Xarici xəbərlər

Tunisdə yeni hökumət qurulub

18-01-2011 | 14:50        

  

Tunisdə yeni koalisiya hökumətinin tərkibi açıqlanıb. Milli birlik hökumətində ölkədəki 3 əsas partiyanın liderləri təmsil olunur. Tunisin müxalif Demokratik İnkişaf Partiyasının sədri Nəcib Şebbi yeni təşkil olunan Milli birlik hökumətində regional inkişaf naziri postuna təyin edilib. Digər müxalifət liderləri Əhməd İbrahim və Mustafa bin Cəfər də hökumətdə vəzifə alıblar. Sabiq prezident Zin əl-Abidin Ben Əlinin hakimiyyəti dövründə yer alan daxili və xarici işlər nazirləri də vəzifələrini saxlayıblar. Yeni hökumət Tunisdə qayda-qanunun bərpasına və islahatların aparılmasına söz verib. Konstitusiya Şurası isə 60 gün ərzində ölkədə növbədənkənar prezident seçkilərinin keçiriləcəyini elan etsə də, baş nazir Məhəmməd Qannuşi seçkilərin 6 ay ərzində baş tutacağını bildirib. O, konstitusiyada seçkilərin 2 aya keçirilməsinin nəzərdə tutulduğunu, lakin bu müddətin  müvafiq islahatların aparılması və demokratik səsvermənin təşkil olunması üçün kifayət etməyəcəyini deyib. Qannuşi onu da əlavə edib ki, seçkilərin altı ay müddətinə keçirilməsi barədə razılıq hakimiyyət və müxalifət arasındakı danışıqlarda əldə edilib. Paytaxt Tunisdə isə etiraz aksiyaları səngimir. Polis aksiyaları dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etmək məcburiyyətində qalır. Ölkədə ərzaq böhranı da yaşanır. Mağazalarda ərzaq çatışmazlığı səbəbindən əhali aclıq təhlükəsi ilə üzləşib. Bu arada ölkədə dekabrın sonlarından başlayan iğtişaşlarda ölənlərin dəqiq sayı açıqlanıb.  Ölkənin daxili işlər naziri Əhməd Fria iğtişaşlarda 78 nəfərin həlak olduğunu deyib. Onun sözlərinə görə, baş verən hadisələr ölkə iqtisadiyyatına 1,6 milyard avro ziyan vurub.