Rəsmi xronika

Prezident İlham Əliyev İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

19-01-2011 | 18:31        

  

Prezident İlham Əliyev yanvarın 19-da İsveçrənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Sabine Ulmann Şabanın etimadnaməsini qəbul edib.Səfir Sabine Ulmann Şaban fəxri qarovul dəstəsinin qarşısından keçib.
Xanım Sabine Ulmann Şaban etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı Azərbaycan ilə İsveçrə arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğulayaraq bildirib ki, ölkəmiz bu əməkdaşlığı bir çox sahələrdə genişləndirmək əzmindədir.
Azərbaycan ilə İsveçrə arasında əlaqələrin yaxşı səviyyədə olması ilə bağlı dövlətimizin başçısının dediyi fikirləri təsdiqləyən səfir müxtəlif səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin ölkələrimiz üçün əhəmiyyətini vurğulayıb. Xanım Sabine Ulmann Şaban əlaqələrimizin bundan sonra da inkişaf etdirilməsinin önəmli olduğunu bildirib.
Son illər ərzində münasibətlərimizin dinamik şəkildə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı iki ölkə arasında əlaqələrin tərəfdaşlıq xarakteri aldığını deyib və prezidentlər səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlərin önəmini qeyd edib. Azərbaycandakı diplomatik fəaliyyəti müddətində əlaqələrimizin uğurla inkişaf edəcəyinə əminliyini bildirən Prezident İlham Əliyev səfirə işində uğurlar arzulayıb.