Xarici xəbərlər

Haitidə vəba epidemiyası qurbanlarının sayı artır

18-01-2011 | 14:41        

  

Haitidə vəba epidemiyası nəticəsində ölənlərin sayı 3900 nəfərə çatıb. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, epidemiyaya 200 minə yaxın insan yoluxub. Epidemiyadan ən çox ziyan çəkən isə Artibonit departamentinin sakinləridir. Burada vəbadan ölənlərin sayı 851 nəfərə çatıb. Ölkənin şimal və qərb bölgələrində isə vəba 1190 nəfərin həyatına son qoyub. Ölkədə fəaliyyət göstərən humanitar təşkilatların nümayəndələri bildiriblər ki, sürətlə yayılan epidemiyanın qarşısı alınmazsa, ölkədə humanitar fəlakətin miqyası daha da dərinləşəcək. Yanvarın 11-də açıqlanan rəsmi məlumatda xəstəlikdən ölənlərin sayının 3759 nəfər olduğu bildirilirdi. Qərb yarımkürəsinin ən yoxsul ölkəsi olan Haitidə ötən ilin yanvarında baş verən dağıdıcı zəlzələdən sonra evsiz qalan 1 milyondan artıq sakinin hələ də çadırlarda yaşaması epidemiyanın qarşısının alınmasını daha çətinləşdirir. Haiti ilə qonşu Dominikan Respublikasında isə vəbaya yoluxanların sayı 170 nəfərə yaxınlaşır. Lakin bu ölkədə ölüm faktı qeydə alınmayıb.