Rəsmi xronika

Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib

20-01-2011 | 14:11        

    

Bu gün 20 yanvar faciəsindən 21 il ötür. Xalqımız hər il olduğu kimi, bu il də müstəqilliyimiz uğrunda şəhid olan soydaşlarımızın xatirəsini əziz tutur. 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib.

Bu gün bəşəriyyət və insanlıq əleyhinə törədilən 20 yanvar faciəsindən 21 il ötür. Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi, həm də qəhramanlıq səhifəsi kimi yazılan bu gün xalqımızın qan yaddaşına əbədi həkk olunub. Xalqımız müstəqillik uğrunda şəhid olan soydaşlarımızın xatirəsini daim əziz tutur. Faciə qurbanlarının əziz xatirəsini yad etmək üçün Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər.

1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına çıxaraq buna qəti etirazını bildirən soydaşlarımıza qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməyən faciəyə gətirib çıxardı. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Sovet hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazıldı. Böyük itkilər, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi mərkəzi hakimiyyət başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirdi.

Təəssüf ki, həm SSRİ, həm də o vaxtkı Azərbaycan rəhbərliyi bu qanlı cinayətin bilavasitə təşkilatçıları və iştirakçıları olduqlarından onun açılması və cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görmədi, əksinə bu cinayəti ört-basdır etmək üçün əllərindən gələni etdilər. 20 yanvar faciəsindən 1 gün sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşməsi və qırmızı rejimin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi.

Uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində işləyən, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olan, böyük siyasi gücü və sarsılmaz iradəsi ilə SSRİ rəhbərliyinin qəzəbinə tuş gələrək təqaüdə göndərilən Heydər Əliyev yenə də, bütün mərhumiyyətlərə baxmayaraq o ağır günlərdə xalqın sırasında, onunla birgə, həmrəy oldu.

Heydər Əliyev bəyanatı ilə əslində Azərbaycanda gedən proseslərə qiymət verdi. O, SSRİ rəhbərliyinin Azərbaycana münasibətdə qətiyyən xoşniyyətli davranmadığını diqqətə çatdırmaqla yanaşı, həm də hakimiyyəti onda qınadı ki, Azərbaycana siyasi savadı olmayan, kölə xislətli insanın rəhbər təyin edilməsi xalqla hakimiyyət arasında dərin uçurumun yaranmasına səbəb olmuşdu. Bu uçurumun yaradılması da ilk növbədə mərkəzi hakimiyyətin maraqlarına xidmət edirdi və bununla belə gələcəkdə yaranacaq bütün problemlərin, konkret desək, 20 Yanvar faciəsinin baş verməsinə səbəb olmuşdu.

Bir müddət sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də bu hadisəyə siyasi-hüquqi qiymət verdi. Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələri əsil siyasi-hüquqi qiymətini aldı və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı.

Azərbaycanın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, əzizləri də dövlət qayğısı ilə əhatə olunub. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlət başçısının diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilib. İlk öncə şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı qanunvericilik bazası yaradılıb. Dövlət başçısı bu istiqamətdə sərəncam və fərmanlar verib. Bundan başqa əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri inşa olunub. İndi ölkədə 300-dən çox 20 Yanvar əlili, 126 şəhid ailəsi var. Ötən il ümumilikdə əlil və şəhid ailələrinə yeni mənzillər verilib ki, onların arasında 20 Yanvar əlili və şəhid ailələri də var. 20 Yanvar faciəsində şəhid olan şəxslərin ailələrinə Prezident təqaüdü də verilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində də göstərir.

Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.