Siyasət

20 Yanvar hadisələrindən 21 il ötür

19-01-2011 | 13:35        

  

20 Yanvar hadisələrindən 21 il ötsə də, o tarixin hər bir səhifəsini vərəqləmək və təhlil etmək bu gün də aktualdır. Bu gecənin içində yüz illərin zülmətini yox edən Vətən övladlarının keçdiyi yol bu mənada həmişə örnəkdir. Elə bu səbəbdəndir ki, xalqımız o qanlı şənbə gecəsində şəhidlik zirvəsinə ucalanların xatirəsini həmişə əziz tutur. Hər il 20 Yanvarın dövlət səviyyəsində qeyd olunması, yüz minlərlə insanın Şəhidlər Xiyabanına üz tutması da bu həqiqətin bariz ifadəsinə çevrilir. Yenidən 20 Yanvardan danışırıq. 21 il sonra Azərbaycanın yeni tarixinin qanlı və şərəfli səhifəsini yenidən vərəqləyirik, həmin gecənin qurbanlarını yad edirik. Bəli, xalqımız 20 Yanvar hadisələrinin növbəti ildönümünü həm təəssüflə, həm də qürurla qeyd edir. Bir daha aydın olur ki, bu xalq həmrəylik, birlik nümayiş etdirəndə daha qüdrətli, daha əzəmətli, daha yenilməz olur. Və bu birliklə ən qəddar, ən zalım, ən hiyləgər düşməni belə enmək, məğlub etmək, bütün dünyanın gözü qarşısında ifşa etmək olar. Elə 20 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə əsl qeyrət nümayiş etdirən, Sovet imperiyasının müstəmləkə siyasətinə etiraz edən, Vətənin azadlığı, istiqlaliyyəti üçün azadlıq mücadiləsinə qalxan insanların böyüklüyü onların çəkici bir zindana vurmağı deyildimi? Bu insanlar sovet rejiminin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliyi yalın əllə olsa da, bir yumruq kimi birləşmiş halda boğmaq istədilər. Həmin gün yaşadığımız dünyanın, bütün maddi aləmin ən ucası, ən şərəflisi olan insan və onun Azərbaycan adlı məkanda maddiləşmiş ruhu öz ucalığını, öz əzəmət və qüdrətini bir daha aləmə car çəkdi. Ulu Tanrını çağırıb “Haqq yerdən daha genişdir”, “Haqqın hökmü qiyamətə qədərdir” deyə haqqa gedən yolun buxovlarını qırmaq üçün qəhramanlıq türküsü oxuya-oxuya, rəşadət, azadlıq marşı hayqıra-hayqıra, qırx il qul kimi yaşamaqdansa, şərəfli ölümü üstün tutanlar sovet hərb maşınına – sovet imperiyasının gözləri qan çanağına dönmüş, insan qanına susamış topuna, tankına qarşı birgə sipər çəkdilər. Və tariximizin qanla yazılmış rəşadətli gecəsiylə heyran qoydular dünyanı, köləlik zəncirini parçalayaraq ayaqlar altina səpələdilər. Azadlığa, istiqlala açılan güllələri susdurmaq, bu xəyanəti boğmaq üçün ürəklərini birgə məşəl edib o gecəni işıqlandırdılar.....

O gecə 147 mülki vətəndaş qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. O müdhiş gecədə sovet qoşun huissələri 200 mənzil və evi, 80 avtomaşını, o cümlədən təcili yardım maşınlarını, külli miqdarda şəxsi və dövlət əmlakını məhv etdilər...  

Bəli, milli ruhumuzdan və milli varlığımızdan, vətən sevdasından qopan şəhidliyimizin 21 yaşı var bu gün. Bu gün həm də 20 Yanvar gecəsində doğulan Azərbaycan övladları 21 yaşında – igidlik yaşındadırlar. Kim inanmır ki, bu igidlər Şuşaya qələbə bayrağı ilə girməyəcəklər!...   

 


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR