İqtisadiyyat

Azərbaycanda iri aqrar komplekslər yaradılacaq

21-01-2011 | 13:36        

  

 İri aqrar komplekslərin yaradılması üçün yararlı torpaq sahələrinin müəyyənləşdirilməsinə start verilib. Artıq toxumçuluq təsərrüfatları üçün torpaqların müəyyən edilməsi üzrə komissiya yaradılıb. Torpaq və Xəritəçəkmə Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi,  Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələrindən ibarət komissiya 2 həftə ərzində ölkə ərazisində aqrar komplekslərin yaradılması üçün yararlı olan torpaqları müəyyənləşdirməli, Nazirlər Kabinetinə təkliflər verməlidir. Belə komplekslərin dövlətə məxsus qış otlaqlarında və dövlət torpaq fondundan ayrılan ərazilərdə yaradılması nəzərdə tutulur. Komplekslər üçün torpaqların əsasən Qazax, Samux rayonları və Kür-Araz ovalığına daxil olan ərazilərdə ayrılacağı müəyyənləşdirilib. Yeni komplekslər taxıl toxumçuluğu – toxumluq taxılın yetişdirilməsi ilə məşğul olacaq. Bu da toxumluq taxıla olan tələbatı tam ödəməyə və  əldə ediləcək toxumluq taxılın gələcəkdə xaricə ixracına imkan verəcək. Kompleksin minimum bir neçə min hektar sahəsi, ərazisində əkin sahələri ilə yanaşı zəruri infrastruktur və burada işləyənlər üçün yaşayış obyektləri olmalıdır. Torpaqlar müəyyən edildikdən sonra, aqrar komplekslərin yaradılması üçün  uzunmüddətli güzəştli şərtlərlə sahibkarlara icarəyə veriləcək. Eyni zamanda dövlət həmin sahibkarları subsidiyalarla da təmin edəcək. Amma bundan əvvəl həmin ərazilərdə bütün lazımi meliorasiya tədbirləri görüləcək, ərazi meliorativ və suvarma sistemləri ilə təmin ediləcək, drenaj-kollektor sistemləri qurulacaq. İlkin olaraq 10-15 belə kompleksin yaradılması nəzərdə tutulur.