Rəsmi xronika

Prezident İlham Əliyev Türkiyə Jandarm Qüvvələrinin Baş komandanı, ordu generalı Necdet Özelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

18-01-2011 | 19:44        

  

 

Prezident İlham Əliyev yanvarın 18-də Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş komandanı, ordu generalı Necdet Özelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş komandanı, ordu generalı Necdet Özel yeni vəzifəyə təyin olunduqdan sonra ilk xarici səfərini dost və qardaş Azərbaycana etdiyini vurğulayaraq Azərbaycanı ikinci vətən saydıqlarını deyib. O, Türkiyədə gənc nəslin də bu ruhda yetişməsinə çalışdıqlarını bildirib. Necdet Özel səfər zamanı əməkdaşlığımızın inkişafına dair çox yaxşı müzakirələr apardıqlarını da qeyd edib.

Dövlətimizin başçısı Türkiyənin yüksək rütbəli rəsmilərinin ilk xarici səfərlərini Azərbaycana etməsinin artıq yaxşı bir ənənə halını aldığını dedi. Ölkələrimizin dostluq və qardaşlıq münasibətlərinin insanlar arasında da özünü büruzə verməsindən məmnun olduğunu deyən Prezident İlham Əliyev hər iki ölkə rəsmilərinin sıx əlaqələrinin yaradılmasının vacibliyini bildirib. Necdet Özelin Azərbaycana səfərinin ölkəmizi yaxından tanımaq üçün yaxşı imkan yaratdığını qeyd edən dövlətimizin başçısı qonağın azərbaycanlı həmkarları ilə səmərəli əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edib.