bir səs etmək olarsa bunu edəcəm. Mənim üçün səs, zəngin texnika çox önəmlidir",- deyə müğənni bildirib. Digər münsif əməkdar artist Manana Caparidze isə yarışmanın böyük uğur qazanacağına inandığını deyib: "Mənə bu layihədə münsif kimi çıxış etməyi təklif edəndə böyük məmnuniyyətlə qəbul etdim. Bu layihədə istedadlı gənclər iştirak edəcək. Mən və mənim həmkarlarım gəncləri dəstəkləyəcəyik. Azərbaycanda heç kimə tanış olmayan gözəl ifaçılar tapsaq, bu, böyük qələbə olacaq. Mən vokalçı pedaqoq kimi öz bildiklərimi gənclərə öyrədəcəyəm. Birinci növbədə səsdir. Səsdən başqa iştrakçılarda xarizma olmalıdır. Səhnə mədəniyyəti də çox vacibdir".

 

Ölkədə ilk dəfə

 

Qeyd edək ki, "Səs Azərbaycan" yarışması Azərbaycanda ilk beynəlxalq lisenziyalı musiqi yarışmasıdır. İlk dəfə 2010-cu ildə Niderlandda yayımlanan, sonradan isə bütün dünyada məşhurlaşan “The Voise”  yarışması  dünyanın 50-dən çox ölkəsində reytinqlərdə birinci yerdə qərarlaşaraq özünə əməlli-başlı pərəstişkar ordusu toplayıb. Bu yarışmanın qardaş Türkiyədə “ O ses Turkiye”, qonşu Rusiyada “Qolos" adı altında keçirilən versiyaları həm yerli əhalinin, həm də  Azərbaycan tamaşaçısının böyük marağına səbəb olaraq, geniş  izləyici auditoriyası qazanıb. Hətta, Azərbaycanı bu il ikinci dəfə  "Eurovison" yarışmasında təmsil edən Elnur Hüseynov Türkiyədə həmin  müsabiqənin – "O ses Türkiye"nin qalibi olub. Yeri gəlmişkən, Azərbaycandan bir çox iştirakçı qonşu ölkələrdə keçirilən “Səs” yarışmalarına qatılaraq, müsabiqədə özlərini sınayıblar.

Odur ki, indi ölkəmizdə bu layihəni “Səs Azərbaycan” adı ilə təqdim etməyin əsl vaxtıdır. Azərbaycan Televiziyasında yayımlanan ilin ən reytinqli musiqi layihəsinin məqsədi ölkənin əsas “Səs”ini tapmaqdır.

 

“Səs”in qaydaları

 

“The Voice”  - bütün dünyada vahid, unikal format olmaqla yanaşı, indiyə qədər televiziyalarda yayımlanan digər səs yarışmalarından  köklü surətdə fərqlənir. Qaydalara əsasən 4 nəfərdən ibarət  münsiflər heyəti “ Gözübağlı” dinləmələr mərhələsində öz komandalarını  formalaşdlrmalıdır.  Münsiflər heyəti arxası səhnəyə doğru əyləşərək iştirakçıların vokal imkanlarını dəyərləndirib, onları seçir. Hər münsif öz komandasına yalnız 14 nəfər seçə bilər. “Gözübağlı dinləmələr”dən sonra iştirkaçılar mübarizəsini “Rinq” və “Canlı efir”də davam etdirirlər.

“Gözübağli dinləmələr” yarışmanın ən rəqabətli mərhələsidir. Münsiflər “gözübağlı” şəkildə iştirakçııları seçir. Onlar arxası səhnəyə tərəf əyləşib, bəyəndiyi səsə dönür və özünə 14 nəfərdən ibarət komanda qurmağa çalışır.

“Rinq” mərhələsində bir münsifin komandasında olan iştirakçılar həmin komandada olan rəqibi ilə səhnədə musiqili duelə çıxır. Çıxışın yekununda münsif öz komandasından olan iki iştirakçıdan birinə növbəti mərhələdə çıxış etmək şansı verir. Bu mərhələnin sonunda “Canlı efir” mərhələsinə yalnız 32 iştirakçı keçir.

“Canlı efir” dörd bölümdən ibarətdir. İştirakçıların müsabiqədəki taleyini münsiflərlə yanaşı tamaşaçıların verdiyi səslər də həll edir. İlk iki bölümün yekununda 32 iştirakçıdan yalnız 16 nəfər yarışmada iştirakını davam etdirmək hüququ qazanır. Beləliklə, hər münsifin komandasındakı iştirakçı sayı 2 dəfə azalır. Sonrakı iki bölümdə hər münsif daha bir iştirakçısını itirir.  Təbii ki, bu da münsiflərin və tamaşaçıların səsverməsi nəticəsində bəlli olur. Nəticədə 4 canlı efir bölümündən sonra yalnız 8 iştirakçı yarımfinala keçmək hüququ qazanır.

Yarımfinalda qalan səkkiz iştirakçı səhnədə hərəyə bir mahnı ifa edir. Canlı yayımlanan bütün çıxışların yekununda münsif və tamaşaçıların verdikləri səslərin nəticəsində  4 iştirakçı finala keçir.

Final mərhələsində 4 iştirakçı olur (hər münsifin komandasından bir nəfər). İştirakçılar bu mərhələdə hərəyə iki mahnı ifa edirlər. Onlardan biri solo, digəri isə tabe olduğu münsiflə duet şəklində təqdim edilir. Canlı yayımdakı bu çıxışların sonunda tamaşaçı səsverməsi nəticəsində ən az səs toplayan iştirakçı yarışmanı tərk edir. Sonra qalan üç finalçı hərəsi ayrı-ayrılıqda səhnədə yekun mahnılarını təqdim edirlər. Bunun sonunda isə tamaşaçılar göndərdiyi səslərin müqabilində  qalib  müəyyənləşir.

 

Böyük populyarlıq

 

Layihənin daha bir özəlliyi - AzTV rəhbərliyi «Səs Azərbaycan»ın çəkilişini 200 nəfərə yaxın peşəkar və təcrübəli mütəxəssislərin cəlb olunduğu beynəlxalq heyətə həvalə edib. AzTV-nin əməkdaşları isə bu cür layihələrdə işləmək təcrübəsini əldə etmək üçün çəkilişlərə cəlb olunublar.

Qısa müddətdə layihə ölkə tamaşaçısında böyük maraq yarada bilib. Sosial şəbəkələr və internet də müsabiqənin cəmiyyətdə böyük maraqla qarşılandığını sübut edir. Məsələn, «Səs Azərbaycan»ın facebook səhifəsini izləyənlərin sayı 150 mini ötüb, bu səhifənin daimi abonentlərinin sayı 60 mindir. Yarış başlayandan iştirakçıları youtube vasitəsilə izləyənlərin sayı isə milyonu ötüb.

Qeyd edək ki, «Səs Azərbaycan»ın media ilə peşəkar səviyyədə çalışmağa üstünlük verməsi müsbət haldır. Layihənin saytında 1news.az, trend, day.az, milli.az, friday.az, baku.ws, vzqlyad.az, oxu.az, life.az, primetime, urban, myvideo, video.az saytları media-tərəfdaşları kimi göstərilib. Təqdirəlayiqdir ki, bu media quruluşları təmənnasız və ödənişsiz şəkildə layihəyə informasiya dəstəyi göstərirlər. Həmin saytların reportyorları «Səs Azərbaycan»ın seçim turlarından başlayaraq bütün çəkilişləri yaxından izləyir və işıqlandırırlar.

 

Dividendlər

 

Xatırladaq ki, indiyə qədər "The Voice" dünyanın 50-dən çox ölkəsinin ən nüfuzlu telekanallarında nümayiş olunub və beynəlxalq musiqi aləminə yüzlərlə gözəl, mükəmməl səs və maraqlı performans bəxş edib. Milyonlarla tamaşaçı ordusu toplayan, izləmə rekordlarını qıran bu məşhur layihədə bir-birindən maraqlı musiqi nömrələri təqdim olunur. Əvvəldən axıra həyacanlı, emosiyalarla zəngin olan şouda tamaşaçılar könülləri fəth edəcək əsrarəngiz səs sahiblərinin aşkara çıxarılması mərhələlərini dəqiqəbədəqiqə izləyə biləcəklər.

“The Voise”- “Səs”  beynəlxalq müsabiqəsinin ölkəmizdə keçirilməsinin bir çox müsbət tərəfləri var. Bunlardan ən başlıcası isə odur ki, layihə istedadlı gənclərimizin Azərbaycanın hüdudlarından kənarda tanınması üçün geniş imkanlar açacaq.