Siyasət

20 yanvar şəhidlərinin xatirəsi Dubayda anılıb

19-01-2011 | 15:41        

  


Qanlı 20 yanvar faciəsi qurbanlarının xatirəsi Birləşmiş Ərəb Əmirliklərində də hörmətlə yad edilib. Anım mərasminidə bu ölkədəki Azərbaycan səfirliyinin əməkdaşları, diaspor fəalları və çoxsaylı rəsmi qonaqlar iştirak edib. Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli Səfiri E.Qəhrəmanov Mərasimi giriş sözü açaraq, 21 il öncə baş vermiş qanlı hadisələrlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verdi. Səfir bildirdi ki, erməni terrorçuları və onların SSRİ-dəki havadarları, yazdıqları məkrli ssenarini axıra qədər reallaşdıra bilmədilər. Tankla, silah-sursatla, əli yalın, dinc insanlara atəş açmaqla  Azərbaycan xalqının azadlıq arzusunu boğmaq mümkün olmadı. Beləliklə də, 1990-cı ilin 20 yanvarı  Dövlətimizin tarixinə hüzn günü olmaqla yanaşı həm də dönüş nöqtəsi kimi həkk edildi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev, Azərbaycan tarixinin hər bir önəmli hadisəsinə olduğu kimi Qanlı yanvar faciəsinə də xüsusi həssaslıqla yanaşdı. Səfir E.Qəhrəmanov, Yanvar hadisələrinə obyektiv siyasi hüquqi qiymətin, məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra verildiyini  diqqətə çatdırdı. Faciənin il dönümü ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, hadisələrin canlı şahidləri xatirələrini mərasim iştirakçıları ilə bölüşdülər. Tədbir, 20 yanvar faciəsindən bəhs edən filmin nümayişi ilə yekunlaşdı.