İqtisadiyyat

Azərbaycanda “Avro-3” və “Avro-4” standartlarının tətbiq edilmə müddəti müəyyənləşdirilib

21-01-2011 | 13:53        

  

Bu il ölkədə “Avro-2” standartının tətbiqi ilə bağlı yeni laboratoriyanın tikilməsi nəzərdə tutulub. Eyni zamanda avtomobillərin havaya buraxdığı qazın miqdarını müəyyənləşdirmək üçün  yeni laboratoriya tikiləcək. Artıq gələn ildən başlayaraq Azərbaycanda “Avro-3” standartının tətbiqinə başlanılacaq. 2015-ci ildən etibarən isə “Avro-4” standartı tətbiq ediləcək. Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun sözlərinə görə, artıq Azərbaycan Nazirlər Kabineti ölkədə “Avro-3” və “Avro-4” standartlarının tətbiq edilmə müddətini müəyyənləşdirib. Komitə sədri “Avro-2” standartının tətbiqinin təkmilləşdirilməsi və daha müasir avadanlıqlardan istifadə olunması məqsədilə bu il yeni laboratoriyanın tikiləcəyini də deyib. Onun sözlərinə görə avtomobillərin havaya buraxdığı qazın miqdarını müəyyənləşdirmək məqsədilə də müvafiq tədbirlər görülür. Bu məqsədlə yeni laboratoriyanın inşası nəzərdə tutulub. Hazırda isə bir neçə laboratoriyanın tikintisi aparılır.

Komitə sədrini sözlərinə görə, yaxın bir il ərzində Azərbaycandakı taksilər tamamilə dəyişdiriləcək və yeni standartlara uyğun olacaq. Tədricən taksilərin rəngləməsi prosesi yekunlaşacaq. Benzinin keyfiyyəti ilə bağlı gündəlik yoxlamalar keçirildiyini də deyən komitə sədri, buna ciddi nəzarət edildiyini vurğulayıb.