Xarici xəbərlər

Dünyanın bir sıra ölkələrində daşqınlar dağıntılara səbəb olub

19-01-2011 | 13:05        

  


Avstraliyanın Kvinslənd ştatında baş verən daşqınlar indi də Viktoriya ştatını cənginə alıb. Bölgədə olan Loddon və digər çaylar məcrasından çıxıb. Kerang şəhərinin sakinlərinə evlərini tərk etmək barədə xəbərdarlıq edilib. Avstraliyanın fövgəladə xidmətinin məlumatına görə, şəhərdə 140 evin su altında qalma təhlükəsi var. Həmçinin daşqınlar şəhəri ətraf ərazidən təcrid edə bilər. Ümumilikdə isə, təbii fəlakət Viktoriya ştatının 58 şəhərinə ciddi ziyan vurub. Hazırda bu ərazilərdə 22 yardım mərkəzi fəaliyyət göstərir. Kvinsled ştatının ən böyük şəhəri olan Brisben və yaxınlıqdakı İpsviç şəhərində isə daşqınlardan sonra güclü qasırğa baş verib.  Qasırğanın episentrində küləyin sürəti saatda 95 kilometr olub. Güclü külək ağacları kökündən çıxaraq evlərin və avtomobillərin üzərinə aşırıb. Bölgədə 24 min ev və ofis işıqsız qalıb. Braziliyada isə daşqın və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı artaraq 711 nəfərə çatıb. Xilasedicilər yaşayış məntəqələrinin palçıqdan təmizlənməsini davam etdirirlər. 200 nəfərin itkin düşdüyü bildirilir. Yerli hakimiyyət orqanları həlak olanların hamısının cəsədlərinin tapılmadığını açıqlayıb. Dağlardakı yaşayış məntəqələrinin palçıq və daş uçqunları altında qalması cəsədlərin çıxarılmasını çətinləşdirib. Bu ərazilərə texnika da cəlb edilməyib. Təbii fəlakət Nova-Friburqu, Terezopolis və Petropolis şəhərlərinə daha çox ziyan vurub. Fəlakət bölgəsinə humanitar yardımlara başlanılıb. Bu arada isə Amerika Birləşmiş Ştatlarının şimal-şərq bölgələrinə buz yağışı yağıb. Nəticədə kütləvi avtoqəzalar qeydə alınıb. Pittsburqdakı yolların birində vəziyyət daha kəskin olub. Ağaclara çırpılan avtomobillər sürüşərək bir yerə toplanıblar. Nəticədə buz tutan yolda tıxac yaranıb. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.