Mədəniyyət

Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Rza Deqatinin Azərbaycana həsr olunan fotosərgisinin və iki kitabının təqdimatı olub

29-11-2014 | 11:36        

  

 

Noyabrın 28-də Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Rza Deqatinin Azərbaycana həsr olunan fotosərgisinin və iki kitabının təqdimatı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər. Parisin məşhur “Pote Pale” sərgi-muzey kompleksində dünya şöhrətli fotoqraf Reza Deqatinin bu sərgisi artıq neçə gündür ki, Fransa ictimaiyyətinin, Paris sənətsevərlərinin, xüsusilə nüfuzlu media orqanlarının diqqət mərkəzindədir. Bunu sərginin açılış mərasiminə gələn qonaqların sayından da aydın görmək olurdu. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə birlikdə Fransanın tanınmış ictimai  və mədəniyyət xadimlərinin bu tədbirə qatılması bir daha Reza Deqatinin sənətinə və onun mövzularına olan maraqdan qaynaqlanırdı. Tədbirin aparıcısı ölkəmiz, onun zəngin mədəniyyəti və tarixi barədə qonaqlara məlumat verib. Bildirib ki, Reza Deqatinin bu sərgisi Paris sənətsevərləri tərəfindən böyük maraqla qarşılanır. “Pote Pale” sərgi-muzey kompleksinin direktoru Kristof Löğibo bildirib ki, Reza Deqatinin fotoları hər zaman Fransa mədəni mühitində öz məxsusiliyi ilə fərqlənib və bu amil fotoqrafa sənət dünyasında böyük maraq oyadıb. Kristof Löğibo dünya şöhrətli fotoqrafın sərgisinin bu sərgi salonunda keçirilməsindən məmnunluğunu ifadə edib. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bildirib ki, idealist, humanist ideyaların, bəşəri hisslərin tərənnümçüsü olan Reza Deqati ölkəmizə olan sonsuz məhəbbəti ilə də tanınır. Bütün dünyaya məxsus olan bu istedadlı insanın çəkdiyi fotoların hər yerdə maraqla qarşılandığını deyən səfir onun yaradıcılığında Dağlıq Qarabağ münaqişəsinə də yer verməsini xüsusi vurğulayıb. Bildirib ki, Qarabağ müharibəsi və Xocalı soyqırımının əks olunduğu bu fotolar faciənin miqyasını daha aydın əks etdirir. Elçin Əmirbəyov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də danışıb, ölkəmizin 20 faiz ərazisinin işğal olunduğunu, xalqımıza qarşı etnik təmizləmə siyasətinin aparıldığını bildirib. Parisin 8-ci rayonunun meri Jann Doteser qeyd edib ki, Azərbaycan mədəniyyəti və incəsənəti ilə dünyada məşhurdur və bu sərgidə təsvir olunan Azərbaycan mənzərələri də ölkəmizin humanizm ideyalarına bağlılığından xəbər verir. Mer Fransa ilə Azərbaycan arasındakı münasibətlərin genişləndiyini deyib və bunun da mədəniyyət sahəsində özünü daha çox büruzə verdiyini vurğulayıb. Qeyd edib ki, bu amil hər iki ölkənin mədəniyyətinin birgə təmasından qaynaqlanır. “Son illərdə Fransa ilə Azərbaycan arasında əlaqələr genişlənir və bu məsələdə mədəniyyətin xüsusi çəkisi var”-deyən Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan Fransua Mansel  Heydər Əliyev Fondunun Fransada Azərbaycan mədəniyyətinin təbliğinə xüsusi diqqət göstərdiyini vurğulayıb. Sərginin işinə uğurlar arzulayan assosasiya sədri qeyd edib ki, Reza Deqatinin bugünkü sərgisi Azərbaycanı yüksək səviyyədə tərənnüm edir. Sərginin təşkilinə görə Heydər Əliyev Fondu və onun prezidenti Mehriban  Əliyevaya minnətdarlığını bildirən dünyaşöhrətli fotoqraf Reza Deqati Azərbaycanın çox tolerant, gözəl və zəngin ölkə olduğunu deyib. “Həyatımın böyük hissəsi münaqişə zonalarında keçib. Münaqişələr zamanı çəkdiyim hər bir foto mənə o münaqişəni yaşadıb.”- deyən Reza Deqati bildirib ki, Dağlıq Qarabağ münaqişəsi zamanı yaşadıqları anlar həyatının acı mərhələsidir. Ölkəmizin bu münaqişədən əziyyət çəkdiyini, Azərbaycanın ərazisinin bir hissəsinin ermənilər tərəfindən işğal olunduğunu, münaqişə nəticəsində azərbaycanlıların öz ata-baba yurdlarından didərgin düşdüyünü deyən dünya şöhrətli fotoqraf Xocalı soyqırımı barədə danışıb. “Xocalıda gördüklərim hafizəmdə əbədi qalıb və məni vadar edib ki, bu faciəni bütün dünyaya çartdırım”-deyən Rza Deqati Xocalı soyqırımının şahidləri və qurbanlarının yaradıcılğının əsas qəhramanları olduğunu söyləyib.  Sərgi çərçivəsində Rza Deqatinin iki kitabının təqdimatı da olub.  Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunan “Odun cazibəsi” və “Günahsızların qırğını” kitablarında Rza Deqatinin bu sərgidə nümayiş olunan fotoları toplanıb. Sərgidə Rza Deqatinin 1987-ci ildən başlayaraq Azərbaycana səfərləri zamanı çəkdiyi fotolar nümayiş etdirilirdi. Fotolarda Azərbaycanın rayonları, ucqar kəndləri, sadə insanların həyat tərzi, adət-ənənələri və digər məqamlar əksini tapıb. Müəllif, eyni zamanda milli rəqslər, konsert, tamaşa, sərgi və digər müxtəlif tədbirlərdən çəkdiyi fotolarla Azərbaycan mədəniyyətinin mənzərəsini yaradıb. “Günahsızların qırğını” kitabında isə fotojurnalistin 1992-ci ildə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı zamanı lentə aldığı görüntülər toplanıb. Sərgi zamanı qonaqlara təqdim olunan bu fotolarda qətlə yetirilən insanların, onların ailə üzvləri və qohumlarının acılarını, Xocalıdan didərgin düşən sakinləri, onların məskunlaşdığı yaşayış yerlərini, çətin və əziyyətli həyat tərzini əks etdirən fotolar oxuculara faciənin ağrısını çatdırır. Kitabda, həmçinin Xocalı soyqırımının dünyada tanınması məqsədilə müxtəlif ölkələrdə keçirilən tədbirlərdən, qaçqın və məcburi köçkünlər üçün şəhərcikdən fotolar da yer alıb. Onu da deyək ki, tanınmış fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. 2013-cü ildə isə Parisdə Rza Deqatinin “Azərbaycan. Tolerantlıq məkanı” sərgisi keçirilib. Açılış mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak edib. Həmin sərgi sonralar Moskvada, İsrailin müxtəlif şəhərlərində, eləcə də BMT-nin mənzil qərargahında, Avropa Parlamentində nümayiş olunub. Reza Deqatinin “Talelərin qovuşması”, “Müharibə+Sülh”, “Ümid”, “Qəlbin pəncərəsi” kimi layihələri dünyada məşhurdur. O, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin üzvü, bir çox nüfuzlu universitetlərin fəxri doktoru, Fransa Respublikasının “Xidmətlərə görə” ordeninin laureatıdır. Sərgi dekabrın 7-dək davam edəcək.