Siyasət

İKT Pİ Xocalı faciəsini insanlığa qarşı törədilmiş cinayət kimi tanımağa çağırıb

19-01-2011 | 16:52        

  

Əbu Dabidə İslam Konfransı Təşkilatı Parlament İttifaqının 13-cü sessiyası keçirilib. Sessiyanın sonunda Şura Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı müddəanın əks olunduğu, üzv dövlətləri Xocalı faciəsini “insanlığa qarşı törədilmiş kütləvi cinayət” kimi tanımağa çağıran Əbu Dabi Bəyannaməsi qəbul edib. İslam Konfransı Təşkilatı Parlament İttifaqının 13-cü sessiyası çərçivəsində qurumun siyasi məsələlər daimi komitəsində, ardınca isə şuranın toplantısında Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul edilmiş sənədlərinin yerinə yetirilməsinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin bütün humanitar normalara uyğun yurd-yuvalarına qaytarılması ilə bağlı çağırış edilən, eləcə də İKT Gənclər Forumunun təşəbbüsü ilə irəli sürülən “İslam Konfransı Təşkilatı Parlament İttifaqı ilə qurumun Gənclər Forumu arasında əməkdaşlıq” haqqında qətnamə layihələri qəbul olunub. Sonuncu qətnamə forumun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” kompaniyanın tərkib hissəsidir. Qətnamədə 51 dövlətin parlamenti Xocalı faciəsini insanlığa qarşı törədilmiş cinayət kimi tanımağa çağırılıb. Qətnamənin 3-cü bəndində deyilir ki, üzv parlamentlər erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğını “insanlığa qarşı törədilmiş cinayət” kimi tanıyır. Bundan başqa, parlamentlərarası platforma üzv dövlətləri milli səviyyədə qeyd olunan cinayətə lazımi qiymət verməyə çağırıb. Şuranın toplantısında hər iki qətnamə təsdiqlənib. Eləcə də yekun Əbu Dabi bəyənnaməsi qəbul olunub ki, burada da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müddəalar əksini tapıb. İclasda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyasına dəstək olaraq üzv dövlətləri faciəni “insanlığa qarşı törədilmiş kütləvi cinayət” kimi tanımağa çağıran Bəyannamə qəbul edilib. Şura Leyla Əliyevanın fəaliyyətini də yüksək qiymətləndirib və bu sözügedən qətnamədə qeyd olunub. İKT Gənclər Forumunun baş katibi Elşad İsgəndərov bildirib ki, təşkilatın Xocalı faciəsini “İnsanlığa qarşı cinayət” kimi tanıması qurumun bu məsələdə prinsipial mövqeyini bir daha nümayiş etdirməklə faciənin siyasi tanınması prosesini praktik müstəviyə keçirir. Qətnamədə təşkilata üzv parlamentlərə bir baha edilən çağırış faciənin milli  səviyyədə hüquqi və siyasi tanınması mərhələsini açır. Bu isə Xocalı faciəsinin erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı soyqırım siyasətinin tərkib hissəsi kimi tanınması və cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb olunması baxımından yeni mərhələdir.