Rəsmi xronika

Prezident İlham Əliyev Qaradağ rayonunda olub

21-01-2011 | 16:40        

  

Yanvarın 21-də paytaxtın Qaradağ rayonunda olan Prezident İlham Əliyev Lökbatan qəsəbəsində ulu öndər Heydər Əliyevin adını daşıyan parkın, Heydər Əliyev Mərkəzinin, həmçinin “Cırtdan” uşaq əyləncə parkının açılışında iştirak edib. Dövlət başçısı Qaradağ rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşüb. Son illərdə bütün ölkədə olduğu kimi, paytaxtın Qaradağ rayonunun da geniş miqyaslı abadlıq və quruculuq tədbirləri həyata keçirilir. Bakı şəhərinin inkişaf planına uyğun olaraq Qaradağ rayonunda da müxtəlif  istehsal sahələri, iri infrastruktur layihələri həyata keçirilir, yeni-yeni sənaye müəssisələri  tikilib istifadəyə verilir. Ölkənin ən böyük sənaye mərkəzlərindən olan Qaradağ rayonunun inkişafı dövlət başçısının daim diqqət mərkəzindədir. Qaradağ rayonunun sosial inkişafı ilə bağlı böyük tədbirlər həyata keçirilir, əhalinin sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılır.

Qaradağ rayonuna gələn Azərbaycan Prezidenti İlham Əliyev  əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan yeni parkın açılış mərasimində iştirak edib.

Dövlət başçısı Heydər parkında yaradılan şəraitlə yaxından tanış olub.  Prezident İlham Əliyevə məlumat verilib ki, Lökbatan qəsəbəsinin mərkəzində yerləşən parkda əsaslı yenidənqurma işləri həyata keçirilib, parkın ərazisi xeyli genişləndirilib. Yenidənqurma işlərindən sonra parkda fəvvarələr quraşdırılıb, yaşıllaşdırma işləri həyata keçirilib.  Prezident İlham Əliyevin Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına uyğun olaraq salınan yeni  parkda əhalinin istirahəti üçün hər cür  şəraitin yaradıldığı bildirilib. Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib.

Sonra dövlət başçısı Qaradağ rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Qaradağ sakini Təranə İsmayılova rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edib.

Qaradağ rayon sakinləri ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini heç vaxt unutmur. Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu illərdə Qaradağ rayonunun inkişafına xüsusi diqqət göstərib, hakimiyyətinin birinci dövründə Qaradağın ölkənin aparıcı sənaye mərkəzlərindən birinə  çevrilməsinin istiqamətində böyük işlər görüb.  Məhz həmin  illərdə burada nəhəng sənaye zavodları fəaliyyətə başlayıb. Ulu öndərin vaxtilə açılışında iştirak etdiyi bu iri sənaye müəssisələr hazırda da müasir Azərbaycanın iqtisadi inkişafına öz töhfələrini verir. Heydər Əliyev muzeyində nümayiş etdirilən bu fotolar ümummilli liderin  Qaradağ rayonuna səfərlərini, böyük sənaye obyektlərinin açılışında iştirakını əks etdirməklə yanaşı, həm də  Qaradağ rayonunun inkişafının ulu öndərin hər zaman diqqət mərkəzində olduğunu  bir daha sübut edir. Azərbaycan müstəqillik qazandıqdan sonra da ölkəmizin  iqtisadi qüdrətinin artmasında Qaradağ rayonu mühüm yer tutur.

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısı mərkəzdə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, burada ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği üçün hər cür şərait yaradılıb. Müasir avadanlıqla təchiz olunan internet zalı təşkil edilib.  Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolara da baxıb. Lökbatanda Heydər Əliyev Mərkəzinin yaradılması müasir Azərbaycan tarixinin, Heydər Əliyev irsinin, ulu öndərin zəngin siyasi fəaliyyətinin öyrənilməsi və təbliği baxımından böyük önəm daşıyır.  Gənc nəsli milli-mənəvi ruhda tərbiyə edilməsində də ulu öndərin  çıxışlarının əvəzsiz  rolu var. Yeni  mərkəz də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması baxımından da mühüm əhəmiyyət daşıyır.  Mərkəzdə nümayiş etdirilən fotolar bir daha təsdiqləyir ki, ulu öndər öz həyat və fəaliyyəti bütün zamanlarda xalqımıza xidmət edib,  Azərbaycanın müstəqilliyini dönməz və sarsılmaz edib.

Daha sonra dövlət başçısı 50 yerlik konfrans zalında yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, bununla yanaşı, Heydər Əliyev Mərkəzində 220 yerlik iclas zalı da yaradılıb. Prezident İlham Əliyev iclas zalında yaradılan şəraitlə də tanış oldu. Dövlət başçısı ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin əks olunduğu və 3D formatında hazırlanan filmə tamaşa edib.

Qeyd edək ki, mərkəzdə bura gələnlərin istifadə etməsi üçün kiçik kafetiya və zəngin kitab ehtiyatı olan kitabxanada da yaradılıb. Burada ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən ədəbiyyat toplanıb. Mərkəzlə tanışlıqdan sonra dövlət başçısı xatirə kitabına ürək sözlərini yazıb. Prezident İlham Əliyev Qaradağ rayonuna səfəri çərçivəsində “Cırtdan” uşaq əyləncə parkının açılışında da iştirak edib.

Bildirildi ki, Lökbatan qəsəbəsində uşaqlar üçün salınan “Cırtdan” uşaq əyləncə parkı  xüsusi zövqlə salınıb. Yay aylarında parkın ərazisində uşaqların istirahəti üçün hər cür şərait yaradılıb.  Qeyd olundu ki, qapalı “Cırtdan” uşaq kafesi müasir mebel dəstləri və avadanlıqla təchiz olunub. Bildirilib ki,  10 min kvadratmetr ərazisi olan park xüsusi dizayn əsasında qurulub, burada müxtəlif atraksionlar və əyləncəli qurğular quraşdırılıb. BU uşaqlara göstərilən diqqət və qayğının  Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bir daha təsdiq edir. Bu sahədə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçilən   çoxsaylı layihələr xüsusi önəm daşıyır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın  bu nəcib missiyası uşaqların xoşbəxt gələcəyinin təmin olunmasına yönəlib. O, öz xeyirxah əməlləri ilə Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarına çevrilib. Parkda yaradılan şəraitlə tanış olan dövlət başçısı “Cırtdan” uşaq kafesində də oldu. Bildirildi ki, burada da uşaqların mənalı istirahətinin təşkili üçün geniş imkanlar yaradılıb. Bir sözlə, Qaradağ rayonunun simasına xüsusi yaraşıq verən bu park ölkəmizin gələcəyi olan uşaqların zövqünü daim oxşayacaq.