Rəsmi xronika

Prezident İlham Əliyev Türkmənistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

19-01-2011 | 18:34        

  


 Prezident İlham Əliyev yanvarın 19-da Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Toyli Komekovun etimadnaməsini qəbul edib.
Səfir Toyli Komekov fəxri qarovul dəstəsinin qarşısından keçib.
Toyli Komekov etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Türkmənistan arasında fəal əməkdaşlığın həyata keçirildiyini, siyasi münasibətlərimizin yaxşı səviyyədə olduğunu, iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin dinamizminin bundan sonra da qorunacağına, dost və qardaş xalqlarımız arasında münasibətlərin gündəliyinin genişlənəcəyinə və bu münasibətlərin daha da irəli gedəcəyinə ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı Toyli Komekovun Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib və səfirə fəaliyyətində uğurlar arzulayıb.
Səfir Toyli Komekov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. Toyli Komekov səfir kimi Azərbaycanda fəaliyyətə başlamasından şərəf hissi duyduğunu bildirib. O, əvvəllər Xəzər məsələsi ilə bağlı azərbaycanlı həmkarları ilə Bakıda çalışdıqlarına toxunaraq Azərbaycanın sədrliyi ilə Xəzəryanı ölkələrin Bakı sammitinin yüksək səviyyədə təşkil olunduğunu və bu sammitdə imzalanan hüquqi sənədin əhəmiyyətini xüsusi vurğulayıb.
Dövlətimizin başçısı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş edib.