Xarici xəbərlər

Bəzi ölkələrdə təbii fəlakətlər davam edir

18-01-2011 | 14:52        

  

Braziliyada daşqınlarla bağlı vəziyyət ağır olaraq qalır. Rio De Janeyro ştatında təbii fəlakət qurbanlarının sayı 670 nəfəri ötüb. Daşqın nəticəsində 200-dən çox insan itkin düşüb, 15 min insan isə evsiz qalıb. Sel suları minlərlə hektar əkin sahələrini və yolları yararsız hala salıb. Daşqının fəsadlarını aradan qaldırmaq üçün ordu da səfərbər olub. 5 milyon insanın yaşadığı bir neçə şəhər təbii fəlakət zonası elan edilib. Bu arada xilasedicilər palçıq altında 16 saat qalan bir nəfəri xilas edə biliblər. Avstraliyada da ölkə tarixində baş verən ən güclü daşqınlar Brizben şəhərində ciddi fəsadlara səbəb olub. Ümumilikdə, ölkənin bir çox çayları məcrasından çıxıb. Nəticədə minlərlə ev su altında qalıb, 100-lərlə ev və inzibati bina dağılıb. Daşqınlar Avropa qitəsində də həyatı iflic edib. Norveçdə qarın əriməsi səbəbindən baş verən daşqınlar yollarda nəqliyyatın hərəkətini dayandırıb. Bir çox ərazilərdə sel sularının infrastruktura daha çox ziyan vuracağı gözlənilir. Analoji vəziyyət Almaniyada da hökm sürür. Burada da sel suları ciddi problemlərə səbəb olub. Verthaym daşqınlardan ən çox ziyan çəkən şəhərdir. Hazırda buradakı çayda suyun səviyyəsi durmadan artır.  Polşada da daşqınlar fəsadlara səbəb olub. Hökumət ölkənin mərkəzi rayonlarında vəziyyətin daha ağır olacağından ehtiyatlanır. Paytaxt Varşava üçün də təhlükə yaranıb. Mütəxəssislər Visla çayının məcrasından çıxacağını bildiriblər.