Rəsmi xronika

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

22-01-2011 | 17:28        

  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Türkiyə Respublikasının enerji və təbii ehtiyatlar naziri, birgə hökumətlərarası Komissiyanın həmsədri Taner Yıldızın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 
Dövlətimizin başçısı Azərbaycan-Türkiyə birgə hökumətlərarası komissiyanın iclasının əhəmiyyətini vurğuladı. Bu yaxınlarda İstanbulda Türkiyənin Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla səmərəli görüşlər keçirdiyini xatırlayan Prezident İlham Əliyev Türkiyənin enerji və təbii ehtiyatlar naziri, birgə hökumətlərarası Komissiyanın həmsədri Taner Yıldızın ölkəmizə səfərinin önəmli olduğunu vurğuladı. Ölkələrimiz arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini deyən Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin inkişafına dair bir çox məsələlərin birgə komissiyada müzakirə ediləcəyinə və həllini tapacağına əminliyini bildirdi. 
Türkiyənin enerji və təbii ehtiyatlar naziri, birgə hökumətlərarası Komissiyanın həmsədri Taner Yıldız Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, böyük bir heyətlə ölkəmizə səfər etdiklərini, əlaqələrimizin daha da inkişaf etdirilməsi istiqamətində bir çox məsələlərlə bağlı birgə müzakirələr aparacaqlarını dedi. Taner Yıldız Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu məsələlərin həll olunacağına əminliyini bildirdi. 
Dövlətimizin başçısı ölkələrimiz arasında birliyin gündən-günə möhkəmləndiyini və bunun bölgəyə də müsbət təsir göstərdiyini dedi. Ölkələrimizin gələcəkdə də bütün məsələlərlə bağlı bərabər mövqe nümayiş etdirməsinin zəruriliyini bildirən Prezident İlham Əliyev Azərbaycanla Türkiyənin maraqlarının həm dünya miqyasında, həm də bölgədə eyni olduğunu dedi. Azərbaycan-Türkiyə dostluğunun daha da möhkəmləndiyini, qardaşlığımızın əbədi olduğunu vurğulayan dövlətimizin başçısı bu təməl üzərində qurulan əlaqələrin bizi gələcəyə aparacağına əminliyini bildirdi. 
Görüşdə Azərbaycanla Türkiyə arasında qaz sahəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə edildi, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan layihələrinin uğurlu fəaliyyətindən danışıldı. Görüş zamanı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin önəmi vurğulanaraq 2011-ci ildə Azərbaycanın bu layihəyə əlavə vəsait ayırdığı qeyd olundu. Söhbət zamanı elektrik enerjisi sahəsində əməkdaşlıq məsələlərinə toxunularaq Türkiyə-Gürcüstan-Azərbaycan elektrik xətlərinin birləşdirilməsi layihəsi və gələcəkdə Türkiyəyə elektrik enerjisinin ixracı məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı. 
Dövlətimizin başçısı Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.