Xarici xəbərlər

Meksikada zorakılıq hadisələri səngimir

18-01-2011 | 15:14        

  

Meksikanın Nueva Leon ərazisində  baş verən qətl hadisəsində öldürülənlərin ikisi qadın olub. Onlar silahlı qruplaşmalar arasında qarşıdurma zamanı təsadüfən gülləyə tuş gəliblər. Polisin məlumatına görə,  atışma narkokartel üzvləri arasında baş verib. Hadisə nəticəsində 9 nəfər həlak olub, 3 nəfər isə yaralanıb. Ölkənin şimalındakı Suidad Xuarez şəhərində də  vəziyyət gərgindir. Meksika Dövlət Yaşayış üzrə İnstitutunun hesablamalarına görə, bu şəhərin minlərlə sakini cinayət qruplaşmalarının fəallaşması səbəbindən evlərini tərk ediblər. Hazırda Suidad Xuarezdə 76 min boş qalmış ev var. Bu evlərdən cinayətkarlar sığınacaq kimi istifadə edirlər. Ölkənin şimal şəhərlərindəki həbsxanalardan da məhbusların kütləvi qaçışı qeydə alınıb. Ötən il 300-dən çox məhbus məhz Çiuaua, Morelos, Tenansinqo və Tamaulipasda həbsxanalardan qaçıb. Polis Tamaulipasda həbsxanadan qaçan 141 məhbusdan heç birini ələ keçirə bilməyib. Meksikanın cənub sərhədlərində isə Los Zetas narkoqruplaşmasına qarşı polisin keçirdiyi əməliyyatlar nəticəsiz qalıb. Bu qruplaşma ötən il Tamaulipasda 72 xarici vətəndaşın qətlində və Oaksakada 40 ABŞ vətəndaşının itkin düşməsində ittiham olunur.