Siyasət

Dünya Azərbaycanlıları 20 yanvar şəhidlərinin xatirəsini yad edəcəklər

18-01-2011 | 15:15        

  

20 yanvar Faciəsinin 21-ci ildönümü münasibətilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız anım mərasimləri keçirir, şəhidlərin xatirəsini yad edir, bir sıra tədbirlər vasitəsilə bu faciə haqqında yaşadıqları cəmiyyəti, digər xalqların diaspor təşkilatlarını məlumatlandırırlar.

20 Yanvar faciəsi şəhidlərinin xatirəsi hər il olduğu kimi bu il də Rusiya Federasiyasının bir neçə şəhərində anılacaq. Moskvadakı Bakı kinoteatrında Azərbaycanın Rusiyadakı Səfirliyi ilə Ümumrusiya Azərbaycan Konqresi  birlikdə müxtəlif anım tədbirləri təşkil edəcəklər. Kiyev şəhərində də Ukrayna Azərbaycanlıları Konreqsinin Azərbaycanın bu ölkədəki Səfirliyi ilə birgə təşkil edəcəyi mərasimdə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılacaq, faciəyə həsr edilən dəyirmi masa keçiriləcək, şəhid olmuş insanların qəhrəmanlığından bəhs edən ədəbi-bədii tamaşa nümayiş etdiriləcək. Minskdə də Belarus Azərbaycan İcmaları konqresi 20 yanvar faciəsi qurbanlarının xatirəsini Azərbaycanın bu ölkədəki Səfirliyi ilə birlikdə yad edəcək. Anım mərasimində  faciədən bəhs edən sənədli film göstəriləcək.  Benilüks Azərbaycanlıları Konqresi  Niderlandın Amsterdam şəhərində xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsinin 21 illiyi münasibətilə “Benilüks News” qəzetinin 20 Yanvar faciəsinə həsr olunan xüsusi buraxılışını nəşr edəcək və poçt vasitəsilə geniş auditoriyaya yayacaq. Bu ölkənin Den Haaq şəhətində isə Hollandiya Azərbaycanın Türk Kültür Dərnəyi anım tədbiri keçirəcək. 20 yanvar faciəsinin 21-ci il dönümü Avropanın digər ölkələrində yaşayan soydaşlarımız tərəfindən də anılacaq. Fransa, Finlandiya, Danimarka, İsveç, Estoniya, Litva, Latviya, Macarıstan, Rumıniya, Moldova, Polşa, Almaniyada  faciə qurbanlarının xatirəsi yad edilərək, həmin gecənin dəhşətlərini əks etdirən filmlər nümayiş etdiriləcək.  Eyni zamanda yanvarın 20-də Frankfurtdakı Höte Universitetinin kitabxanasında Azərbaycan bölməsinin açılışı olacaq. 20 yanvar faciəsini anma mərasimlərinə Kanadakı Kvebek Azərbaycanlıları Assosiasiyası, ABŞ-ın Nyu York şəhərindəki “Amerika Azərbaycanlıları Cəmiyyəti”, Azərbaycan Nyu-York Assosiasiyası, Los-Anclesdə “Amerika-Azərbaycan Şurası”, Hyuston–Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası da keçirəcəkləri tədbirlərlə qatılacaq.

Faciənin 21-ci ildönümü Türkiyənin müxtəlif yerlərində də qeyd olunacaq. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasına üzv olan təşkilatlar İstanbul, İzmit, İzmir, Manisa, Çanaqqala, Bakıkesir, Muğla, Iqdır, Adana, Hatay, Aydın, Kocaeli və digər şəhərlərdə anım tədbirləri keçirəcəklər. Yanvarın 19-da isə  Gürcüstanın Marneuli və Tbilisi şəhərində də anım tədbiri keçirəcək, fotosərgi və bədii kompozisiya təşkil ediləcək. Qazaxıstanda da 20 yanvar faciəsinin qurbanlarının xatirəsi  müxtəlif  anım tədbirləri ilə yad ediləcək.