Mədəniyyət

II Beynəlxalq Muğam Festivalina hazırlıqlar başlanıb

22-01-2011 | 12:21        

  

Martın 14-dən 21-kimi Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Bakıda II Beynəlxalq Muğam Festivalı işə başlayır. Bəstəkarlar İttifaqından verilən məlumata görə  artıq festivala qatılmaq üçün müxtəlif ölkələrdən müraciətlər var. Hazırda həmin müraciətlərə baxılır. Festivalın açılış mərasimi Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.  8 günlük festival çərçivəsində Bəstəkarlar İttifaqında “Azərbaycan muğamının dostları ilə görüş-konsert” və UNESCO səviyyəsində simpozium keçiriləcək. Fevral ayında isə II Beynəlxalq Muğam Festivalının simpoziumu ərəfəsində “Şərqin muğam-məqam sistemləri” adlı elmi konfrans olacaq. Müsabiqənin formatında dəyişiklik edilməyib. İlk müsabiqədə olduğu kimi, bu dəfə də festival müddətində gənc muğam ifaçılarının müsabiqəsi təşkil olunacaq. Lakin müsabiqənin münsiflər heyətinin tərkibi hələ məlum deyil. Münsiflər heyətində yerli sənət adamları ilə yanaşı, xarici mütəxəssislər də təmsil olunacaq ki, hazırda onların adları müəyyənləşdirilir. Xatırladaq ki, I Beynəlxalq Muğam Festivalı 2009-cu ildə keçirilib.