Xarici xəbərlər

Ermənistanda siyasi məhbuslar məsələsi yenə də gündəmdədir

19-01-2011 | 13:46        

  

 

Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberqin Ermənistana səfəri çərçivəsində paytaxt İrəvanda etiraz aksiyası keçirilib. Ermənistanda siyasi məhbusların müdafiəsi üzrə komitəsi tərəfindən təşkil edilən piket Avropa təmsilçisinin yerləşdiyi mehmanxana qarşısında baş tutub.

Paytaxt İrəvanda keçirilən piketə sabiq siyasi məhbuslar və müxalifət nümayəndələri qatılıblar. Onlar bu aksiya ilə Ermənistanda səfərdə olan Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberqin diqqətini siyasi məhbuslar məsələsinə yönəltməyə çalışıblar. Aksiyaçılar Avropa Şurası nümayəndəsindən rəsmi İrəvana təzyiq göstərilməsini tələb ediblər. Siyasi məhbuslar Tomas Hammarberqə məktub da ünvanlayıblar. Məktubda Ermənistanda insan hüquqlarının pozulması və rəsmi İrəvanın siyasi baxışlarına görə insanları həbs etməsi xüsusilə qeyd edilir. Avropa Şurası təmsilçisindən siyasi məhbusların azad edilməsi üçün qurumun nüfuzundan istifadə etməsi xahiş olunur. Öz növbəsində Avropa Şurasının insan hüquqları üzrə komissarı da  Ermənistanda siyasi məhbusların mövcudluğundan narahatlığını ifadə edib. O, mart hadisələri zamanı 10 nəfərin ölümündə günahı olanların hələ də cəzalandırılmamasını kəskin pisləyib.  Hammerberq bildirib ki, İrəvana səfərinin əsas məqsədi 1 mart hadisələrinin araşdırılması istiqamətində işlərə nəzarət etmək, ölkədə mətbuatla bağlı vəziyyəti və Ermənistan ordusunda zorakılıq faktlarını araşdırmaqdır. Tomas Hammarberq müxalifət lideri Levon Ter-Petrosyanla da görüşüb. Bu arada erməni ordusunda son hadisələr Ermənistan prezidenti Serj Sarkisyanı çətin vəziyyətə salıb. Jamanak qəzetinin yazdığına görə, Sarkisyanın özü etiraf edib ki, Silahlı Qüvvələrin baş qərargahının rəhbəri Yuri Xaçaturovu işdən azad edərək, onun yerinə yeni rəhbəri təyin etməkdə çətinlik çəkir. Sarkisyan hər an baş qərargahın rəhbərini istefaya göndərə biləcəyini, lakin ölkədə hərbi mütəxəssisin çatışmaması səbəbindən onu əvəzləyəcək şəxsin olmadığını deyib.