Mədəniyyət

“Arşın Mal Alan” filmi Hollivudda nümayiş olunub

21-09-2015 | 10:18        

  

2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş “Arşın Mal Alan” filmi Hollivudda nümayiş olunub. Filmin nümayişi Azərbaycanın ölməz bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, görkəmli sənətkar Rəşid Behbudovun 100, “Arşın Mal Alan” filminin isə 70 illiyinə həsr olunub. Filmi 650 nəfərə yaxın tamaşaçı izləyib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə Azərbaycan kino sənətinin əvəzsiz incilərindən biri olan "Arşın mal alan" filmi Hollivudun məşhur “Ricardo Montalban” kinoteatrında nümayiş olunub. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev “Arşın Mal Alan” filmi barədə məlumat verib. Baş konsul, hələ 2001-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu filmin bərpa edilməsini tövsiyyə etdiyini diqqətə çatdıraraq, tamaşaçıları həmin çıxışın video-yazısına baxmağa dəvət edib. O, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə filmin 2013-cü ildə bərpa edilmiş və rənglənmiş versiyasının təqdim edildiyini vurğulayaraq, bunun tarixi hadisə olduğunu, “Arşın Mal Alan” filminə yeni həyat qazandırdığını bildirib. Rəşid Behdbudovun qızı Rəşidə Rəşid filmlə bağlı atasından eşitdiyi xatirələri tamaşaçılarla bölüşüb. O filmin bərpasına  görə Heydər Əliyev Fonduna təşəkkür edərək, bunun Azərbaycan mədəni irsinə böyük töhfə olduğunu və "Arşın Mal Alan" filminin Los Anceles kimi dünya kino sənayesinin mərkəzində nümayiş olunmasının tarixi hadisə olduğunu vurğulayıb.Daha sonra fimin bərpasını və rənglənməsini həyata keçərən Hollivud şirkətinin rəhbəri İqor Lopatonok belə bir önəmli layihədə iştiraklarından məmunluğunu bildirib. Filmin Nümayişində  Los Ancelesdə yaşayan kinosevərlər, jurnalistlər, müxtəlif ölkələrin Los Ancelesdəki baş konsulları, ictimai-siyasi qurumların nümayəndələri iştirak edib. “Arşın Mal Alan”  tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb.

 Qeyd edək ki, Los Anceles və Kaliforniyanın 6 digər şəhəri tərəfindən 18 sentyabr “Üzeyir Hacıbəyli Günü” elan edilib.