Cəmiyyət

BİŞKEKDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏ HƏSR OLUNMUŞ KİTABIN II CİLDİ ÇAPDAN ÇIXIB

07-01-2011 | 14:31        

  

Qırğızıstanın paytaxtı Bişkekdə ulu öndər Heydər Əliyevə həsr olunmuş “Dünya siyasətinin zirvəsini fəth edənlər” kitabının ikinci cildi rus dilində çapdan çıxıb. Kitab Bişkekdə fəaliyyət göstərən Türkdillli Ölkələrin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Bişkekdəki “Biyiktik” nəşriyyatında işıq üzü görüb.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı nəşr olunan 515 səhifəlik “Dünya siyasətinin zirvəsini fəth edənlər” kitabı nəfis şəkildə 5 min tirajla çap olunub. Kitabın tərtibçiləri Hüsrət Məmmədov və Cumadin Kadırovdur. Kitabda müasir Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı geniş və əhatəli materiallar verilib, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin bəhrələri, sosial sahədə aparılan islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ölkəmizin təşəbbüsləri, ermənilərin zaman-zaman xalqımızın başına gətirdiyi faciələr, həmçinin tariximiz, mədəniyyətimizlə bağlı əhatəli materiallar verilib.
“Heydər Əliyev islahatçı kimi”, “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır”, “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin yeri və əhəmiyyəti”, “Xəzərin hüquqi statusunun müəyyən edilməsində Azərbaycan xarici siyasətinin təhlili”, “Dünya siyasətində Azərbaycan nefti”, “Əsrin müqaviləsi haqqında” və bir sıra digər mövzularda materiallar da kitabda özünə yer alıb.
Kitabın 1-ci cildi təxminən 10 gün əvvəl çapdan çıxıb və kitabın hər iki cildinin Azərbaycan, Qırğızıstan və Özbəkistanda pulsuz yayılması nəzərdə tutulub.