Cəmiyyət

“Şəhidlər Xiyabanı” anım gününə hazırdır

19-01-2011 | 13:02        

  

 

Hazırlıq işləri çərçivəsində xiyabanın ətrafı təmizlənir, təmir və abadlıq işləri görülür. Paytaxtın  mənzil kommunal təsərrüfat idarələrinin əməkdaşları xiyabanda təmizlik işlərinin aparılmasına cəlb edilib. Təmizlik işləri Şəhidlər Xiyabanının girişindən şəhidlərin ruhunu əbədiləşdirmək məqsədilə ucaldılan abidə kompleksinə kimi olan ərazini əhatə edir.

Hazırlıq işləri başa çatmaq üzrədir. Ötən illərdən fərqli olaraq bu il də Şəhidlər Xiyabanında yaradılan kompozisiya bir qədər fərqlidir. Bu dəfə ərazidə ağ və qırmızı qərənfillərdən xalça və yanan şamlar kompozisiyası yaradılıb. Bu  təsviri yaratmaq üçün isə minlərlə qərənfildən istifadə olunub. Bu il də xiyabanın bəzədilməsi üçün güllər Bakı kəndlərindən gətirilib. Şəhidlərin ruhunu yad etmək istəyənlərin kütləvi axını artıq başlayıb. Milli matəm günü  izdiham olduğundan məktəblilər və bağça uşaqları bir neçə gün əvvəldən şəhidlərin məzarını ziyarət edir. 20 yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək. Tədbirlər planına əsasən, Bakı vaxtı ilə saat 12.00-da isə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Bakı şəhər Dövlət Yol Polis İdarəsi 20 Yanvar faciəsinin 21-ci il dönümü ilə əlaqədar paytaxt sakinlərinə müraciət edib. Yanvarın 20-də səhər 8.00-dən mərasim başa çatanadək paytaxtın bəzi yollarında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Belə ki, Mikayıl Müşfiq küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsində, Mikayıl Müşfiq dairəsinin Mətbuat prospekti ilə kəsişməsində, Teleteatr binası qarşısında, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsində və Parlament prospektinə bitişik küçə və yolların Şəhidlər Xiyabanı istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq, istiqamət dəyişdiriləcək. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt sakinlərinə müraciət edərək, yanvarın 20-də adıçəkilən küçə və prospektlərdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, daha çox ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verməyə çağırıb. “ Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tədbirlər planına əsasən, Abşeron şəhərətrafı zonada saat 6:00-dan 23:00-dək hərəkət edən elektrik qatarlarında gediş –gəlişin pulsuz təşkili həyata keçiriləcək.