Xarici xəbərlər

ABŞ VƏ Çin arasında 45 milyard dollarlıq müqavilə imzalanıb

20-01-2011 | 13:58        

  

Amerika Birləşmiş Ştatlarında səfərdə olan Çin xalq respublikasının lideri Hu Szintao Ağ ev rəhbəri Barak Obama ilə görüşüb. Görüşdə iki ölkə arasında bəzi sənədlər də imzalanıb. Birləşmiş Ştatların prezidenti Barak Obama ilə Çin rəhbəri Hu Szintaonun görüşündə əsasən siyasi və iqtisadi məsələlər, həmçinin yuanın kursunun möhkəmləndirilməsi müzakirə olunub. Tərəflər aviasiya, maşınqayırma və kənd təsərrüfatı sahələrində dəyəri 45 milyard dollardan çox olan müqavilə də imzalayıblar. Danışıqlar başa çatdıqdan sonra, Aö ev rəhbəri Barak Obama Çinlə strateji əlaqələrin vacibliyindən danışıb. Barak Obama: ““Biz Birləşmiş Ştatlarla Çin arasındakı əməkdaşlığın nə qədər inkişaf etdiyini göstərdik. Çin valyutasının süni yollarla deyil, beynəlxalq bazarın tələbinə uyğun olaraq kursunun müəyyənləşəcəyini düşünürük. Bizim ölkələrimizin iqtisadi sahədə üstünlükləri var.” Hu Tsintao isə öz növbəsində bildirib ki, ölkələr xarici siyasət sahəsində də əməkdaşlığı gücləndirmək əzmindədirlər. Hu Tsintao: “Biz beynəlxalq və yerli əhəmiyyətli bir sıra məsələlər ətrafında fikir mübadiləsi apardıq. Həmçinin Koreya yarımadasındakı vəziyyət də müzakirə olundu. Asiya-Sakit okean regionunun inkişafında əməkdaşlığa dair razılıq əldə etdik.”

Birləşmiş Ştatlar və Çin liderlərinin görüşündə iki ölkə arasında fikir ayrılığına səbəb olan mövzular da müzakirə olunub. Vaşinqtonda keçirilən görüşlərdən sonra Hu Szintao iş adamları ilə görüşmək üçün Çikaqoya gedib.