Siyasət

Ombudsman “20 yanvar” hadisələrinin 21-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

19-01-2011 | 15:27        

  

Ombudsman Elmira Süleymanova 1990-cı il 20 yanvar hadisələrinin 21-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Bəyanat beynəlxalq təşkilatlara və müxtəlif ölkələrin ombudsmanlarına da ünvanlanıb.

Bəyanatda bildirilir ki, 20-ci  əsrdə törədilən ən qanlı terror aktlarından biri olan bu faciədə Azərbaycan xalqına qarşı işlədilən cinayət, əslində bütün bəşəriyyətə, humanizmə, ümumən insanlığa qarşı həyata keçiril müdhiş bir əməldir. Zorakılığın, qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətlilərindən biri olan bu müdhiş hadisə xalqımızın qan yaddaşına əbədi həkk olunub, Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi kimi tariximizə həm də qürur günü kimi yazılıb. Bəyanatda 20 yanvar hadisələri zamanı Sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı törədilən vəhşiliklər barədə geniş məlumat verilir, bu faciə bəşər tarixində dövlətin öz vətəndaşlarına qarşı törətdiyi ən ağır cinayətlərdən biri, misilsiz vəhşilik nümunəsi, insanlığa qarşı yönəlmiş aksiya kimi Sovet hakimiyyətinin bədnam tarixinin qara səhifələrindən biri kimi dəyərləndirilir.

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, AŞ-a, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, diaspor təşkilatlarına ünvanlanıb.