Cəmiyyət

“Magistr” xüsusi buraxılışının 2-ci sayı nəşr olunub

18-01-2011 | 18:52        

  

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  “Magistr” xüsusi buraxılışının 2-ci sayını nəşr edib. Nəşrdə 2011/2012-ci tədris ili üçün magistratura pilləsinə qəbulu elanı, bakalavr üçün təlimat, “Bakalavrın elektron ərizəsi”nin doldurulma qaydası və formasının nümunəsi, ümumi intellekt səviyyəsini, informatika, riyaziyyat və xarici dili bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri və onların düzgün cavabları çap edilib. Magistratura pilləsinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi aparılır. Bunun üçün bakalavr ödəmə kartından istifadə etməklə Komissiyasının internet səhifəsində "Bakalavrın elektron ərizəsi" formasını doldurur. Bakalavrlar ərizələrini təsdiq etdirmək üçün yanvarın 25-dən fevralın 7-dək “TQDK-nın ödəmə kartı”nı və tələb olunan sənədləri sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına şəxsən təqdim etməlidirlər. Qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçiriləcək. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır. Birinci mərhələnin imtahanı fevralın 20-də keçiriləcək. Bu mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, həmçinin ümumi intellekt səviyyəsini yoxlayan testdən topladığı bal 20-dən, informatika üzrə testdən topladığı bal 10-dan, xarici dil üzrə testdən topladığı bal 10-dan az olmayan bakalavrlar qəbul imtahanının ikinci mərhələsinə buraxılırlar. Seçdiyi ixtisasların hər hansı biri üzrə müsabiqədə iştirak etmək üçün isə bakalavrın iki mərhələ üzrə imtahanlardan topladığı ballarının cəmi 75-dən, o cümlədən ixtisas üzrə  topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın ingilis dilindən topladığı bal da ən az 20 olmalıdır.